Ermənistanda Vedi su anbarının tikinti müddəti uzadılır

2026/02/1770880575.jpg
Oxunub: 338     11:14     12 Fevral 2026    
Ermənistan hökuməti bu gün keçirilən iclasında Ermənistan hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında 2020-ci il aprelin 23-də imzalanmış CAM 1002 06 D nömrəli maliyyələşdirmə sazişinə 3 nömrəli dəyişiklik layihəsinin imzalanması təklifini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Əsaslandırmada qeyd olunur ki, Ermənistanın Ararat və Armavir vilayətlərində su ehtiyatlarının səmərəli idarə olunması, torpaq istifadəsinin məhsuldarlığının artırılması və müasir suvarma texnologiyalarının tətbiqi kənd icmalarının iqtisadi inkişafı və dayanıqlılığının gücləndirilməsi üçün mühüm şərtdir.

Bildirilib ki, Ermənistan ilə Fransa İnkişaf Agentliyi arasında 2020-ci il aprelin 23-də imzalanmış “Ermənistan – Ağrı və Armavir vilayətlərində suvarılan kənd təsərrüfatının inkişafı” proqramının maliyyələşdirmə sazişi yuxarıda göstərilən məqsədlərin həyata keçirilməsinə yönəlib. Saziş institusional potensialın inkişafını, maliyyə alətlərinin tətbiqini və müvafiq investisiya tədbirlərinin icrasını birləşdirir.

Vurğulanıb ki, proqramın icrası zamanı nəzərdə tutulan tədbirlərin vaxt cədvəlinə ciddi təsir göstərən bir sıra obyektiv amillər qeydə alınıb. Proqramın faktiki icrasına planlaşdırılan vaxtdan gec başlanılıb ki, bu da onun səmərəli həyata keçirilməsi üçün mövcud vaxtın azalmasına səbəb olub. Proqram Operatoru tərəfindən beynəlxalq qısamüddətli ekspertlərin cəlb olunması, müqavilələrin bağlanması və səfərbər edilməsi prosesləri ilkin planlaşdırılandan daha uzun çəkib və bu da bir sıra əsas analitik və metodoloji işlərin gecikməsinə gətirib çıxarıb.

Qeyd edilib ki, bundan əlavə, su sektorunda da obyektiv problemlər yaranıb. İkinci operatorla bağlı müqavilə prosesi planlaşdırılandan uzun sürüb, hədəf ərazilərdə suvarma suyunun məhdud əlçatanlığı isə sahə işlərinin icrasına mane olub.

Proqramın uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biri Vedi su anbarının tikintisidir. Həmin su anbarı vasitəsilə Ararat vilayətinin hədəf ərazilərində təsərrüfatdaxili suvarma şəbəkəsinə təzyiqli su təchizatı təmin olunacaq.

Vedi su anbarının tikinti işlərinin uzanması və müvafiq infrastrukturun tam istismara verilməməsi müasir suvarma sistemlərinin tətbiqi, nümayiş sahələrinin yaradılması və fermerlərin investisiya fəallığının stimullaşdırılması baxımından ciddi maneəyə çevrilib.

Mövcud şəraitdə sazişə dəyişiklik edilməsi təklif olunur. Dəyişiklik proqramın icra müddətinin 2027-ci il dekabrın 19-na qədər, vəsaitlərin son istifadə müddətinin isə 2028-ci il martın 31-nə qədər uzadılmasını nəzərdə tutur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vedi   Su-anbarı  


Bizi "telegram"da izləyin