Köçəryan 9 milyard dollarla bağlı qalmaqal barədə: “Bu, bir stəkan suda qopan fırtına idi”

2026/01/1769690828.jpg
Oxunub: 461     19:45     12 Fevral 2026    
“Bu, bir stəkan suda qopan fırtına idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan 9 milyard dollar ətrafında yaranmış böyük qalmaqalı şərh edərkən deyib.

“Bu gün xalqımıza təqdim olunanların reallıqla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, dinc enerji sazişinə qoşulmaqla bağlı danışıqların başa çatdırılması haqqında ikitərəfli bəyanat imzalanıb. Bu, üzv olduğumuz əlavə bir sazişdir, amma bu, investisiya demək deyil. Ermənistanda atom elektrik stansiyasının tikiləcəyinə dair heç bir vəd yoxdur. Sadəcə olaraq, ABŞ öz texnologiyasını irəli sürür və bu, normaldır ki, rəhbər öz ölkəsinin texnologiyalarını digər ölkələrin bazarlarına çıxarmağa çalışsın”, - deyə Köçəryan Ermənistanın “5-ci kanalı”nın efirində bildirib.

Onun sözlərinə görə, ABŞ-nin başqa ölkədə belə atom elektrik stansiyası tikmək təcrübəsi yoxdur, hazırda xaricdə 5-6 belə stansiya tikən yeganə ölkə Rusiyadır. Üstəlik, Köçəryanın fikrincə, ABŞ-də tikilmiş son atom elektrik stansiyası da ölkəyə kifayət qədər baha başa gəlib.

“Nəticədə, əgər 9 milyard dollarlıq investisiya baş tutsa, bu, Ermənistan vətəndaşlarının üzərinə borc kimi düşəcək və elektrik enerjisinin tariflərinə də təsir göstərəcək.

Bu, biznesdir, xeyriyyəçilik deyil. Əgər eyni keyfiyyətdə atom elektrik stansiyasını beş dəfə ucuz qiymətə tikmək mümkündürsə, deməli, vətəndaşların üzərinə beş dəfə az yük qoymuş olursan. Nazir deyir ki, nüvə elektrik enerjisi gecə-gündüz rejimlərinin tənzimlənməsinə imkan verəcək. Əgər düşünürsünüzsə ki, atom elektrik stansiyası gecə-gündüz rejiminin tənzimlənməsi obyekti ola bilər, onda siz o stansiyanı partladacaqsınız”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin