Rus KİV-i: Ağ Ev 1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin ləğvini fəal şəkildə təşviq edir

2026/02/1770964714.jpg
Oxunub: 433     15:11     13 Fevral 2026    
Fevralın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens işgüzar səfərlə İrəvana gəlib, daha sonra isə Bakıya yollanıb. Ağ Evin məlumatına görə, bu səfər Trampın təşəbbüslərinə və ötən il ilkin razılaşmaları əldə olunmuş TRIPP (Trump Initiative for Peace and Prosperity) beynəlxalq layihəsinin irəlilədilməsinə töhfə verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Fondsk.ru” nəşri yazıb.

Nəşrə görə, əsaslı ehtimal irəli sürülür ki, öz ölkəsində ciddi problemlərlə üzləşən Tramp və komandası üçün əvvəllər elan olunmuş iddialı layihələrdən ən azı birinin “xarici konturda” uğurunu nümayiş etdirmək prinsipial əhəmiyyət daşıyır.

“Həqiqətən də, müvafiq təbliğat müşayiəti ilə Azərbaycanın əsas ərazisi, Naxçıvan muxtariyyəti və Türkiyə arasında təklif edilən “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) Ağ Evin hazırkı sahibinin ikinci prezidentlik müddətinin sonunda böyük təmtəraqla açıla bilərdi və bunun ətrafında lazımi informasiya effekti yaradılardı. Təsadüfi deyil ki, yaxın zamanda yaradılmış “TRIPP Development Company” şirkətinin mütəxəssisləri Araz çayı sahillərinə gələrək texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına və inkişaf üçün nəzərdə tutulan ərazinin öyrənilməsinə başlayıblar.


Qeyd etmək lazımdır ki, Vensin İrəvandakı görüşü açıq şəkildə yalnız “Tramp yolu” ilə məhdudlaşmırdı. Ermənistanın Baş naziri ilə danışıqlardan sonra ABŞ-nin vitse-prezidenti Ermənistanın nüvə energetikası sahəsinə iri həcmli investisiyalar barədə bəyanat verib: “Bu gün biz nüvə əməkdaşlığı sazişi üzrə danışıqların başa çatdığını təsdiqləyən, “123 sazişi” kimi tanınan bəyanatı imzaladıq. Bu, erməni və amerikalı şirkətlər üçün gələcək layihələrin həyata keçirilməsinə yol açacaq. Bu, ilkin olaraq 5 milyard dollar investisiya deməkdir və bunun ardınca daha 4 milyard dollar gələcək”.

Vensin sözlərinə görə, ABŞ və Ermənistan üçün enerji sabitliyi və təhlükəsizliyini təmin etməyə yönəlmiş qarşılıqlı faydalı proqram “o deməkdir ki, kiçik modul reaktorlar, ABŞ texnologiyaları buraya gətiriləcək. ABŞ çox az hallarda öz texnologiyalarını bu dərəcədə inamla digər ölkələrə ötürür”.

Qeyd etmək yerinə düşər ki, Rusiya əvvəllər də Ermənistan hakimiyyətinə nüvə energetikası sahəsində qarşılıqlı faydalı əməkdaşlıq təklif edib”, - deyə məqalədə qeyd edilib.

Müəllif bildirib ki, məsələn, fevralın 6-da “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Moskvada səfərdə olan Ermənistan parlamentinin sədrinə Ermənistan AES-in istismar müddətinin ikinci dəfə uzadılması üzrə işlərin gedişi barədə məlumat verib və Ermənistanda yeni atom enerji bloklarının tikintisi məsələsinə ətraflı toxunub. “Rosatom”un mətbuat açıqlamasına görə, İrəvana “böyük, orta və ya kiçik gücə malik stansiyaların tikintisini və nüvə xarakterli olmayan layihələr də daxil olmaqla əlaqəli layihələrin icrasını nəzərdə tutan kompleks əməkdaşlıq” təklif olunur.

“Daha əvvəl, 2025-ci ilin sentyabrında Moskvada keçirilmiş “Dünya atom həftəsi” çərçivəsində də Ermənistanın baş nazirinə oxşar təkliflər təqdim olunmuşdu. Son vaxtlara qədər Ermənistan hakimiyyəti dəqiq cavab vermirdi, eyni zamanda ABŞ-nin “modul” texnologiyalarına üstünlük verə biləcəyinə eyham vururdu ki, bu da təkcə iqtisadi amillərlə bağlı deyil.

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri bildirib ki, ABŞ süni zəka bulud və infrastruktur texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətə “Firebird AI” layihəsinin ikinci mərhələsinin icrası üçün ixrac icazəsi verib. 2025-ci ilin noyabrında “Firebird AI” NVIDIA çipləri ilə süni zəka üzrə böyük məlumat mərkəzinin tikintisinin birinci mərhələsi üçün icazə alaraq 500 milyon dollar ilkin investisiya elan etmişdi. Baş nazirin sözlərinə görə, “…bu, ilk növbədə, ABŞ-nin NVIDIA şirkəti üçün qürurla təsdiqlədiyi əla texniki sazişdir. Bu, həm ABŞ şirkətləri və işçiləri, həm də Ermənistan üçün yeni bazarlar və iş yerləri açır. Söhbət dünyanın bir çox ölkələrinin çıxış əldə edə bilmədiyi çiplərdən gedir. İndi bu texnologiyalar Ermənistanda yerləşdiriləcək və artıq yerləşdirilməyə başlanıb”.

Bir sıra yüksək texnologiyalı istiqamətlərin inkişafı ilə yanaşı, “Firebird” çətiri altında yaradılan infrastruktur maraqlı tərəflərə təkcə Qafqazda deyil, həm də Yaxın Şərqdə əhəmiyyətli informasiya axınlarını idarə etməyə imkan verəcək. Bu isə faktiki olaraq 2022-ci ilin aprelində imzalanmış və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı nəzərdə tutan Rusiya-Ermənistan hökumətlərarası sazişin təsirini zəiflədə bilər”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, ABŞ-nin kəşfiyyat imkanları, həmçinin Ermənistanın Baş naziri tərəfindən təsdiqlənmiş 11 milyon dollar dəyərində V-BAT kəşfiyyat pilotsuz uçuş aparatlarının satışının hesabına güclənəcək. Vens bu barədə deyib: “Sülhü təmin etməyin ən yaxşı yolu real çəkindirmə yaratmaqdır, çəkindirmə yaratmağın ən yaxşı yolu isə dünyanın ən yaxşı hərbi texnologiyalarına sahib olmaqdır”. O əlavə edib ki, Vaşinqton belə texnologiyalara malikdir və İrəvanla müdafiə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.

“Eyni zamanda, Ağ Evin fəal şəkildə təşviq etdiyi Azərbaycan-Türkiyə kommunikasiya layihələri fonunda İrəvanın ABŞ hərbi texnologiyalarının köməyi ilə konkret olaraq kimi “real şəkildə çəkindirəcəyi” sual olaraq qalır. Çətinlik çəkmədən ehtimal etmək olar ki, söhbət Rusiya və İrandan gedə bilər. Əgər əvvəllər Qərb hərbi texnologiyalarına çıxış Ermənistanın KTMT-yə üzvlüyü ilə formal şəkildə məhdudlaşdırılırdısa, indi vəziyyətin dəyişdiyi görünür ki, bu da regional balansda müəyyən dəyişikliklərə işarə edir.

Vensin nümayəndə heyətində ABŞ dövlət katibinin iqtisadi artım, enerji və ətraf mühit məsələləri üzrə müavini Ceykob Helberqin iştirakı da diqqət çəkir. Anti-Çin mövqeyi ilə tanınan “Pax Silica” təşəbbüsünün müəlliflərindən biri daha əvvəl “Palantir Technologies” şirkətinin baş direktoru Aleks Karpın baş müşaviri olub. Açıq mənbələrə görə, 36 yaşlı bu biznesmenin süni zəka, müdafiə və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən onlarla şirkətdə payı var. Onların sırasında “OpenAI”, “Anduril Industries”, “SpaceX”, “The Boring Company” və “Neuralink” yer alır.

Təbii ki, yüksək texnologiyalar və süni zəka əsasında qurulan “yeni dünya nizamı”nın tərəfdarları üçün humanitar məsələlər prioritet deyil. Vensin səfərindən əvvəl “Xristian həmrəyliyi” beynəlxalq təşkilatının nümayəndələri onun Ermənistanda din xadimlərinə qarşı təqiblərin dayandırılmasına töhfə verəcəyinə ümid etdiklərini bildirmişdilər. Lakin nə Vens, nə də Paşinyan bu mövzuda açıq bəyanat vermədi ki, bu da gözlənilən idi.

Qeyd olunduğu kimi, İrəvandan sonra ABŞ-nin vitse-prezidenti danışıqlar üçün Bakıya yollanıb. Ağ Ev 1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin ləğvini fəal şəkildə təşviq edir ki, bu da iki ölkə arasında tamformatlı hərbi-texniki əməkdaşlığa müəyyən maneə yaradır”, - deyə KİV vurğulayıb.

Müəllifin sözlərinə görə, Vensin səfəri ərəfəsində Xəzər sahillərində ABŞ Ticarət Palatasının missiyası 2025-ci ilin avqustundan bəri ikinci dəfə aparıcı yerli şirkət və qurum rəhbərləri ilə görüş keçirib.

“Görüş iştirakçıları arasında SOCAR, Dövlət Neft Fondu, “PASHA Holding” və AZPROMO da olub. Onlardan Vensin İrəvanda elan etdiyi TRIPP fonduna, dəmir yolları və boru kəmərlərinin tikintisi üçün “özəl kapital”ın cəlb ediləcəyi fonda mümkün investisiya qoymaları istənilə bilər.

Bu ideyanın nə dərəcədə həyat qabiliyyətli olacağı tam aydın olmasa da, Ağ Evin niyyətlərinin ciddiliyinə şübhə etmək çətindir. “Amerikalılar enerji daşıyıcıları ilə bütün aparıcı ölkələri və bütün qitələri təmin edən marşrutları nəzarətə götürmək istəyirlər”, - deyə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun elmi işçisi, siyasi elmlər namizədi Vahe Davtyan qeyd edib: “TRIPP faktiki olaraq Vaşinqtonun Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizində mövcudluğunu təmin edir və bu, eyni zamanda logistika, enerji, xammal və hərbi-siyasi məsələlərin bütöv kompleksini həll etməyə”, o cümlədən “Zəngəzurun faydalı qazıntıları, o cümlədən uran yataqları üzərində nəzarəti müəyyənləşdirməyə imkan verir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin