Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Nəşrə görə, bu vəsait ölkənin illik iqtisadi məhsulunu demək olar ki, ikiqat artıracaq və Rusiyadan uzunmüddətli asılılığı zəiflədəcək.
KİV qeyd edib ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bu həftə Ermənistana səfəri və burada 9 milyard dollarlıq mülki energetika tərəfdaşlığı sazişini imzalaması Vaşinqtonun bu kiçik keçmiş sovet respublikası ilə əlaqələrinin kəskin şəkildə dərinləşməsinin göstəricisidir. Süni zəka layihəsinin 4 milyard dollarlıq ayrıca genişləndirilməsi də Ermənistanın 27 milyard dollarlıq iqtisadiyyatının perspektivlərini dəyişməyə kömək edə bilər.
“ING Bank”ın MDB üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib: “Rəqəmlər özlüyündə kifayət qədər əhəmiyyətlidir. Əgər bu təşəbbüslər etimad yaratsa və uzunmüddətli sabitlik hissi formalaşdırsa, bu, Ermənistanın portfel investisiyaları, birbaşa investisiyalar və hətta pul köçürmələri üçün cəlbediciliyini artıra bilər”.
“Bloomberg” bildirib ki, Ermənistanla bağlanan sazişlər və Vensin ertəsi gün qonşu Azərbaycana etdiyi səfər Çini Mərkəzi Asiya vasitəsilə Avropa ilə birləşdirən mühüm ticarət və enerji dəhlizi olan, onilliklər boyu Moskvanın nəzarətində qalan Qafqaz regionunda təsir uğrunda geosiyasi mübarizənin kəskinləşməsini vurğulayıb.
“Bu hadisələr ABŞ prezidenti Donald Trampın avqust ayında Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağ regionunda onilliklərdir davam edən münaqişəyə son qoyan ilkin sülh sazişini imzalamaq üçün qəbul etməsindən sonra baş verib”, - deyə müəllif yazıb.
Nəşr vurğulayıb ki, həmin saziş Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirən nəqliyyat dəhlizi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (Zəngəzur dəhlizi-red.) açılması planını da əhatə edir.
“Azərbaycanla müdafiə müqaviləsi olan Türkiyə Sovet İttifaqının dağılmasından sonra ilk dəfə 1993-cü ildən etibarən bağlı olan Ermənistanla sərhədini açmağa və diplomatik münasibətlər qurmağa hazırlaşır. Eyni zamanda, hazırda Rusiyanın rəhbərlik etdiyi gömrük ittifaqının üzvü olmasına baxmayaraq, Aİ-yə üzvlük planlarını bəyan edən Ermənistanla Avropa İttifaqı da əlaqələrini gücləndirir. “Bloomberg”in məlumatına görə, Ermənistanın 2031-ci ildə ödənilməli olan dollar istiqrazlarının gəlirliliyi cümə axşamı 4 bənd azalaraq son üç ayın ən aşağı səviyyəsinə düşüb”, - deyə KİV yazıb.
“Bloomberg” qeyd edib ki, nüvə sahəsində əməkdaşlıq sazişi ABŞ şirkətləri üçün Ermənistana nüvə texnologiyaları ixrac etmək və təxminən 3 milyon əhalinin elektrik enerjisinin 40%-ni təmin edən sovet dövrünə aid “Metsamor” atom elektrik stansiyasını əvəz etmək üçün hüquqi baza yaradır.
“Metsamor” hazırda Rusiyanın dövlət “Rosatom” korporasiyası tərəfindən idarə olunur. Vensin səfəri ərəfəsində “Rosatom” nümayəndələri Moskvada Ermənistan rəhbərliyi ilə görüşərək yeni nüvə gücləri inşa etmək üçün “kompleks əməkdaşlıq” təklif etmişdilər.
ABŞ-də qeydiyyatdan keçmiş “Firebird Inc.” və “Nvidia Corp.” şirkətləri arasındakı əməkdaşlıqla hazırlanan süni zəka layihəsi 2026-cı ilin sonuna qədər təxminən 50 min qrafik prosessora (GPU) qədər genişləndiriləcək. Erməni sahibkarlar tərəfindən təsis edilən “Firebird” şirkəti hesablama gücünün böyük hissəsini bütün dünya müştərilərinə paylamağı və Ermənistanı süni zəka ixracı üçün rəqabətədavamlı platforma kimi mövqeləndirməyi planlaşdırır.
İnvestisiya elanları Paşinyana iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində böyük dəstək verir. May ayında o, İrəvanda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində onlarla siyasi lideri qəbul etməyi planlaşdırır. Ümumilikdə, 13 milyard dollarlıq potensial layihələr Ermənistana əvvəllər qoyulmuş bütün xarici investisiyaların həcmini üstələyir.
Hətta bu vəsaitlər tam reallaşmasa belə, onlar hökumət üçün ABŞ kapitalını və texnologiyalarını əsas sahələrə cəlb etmək üçün yol açır. “Firebird”ün həmtəsisçisi Aleksandr Yesayan deyib: “Şirkətlər Ermənistana milyardlarla dollar investisiya qoymağa qərar verdikdə, bu, başqaları üçün də fikir yaradır. Çoxları Ermənistan haqqında bilirdi, lakin bu miqyasda investisiya qoymaq barədə düşünmürdülər. Bu, vəziyyəti dəyişir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az