Ordu.az xəbər verir ki, bu barədə “American Thinker” nəşri yazıb.
Nəşrin analitiki Piter Kranits qeyd edir ki, məqsəd bu regionları ABŞ ilə birləşdirmək və Çinlə Rusiyanın təsirinə qarşı çıxmaqdır.
Analitikin sözlərinə görə, Vaşinqtonun Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə cavabı məhz Ermənistandan başlayır və vitse-prezident C.D. Vensin Cənubi Qafqaza səfəri də bunu elan etmək məqsədi daşıyıb.
Onun fikrincə, TRIPP (Zəngəzur dəhlizi-red.) ABŞ üçün həyati əhəmiyyət daşıyan Avrasiya təchizat zəncirlərini təmin etmək və Çinlə Rusiyanın təsirinə qarşı durmaq üçün nəzərdə tutulan geniş nəqliyyat şəbəkəsinin və iqtisadi dəhlizlərin təməl daşı ola bilər. Lakin region ABŞ-nin geosiyasi fəaliyyətinin kənar zonasında yerləşdiyi üçün TRIPP layihəsinin həyata keçirilməsi digər regional güclərin aqressiv reaksiyalarının qarşısını almaq məqsədilə praqmatik həllər və realizmə dönüş tələb edəcək.
Ermənistanın “Zham.am” nəşri yazır ki, Zbiqnev Bjezinski tərəfindən “Avrasiya Balkanları” adlandırılan geniş ərazi Türkiyənin şərqində yerləşən Ermənistan yaylasından başlayaraq Xəzər dənizi vasitəsilə cənubdan Rusiyaya və qərbdən Çinə bitişik dağ silsilələrinə qədər uzanır. Mərkəzi Avrasiya müasir böyük güclər, Çin, Rusiya, İran, Türkiyə və son illərdə ABŞ arasında rəqabətin əsas meydanına çevrilib. Region Əfqanıstan, İran və Çinlə sərhəddə yerləşməklə strateji mövqe tutur və eyni zamanda zəngin mineral ehtiyatlara malikdir. Xəzər hövzəsi dünyanın ən böyük fosil yanacaq yataqlarından biridir, Mərkəzi Asiya isə nadir torpaq elementlərinin ən zəngin ehtiyatlarını özündə cəmləyir. Analitikin fikrincə, məhz buna görə Trampın diqqəti bu regiona yönəlib.
Ermənistan KİV-i bildirib ki, region əvvəllər Sovet İttifaqının və Rusiya imperiyasının tərkibində olub. 1990-cı illərdə SSRİ dağıldıqdan sonra yeni müstəqil dövlətlər iqtisadiyyatlarını xarici investisiyalara açdılar və Çin qısa müddətdə regionun aparıcı investoruna çevrildi. Məhz Mərkəzi Avrasiyada Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qlobal strategiyasını formalaşdırıb. 2013-cü ildə Qazaxıstanın Astana şəhərində Çin prezidenti Si Cinpin İpək Yolunun İqtisadi Kəmərinin yaradıldığını elan edib və bu təşəbbüs sonradan Pekinin əsas geosiyasi layihəsinə çevrilib. Bu gün “Bir kəmər, bir yol” vasitəsilə Çin Avropa ilə yanaşı Latın Amerikası, Afrika və Asiyada da iqtisadi və siyasi təsirini genişləndirməyə çalışır. Layihənin başlanmasından etibarən Mərkəzi Avrasiya onun əsas fokus nöqtələrindən biri olaraq qalır.
“Region ölkələri, xüsusilə Qazaxıstan bu təşəbbüs çərçivəsində ən böyük maliyyə alanlar sırasındadır. 2025-ci ilin ilk yarısında Qazaxıstan altı ay ərzində təxminən 23 milyard dollar cəlb edərək Çin kapitalının dünyada ən böyük alıcısına çevrilib ki, bu da ikinci yerdə olan Tailanddan üç dəfə çoxdur. 2013-cü ildən etibarən Mərkəzi Avrasiya “Bir kəmər, bir yol” çərçivəsində 100 milyard dollardan artıq investisiya cəlb edib. Layihələrin əksəriyyəti infrastruktur, dəmir yolları, magistrallar, boru kəmərləri, sərhəd keçid məntəqələri və limanlar üzərində cəmlənib. Məqsəd Çin sənayesini regionun resursları və genişləndirilmiş nəqliyyat dəhlizləri vasitəsilə Yaxın Şərq, Avropa və digər bazarlarla birləşdirməkdir.
Hazırda ABŞ Avrasiyada Çinin artan təsirinə qarşı yenilənmiş böyük strategiya həyata keçirir. Bu strategiyaya Rusiya ilə münasibətlərin tənzimlənməsi, Avropadakı öhdəliklərin azaldılması, Yaxın Şərqdə “Avraam sazişləri”nin genişləndirilməsi, Hindistanın strateji balanslaşdırılması və Hind-Sakit okean regionunda ABŞ üstünlüyünün möhkəmləndirilməsi daxildir”, - deyə müəllif yazıb.
“Zham.am”a görə, əvvəllər Mərkəzi Asiya və Cənubi Qafqaz ABŞ xarici siyasətində ikinci dərəcəli yer tutsa da, Trampın ikinci administrasiyası dövründə bu dəyişib. Vaşinqton yeni milli təhlükəsizlik strategiyasına uyğun olaraq Çinin dominant qlobal dəyər zəncirinə qarşı iqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədilə əsas təchizat zəncirlərinə və xammala çıxışı təmin etməyə çalışır.
“Qeyd edilir ki, bu konsepsiyada region barədə geniş yazılmayıb ki, bu da Vaşinqtonun Pekinin təsirini zəiflətmək üçün Moskva ilə müəyyən kompromisə hazır olduğunu göstərir.
2025-ci ilin noyabrında prezident Donald Tramp Ağ evdə Mərkəzi Asiyanın beş dövlət başçısını qəbul edib və əsasən texnologiya inkişafı və strateji xammal hasilatı üçün nəzərdə tutulan 20 milyard dollarlıq investisiya paketi elan edib. Lakin regiona fiziki çıxış təmin etmək üçün tranzit dəhlizi yaradılmalıdır. Amerikalı analitikin fikrincə, bu rolu “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) yerinə yetirəcək.
İlk baxışda TRIPP Ermənistan kimi məhdud geosiyasi təsirə malik ölkədə həyata keçirilən kiçik infrastruktur layihəsi kimi görünə bilər. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistanın cənubundan keçməsi nəzərdə tutulan dəhliz cəmi 42 kilometrlik yol olacaq və onun tikintisi və istismarı amerikalı şirkətlər tərəfindən həyata keçiriləcək. Bu, ABŞ nəzarətində yaradılan minlərlə kilometrlik qlobal ticarət marşrutlarının yalnız kiçik hissəsidir. Lakin TRIPP ənənəvi infrastruktur layihələrindən fərqlənir. Bu marşrut Avrasiyada “Bir kəmər, bir yol” təşəbbüsünə qarşı daha geniş geo-iqtisadi və geosiyasi strategiyanın əsas elementi ola bilər. Türkiyə, Ermənistan və Azərbaycan vasitəsilə ABŞ-yə Mərkəzi Asiyaya çıxış imkanı verən bu dəhliz, eyni zamanda Rusiya, İran və nəticə etibarilə Çinlə münasibətlərdə manevr üçün strateji platforma rolunu oynaya bilər”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, marşrut Ermənistan-İran sərhədi boyunca uzanacaq və bəzi hissələrdə İran ərazisindən cəmi bir neçə yüz metr məsafədə keçəcək.
“Bu, Tehranın layihəyə uzunmüddətli və sərt etirazını izah edir. Layihə 2025-ci ilin yayında ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə zərbə endirdiyi “Midnight Hammer” əməliyyatından cəmi bir ay sonra açıqlanıb. Bundan əlavə, TRIPP-in icra mexanizmi 2026-cı il yanvarın 13-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən, İranda İslam inqilabından etibarən ən böyük etiraz aksiyaları fonunda təsdiqlənib.
TRIPP çərçivəsi göstərir ki, ABŞ bu dəhlizi ayrıca 42 kilometrlik marşrut kimi deyil, “inteqrasiya olunmuş sistem”in bir hissəsi kimi görür. Layihəyə dəmir yolu və avtomobil yolları ilə yanaşı neft və qaz boru kəmərləri, elektrik ötürücü xətlər və optik lif şəbəkələri daxildir. Bu infrastruktur inzibati strukturlar, kommunal xidmətlər və hərtərəfli müdafiə və təhlükəsizlik sistemləri ilə tamamlanacaq. “TRIPP Development Company” adlı birgə ABŞ-Ermənistan şirkəti layihəni ilkin 49 il müddətinə həyata keçirmək hüququ əldə edəcək və bu müddət daha 50 il uzadıla bilər.
Kağız üzərində TRIPP artan geosiyasi əhəmiyyətə malik regionda ABŞ-nin sabit mövcudluğunu və maraqlarını təmin etmək, həmçinin böyük güclər arasında geo-iqtisadi rəqabətin gücləndiyi şəraitdə transxəzər əlaqələri möhkəmləndirmək üçün yaxşı düşünülmüş layihə kimi təqdim olunur. Nisbətən az maliyyə tələb edir və hərbi mövcudluq tələb etmədən ABŞ-yə və onun regional tərəfdaşlarına ciddi geosiyasi dividendlər gətirə bilər. Hətta 42 kilometrlik dəhliz belə regiondakı qüvvələr balansını Qərbin xeyrinə dəyişə və Rusiya ilə Çinin nəzarət etdiyi ənənəvi və yeni marşrutlara alternativ şəbəkə yarada bilər.
Lakin analitik ciddi risklərin də olduğunu vurğulayır. TRIPP ABŞ və onun tərəfdaşları üçün tələyə çevrilə bilər. Cənubi Qafqaz hələ də münaqişələr zonasındadır. Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamayıb, Gürcüstanla Rusiya arasında isə razılaşma perspektivi görünmür. 2026-cı ildə Yaxın Şərqdə gərginliyin artacağı ehtimal olunur və bu, İranın yaxın ətrafında zəncirvari reaksiyaya səbəb ola bilər. Tehran TRIPP-i strateji çağırış kimi qiymətləndirir və buna sərt reaksiya verə bilər. Kreml rəsmiləri də Cənubi Qafqazı Rusiya təhlükəsizliyi və böyük güc statusu baxımından prioritet hesab edir”, - deyə məqalədə bildirilib.
Analitik yekunda qeyd edir ki, Cənubi Qafqaz uzun müddət rəqib güclərin qarşıdurma meydanı olub və onun məhdud geosiyasi potensialı supergüclərin yenilənmiş rəqabətinin təzyiqinə tab gətirməyə bilər.
Piter Kranits qədim yunan filosofu Fukididin sözlərini xatırladır: “Güclülər bacardıqlarını edirlər, zəiflər isə çəkməli olduqlarını çəkirlər”.
O yazır ki, bu fikir uzun müddət qüvvələr balansının təsviri kimi qəbul olunub. Lakin bu gün beynəlxalq iqtisadi qarşılıqlı asılılıq gücün nəzarətsiz tətbiqini məhdudlaşdırır və “cəngəllik qanunu”nun tam hökmranlığının qarşısını alır. Müasir realizm praqmatizmin inkarı deyil, əksinə, ideoloji doqmalardan üstün olan praqmatik həllərin artan rolunu əks etdirir.
Məqalə müəllifi qeyd edir ki, Ermənistan post-Paşinyan dövründə həm TRIPP-i qoruyub saxlamalı, həm də Naxçıvan dəmir yolu kommunikasiyalarından istifadə etməklə Çin layihələrini də reallaşdırmalıdır. Bu halda Ermənistan ABŞ və Çin maraqlarının toqquşduğu həqiqi geosiyasi qovşağa çevrilə bilər.
Qeyd olunur ki, Azərbaycan artıq bu yolu seçib, həm ABŞ, həm də Çinlə strateji sazişlər imzalayıb və Gürcüstan üzərindən keçən Çin marşrutunu inkişaf etdirir. Eyni zamanda Rusiya ilə şimal-cənub bağlantısından da istifadə etməyə çalışır. Gürcüstan da Çinlə 2023-cü ildə strateji münasibətlər sazişi imzalayıb və iqtisadi baxımdan həm Rusiya, həm də Orta Dəhliz çərçivəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir.
Ermənistanın isə Paşinyanın siyasəti nəticəsində ciddi Çin layihələrindən kənarda qaldığı və özünü regionda ABŞ-nin dayaq məntəqəsi kimi təqdim etdiyi vurğulanır. Müəllifə görə, gələcək seçkilərdən sonra balanslı siyasət yürüdə bilən qüvvə hakimiyyətə gəlməlidir ki, Ermənistan heç bir tərəfin “xırda pulu”na çevrilməsin və hamı üçün təhlükəsizlik baxımından əhəmiyyətli tərəfdaş olsun. Reallıq budur.
Alpər Mövludoğlu
Ordu.az