Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.
“Onların sözlərinə görə, Avropa ölkələri uzun müddətdir Ermənistan AES-in bağlanmasını tələb edirdilər, lakin əvvəlki hakimiyyət nümayəndələri bu tələbi yerinə yetirməkdən imtina edirdilər.
Onların iddiasına görə, Paşinyan bunu həyata keçirməyə hazır olan yeganə erməni siyasətçidir.
Qərb analitiklərinin mövqeyini təqdim edərkən, Qərbdə bu məsələnin həlli ilə bağlı nə düşünüldüyünü tam göstərən bir təhlilə diqqət yetirək”, - deyə KİV qeyd edib.
Müəllif yazıb ki, Çexiyanın “iDNES.cz” nəşrinin analitiki Adam Hacekin qiymətləndirmələri bu mənzərəni tam əks etdirir.
Onun sözlərinə görə, demək olar ki, bütün Qərb ekspertləri Ermənistan AES-in həm Ermənistan, həm də qonşu Gürcüstan, Türkiyə, Azərbaycan, Rusiyanın cənubu və İran üçün real təhlükə yaratdığı qənaətində olublar.
Hazırda “Metsamor” Atom Elektrik Stansiyası Ermənistanın enerji istehlakının təxminən 40 faizini təmin edir.
Hacekin sözlərinə görə, Avropa İttifaqı dəfələrlə Ermənistanı 448 MVt gücündə olan atom elektrik stansiyasını bağlamağa maliyyə baxımından təşviq etməyə çalışıb, lakin nəticə əldə olunmayıb.
“Ermənistan hakimiyyəti “Rosatom”un, eləcə də idarəetmə sistemlərinin yenilənməsində iştirak etmiş çex şirkətləri ŠKODA JS və ZAT-ın mütəxəssislərinin köməyi ilə atom elektrik stansiyasını artıq iki dəfə modernləşdirib. Beş il əvvəl qərar qəbul olunmuşdu ki, stansiya ən azı 2036-cı ilədək fəaliyyət göstərəcək. Lakin onun yekun dayandırılmasından sonra nə baş verəcək?”, - deyə analitik ritorik sual verir.
Hacek bildirib ki, mümkün ssenarilərdən biri Nikol Paşinyan ilə ABŞ-nin vitse-prezidenti C.D. Vens arasında keçirilmiş görüş zamanı cızılıb.
“O, ABŞ adından Cənubi Qafqazın bu kiçik dövlətinə rus enerjisindən asılılığı azaltmaq üçün 9 milyard dollar təklif edib”, - deyə o vurğulayıb.
“Zham.am” yazıb ki, saziş ABŞ texnologiyalarının, yanacağının və xidmətlərinin Ermənistana ixracı üçün hüquqi çərçivəni müəyyən edir. O, həmçinin ABŞ şirkətləri üçün “Metsamor” Atom Elektrik Stansiyasını kiçik modul reaktorlarla əvəz etmək üzrə müqavilələrə dair tenderlərdə iştirak imkanları açır. Vens İrəvanda məmnunluqla bəyan edib: “Bu, həm Ermənistan, həm də ABŞ üçün klassik qarşılıqlı faydalı vəziyyətdir”.
Hacekin fikrincə, bu həll ABŞ, Türkiyə və Avropa ölkələri üçün ən uyğun variant olacaq, çünki Ermənistan Moskva ilə asılılığını zəiflədəcək.
Beləliklə, analitikin sözlərinə görə, Tramp administrasiyası Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa yaxınlaşmasından məharətlə istifadə edir və Qərb üçün sərfəli olacaq bir həll variantı təklif edir.
Çexiyalı analitik deyib ki, əsas uduzan tərəf Rusiyadır. Vensin Cənubi Qafqaz ölkələrinə üçgünlük səfərinin əvvəlində imzalanmış nüvə sazişi Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsinin son əlamətidir. “Rosatom” son anda müqavimət göstərməyə çalışıb. Ötən cümə onun rəhbəri Aleksey Lixaçov Ermənistan parlamentinin sədri ilə görüşərək yeni reaktorun tikintisi üzrə “kompleks əməkdaşlıq” təklif edib. Lakin analitikin sözlərinə görə, Ermənistanda onun təklifinə heç kim diqqət yetirməyib, halbuki ABŞ-nin modul reaktorları hələ çox uzaq perspektivdə görünür. Buna baxmayaraq, onun fikrincə, Paşinyan çoxdan aydınlaşdırıb ki, yeni nüvə güclərinin tikintisi pul məsələsi deyil, milli təhlükəsizlik məsələsidir.
“Paşinyan, həmçinin əmindir ki, amerikalılarla nüvə əməkdaşlığı, Azərbaycanla sülh və Türkiyə ilə açıq sərhədlər ona iyul ayında keçiriləcək parlament seçkilərində qalib gəlməyə kömək edəcək”, - deyə çexiyalı analitik bildirib.
“Hesab edirik ki, bu analitikin mövqeyi ən səmimi yanaşmalardan biridir. O etiraf edir ki, Paşinyanın Ermənistanın gələcək nüvə enerjisinin inkişafı ilə bağlı seçimi yalnız şəxsi maraqlarından irəli gəlməlidir.
Belə açıq təhlil artıq Qərbdə geniş yayılmış mövqeyə çevrilib, Qərbi bu və ya digər məsələ yalnız onun Moskvanın regiondakı maraqlarına nə dərəcədə zərər vura biləcəyi baxımından maraqlandırır. Reallıq budur”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az