Paşinyan: “Geosiyasi konyunktura dəyişib və biz yenə də iradəmizdən asılı olmayaraq dövləti itirmişik”

2026/02/1770750084.jpg
Oxunub: 394     19:37     12 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvanın Dayanıqlı Enerji Günləri” çərçivəsində “Ermənistanın elmə əsaslanan gələcəyi naminə gənclik” adlı tədbirin iştirakçıları ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə İrəvan meri Tiqran Avinyan və Ermənistan ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan da iştirak ediblər.

Paşinyan bildirib ki, yaxın vaxtlarda Ermənistan hökuməti ölkənin iqtisadi və institusional transformasiya doktrinasını qəbul edib və həmin sənəddə təhsil “strategiyaların strategiyası” elan olunub. Paşinyanın sözlərinə görə, istənilən problemin həlli, o cümlədən müzakirə olunan mövzu kontekstində təhsillə bağlıdır, çünki enerji transformasiyası ümumilikdə dünyada prioritet gündəlikdir.

O, tarixdən dərs çıxarmağın vacibliyindən danışaraq vurğulayıb: “Mənim fikrimcə, son illərdə qəbul etdiyimiz bütün siyasətlər və qərarlar, hətta konkret rəqəm də deyə bilərəm, 2024-cü ildən başlayaraq qəbul etdiyimiz bütün qərarlar, bəlkə də ondan əvvəl addım-addım atılan qərarlar, hamısı birbaşa tarixdən çıxardığımız dərslərlə bağlıdır”.

Ermənistan Baş nazirinin qiymətləndirməsinə görə, tarixdən çıxarılan dərs ondan ibarətdir ki, onu təkrarlamaq olmaz, çünki tarix dövri xarakter daşıyır.

“Yəni mənim danışdığım dövrilik belədir: əlverişli geosiyasi mühitdə, bəzən hətta iradəmizdən asılı olmayaraq, biz dövlətçilik əldə etmişik. Sonra geosiyasi konyunktura dəyişib və biz yenə də iradəmizdən asılı olmayaraq dövləti itirmişik. İndi isə mənim fikrimcə və qiymətləndirməmə görə, bugünkü vəziyyət nədir? Bugünkü vəziyyət ondan ibarətdir ki, biz həmin dövriliyi keçdik”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu dövrilik 2020-2025-ci illər ərzində yaşanıb.

“Biz həmin dövriliyin içərisində idik ki, dövləti itirəcəyikmi, yoxsa yox? 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illərdə tarixi dövriliyin kulminasiya nöqtəsinə çatmışdıq və nəhayət, 2024-cü ildə həll baş verdi. Tarixi dövrilik dəyişdi, biz dövləti itirməli olduğumuz anda onu itirmədik. Hətta sizə deyim ki, burada konkret aylar, tarixlər, hadisələr var, maraqlı olarsa, bunu da bölüşə bilərəm.

Daha əvvəl də demişəm, hazırda Ermənistan ilə tamamilə başqa bir proses baş verir: biz elə bir nöqtəyə çatmışıq ki, Ermənistan bu gün, 2026-cı il fevralın 12-də, dünən də, sırağagün də, sabah da, birisi gün də fiziki olaraq heç yerə köçmədən, dünyanın kənarından dünyanın mərkəzinə doğru hərəkət edir. Və bu, sizə çatdırmaqdan məmnun olduğum ən vacib xəbərdir”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin