Erməni siyasi xadim: “Çinə səfər etmişdik, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisini müzakirə etmişdik”

2026/02/1770878257.jpg
Oxunub: 374     10:35     12 Fevral 2026    
“2024-cü ilin may ayında Narek Karapetyanla birlikdə Çinə səfər etmiş və “China Energy” (“Fortune 500” siyahısında 76-cı yerdədir, illik təxminən 120 milyard dollar dövriyyəsi var) və “China General Nuclear Power Group” (Çində atom elektrik stansiyalarının generasiyasının 50%-ni təmin edir) korporasiyalarının rəhbərliyi ilə görüşlər keçirmişdik”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Bizim Tərzimizlə” ictimai hərəkatının üzvü Robert Kadaryan bildirib.

“Texniki direktorun müşayiəti ilə “Framatome” (Areva) texnologiyaları əsasında istehsal olunmuş, hər biri 944 MVt gücündə olan iki reaktoru istismar edən “Daya Bay” AES-ə də baş çəkdik.

Tərəfdaşlarla bir sıra regional layihələri, o cümlədən Ermənistanda yeni atom elektrik stansiyasının tikintisini müzakirə etdik.

Texniki detallara varmadan yalnız bir rəqəm deyim: yeni, 1000 MVt gücündə AES-in tikintisini tərəfdaşlar təxminən 2 milyard ABŞ dolları dəyərində qiymətləndirdilər. Ermənistanın logistika çətinliklərini nəzərə alsaq, layihə maksimum 10% bahalaşa bilər.

Bu həftə məlum oldu ki, ABŞ Ermənistana dünyada hələ analoqu olmayan yeni modul tipli atom stansiyası tikməyi təklif edir və onun ilkin dəyəri 5 milyard ABŞ dollarıdır (mənim məlumatıma görə, gücü 460 MVt olacaq). Yəni təxminən iki dəfə baha və iki dəfə az gücə malikdir. Onu da deyim ki, Çin hazırda 28 yeni reaktor inşa edir ki, bu da digər bütün ölkələrdə tikilən reaktorların ümumi sayına təxminən bərabərdir, ABŞ-da isə davam edən tikintilər müvəqqəti dayandırılıb”, - deyə Kadaryan qeyd edib.

Kadaryan bildirib ki, Tramp çox güclü biznesmendir, onun administrasiyası da elədir.

“Onların məqsədi ABŞ ixracının həcmini artırmaq və yeni iş yerləri yaratmaqdır. Bunu Vens də açıq şəkildə dedi.

Biz də güclü Ermənistan qurmalıyıq. Elə bir Ermənistan ki, ölkə rəhbəri selfi çəkmək və ya növbəti populizmlə məşğul olmaq barədə düşünməsin, əvəzində vətənimizin maraqlarını üstün tutsun və güclü mövqedən danışıqlar aparsın. Başqa alternativimiz yoxdur...”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Çin  


Bizi "telegram"da izləyin