“Joğovurd”: Paşinyanın musiqi istedadının üzə çıxarılması hakim partiyaya kifayət qədər baha başa gəlib

2026/02/1770959780.jpg
Oxunub: 324     09:18     13 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın musiqi istedadının üzə çıxarılması hakim partiyaya kifayət qədər baha başa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Nikol Paşinyanın yaratdığı “Varçabend” qrupunun ilk konserti 2026-cı il yanvarın 30-u baş tutub. “Joğovurd” qəzeti öyrənib ki, “Palladium Hall”da keçirilmiş konsert tədbiri üçün ümumilikdə 8 milyon 520 min dram xərclənib.

“Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyəti sədrinin müavini Vahaqn Aleksanyan “Joğovurd” qəzetinin sorğusuna cavab olaraq bildirib:

“Varçabend” qrupunun 2026-cı il yanvarın 30-u keçirilmiş konsert tədbirinin bütün xərcləri “Vətəndaş Müqaviləsi” partiyası tərəfindən qarşılanıb. Xərcləri aşağıda təqdim edirəm:

Məkanın icarəsi – 2 500 000 dram

Brendləşdirmə, tərtibat, atributların alınması – 4 900 100 dram

Avadanlıq təminatı, musiqiçilərin və DJ-nin ödənişi – 1 119 000 dram

Cəmi – 8 519 940 dram”.

KİV yazıb ki, bu, “Vətəndaş Müqaviləsi” partiyasının rəsmi cavabıdır.

“Joğovurd” qəzeti bir neçə gün əvvəl qeyd olunan restoranla əlaqə saxlayaraq hakimiyyətin dəbdəbəli tədbirinin nə qədər başa gəldiyini dəqiqləşdirməyə çalışıb.

“Maraqlıdır ki, restoranın səsləndirdiyi rəqəmlərlə müqayisədə “Vətəndaş Müqaviləsi” partiyasının kifayət qədər təvazökar rəqəmlər təqdim etdiyi görünür. Ya “Palladium Hall” tərəfindən partiya üçün böyük endirimlər edilib ki, bu da adi vətəndaşlar üçün əlçatan deyil.

Yazmışdıq ki, 500 nəfərə qədər nəzərdə tutulmuş zal üçün bir iştirakçının qiyməti 27 min dramdan başlayır. Bu hesablama ilə təkcə zalın xidmət haqqı təxminən 13,5 milyon dram təşkil edə bilər.

Bundan əlavə, zalda musiqi alətlərindən istifadə üçün ayrıca 600 min dram ödəniş müəyyən edilib və qrupun kimliyindən asılı olmayaraq bu məbləğ ödənilməlidir. Zalda mövcud olan 18 nəfərlik musiqi qrupunun xidmət haqqı isə əlavə olaraq 1 milyon dram təşkil edir və bunun ödənilməsi də məcburidir. Beləliklə, yalnız musiqi təminatı üçün təxminən 1,6 milyon dram tələb olunur.

Ümumilikdə isə 500 iştirakçı halında məbləğ 15,1 milyon dram və ya təxminən 40 min ABŞ dolları edir. Bu məbləğə yüksək keyfiyyətli araq, meyvələr, sərinləşdirici içkilər, 10 illik “Axtamar” konyakı, 4 növ salat, 2 növ isti yemək və qəlyanaltılar daxildir.

Lakin bu siyahıdan “Vətəndaş Müqaviləsi” partiyası yeməklər və qonaqlıq xərclərini kənarda saxlayıb və xərcləri əhəmiyyətli dərəcədə artıra biləcək məbləğləri göstərməyib. Belə çıxır ki, partiya ictimaiyyətin görməsini istədiyi rəqəmləri açıqlayır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin