Ordu.az xəbər verir ki, bu barədə BBC yazıb.
KİV qeyd edib ki, Vens Bakıda Azərbaycanla müdafiə, nüvə enerjisi və kibertəhlükəsizlik sahələrində əməkdaşlığa dair xartiya imzalayıb və ABŞ-nin Xəzər dənizində sərhədin qorunması üçün Azərbaycana mühərrikli qayıqlar verəcəyini vəd edib.
“Düşünürəm ki, Azərbaycanın iki ayrı hissəsini birləşdirəcək yeni “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (Zəngəzur dəhlizi-red.) ilə uçan ilk şəxslərdən biri mən oldum”, - deyə Vens çərşənbə axşamı gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında bildirib.
Nəşr vurğulayıb ki, bu marşrut Azərbaycanı əsas ərazidən Ermənistan ərazisi ilə ayrılan Naxçıvanla birləşdirəcək.
BBC-nin məlumatına görə, hələ yay aylarında İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ölkələr arasında sülh münasibətlərinə dair bəyannamənin yekun mətnini imzalayarkən (sülh sazişi hələ imzalanmayıb), Ermənistan öz ərazisinin bir hissəsini müvəqqəti istifadə üçün (99 il müddətinə) ABŞ şirkətlərinə verməyə razılaşıb. Həmin şirkətlər bu ərazidən keçən nəqliyyata nəzarət edəcəklər.
“Azərbaycan daha əvvəl yolun faktiki olaraq ekstraterritorial olmasında israr edirdi ki, bu da azərbaycanlıların Naxçıvana sərbəst hərəkət etməsinə imkan verirdi. Ermənistan isə bunu öz suveren ərazisinin verilməsi kimi qiymətləndirərək qəti şəkildə etiraz edirdi.
“Tramp marşrutu” hər iki tərəf üçün bir növ kompromis həllə çevrildi və İlham Əliyev də Venslə görüş zamanı bu təşəbbüsü müsbət qiymətləndirdi.
Azərbaycanın müttəfiqi olan Türkiyə 1990-cı illərdən etibarən ölkənin dəniz sularının qorunmasında mühüm rol oynayır. O, birbaşa gəmilər tədarük etməsə də, Azərbaycanda istehsal olunan gəmilərin silahlandırılmasına kömək edir və kiçik insansız qayıqlar verir.
Vens Əliyevlə kibertəhlükəsizlik və ümumilikdə hərbi əməkdaşlığa dair də xartiya imzalayıb.
Regionun birləşdirilməsi necə nəzərdə tutulur?
Nüvə enerjisi, süni zəka, hərbi əməkdaşlıq və razılaşmanın digər aspektləri Vensin Ermənistanda razılaşdığı məsələlərlə oxşarlıq təşkil edir”, - deyə məqalədə qeyd edilib.
Müəllifin sözlərinə görə, xartiyanın birinci bəndi “Energetika, ticarət və tranzit daxil olmaqla regional əlaqələndirmə” adlanır.
“Bu bənd ABŞ-nin dəstəyi ilə regionu birləşdirəcək bütün növ infrastruktur və logistika məsələlərinə aiddir. Əsasən iqtisadi əlaqələri olmayan Azərbaycan və Ermənistanı əhatə edir.
Otuz ildən artıq müddət əvvəl Sovet İttifaqının dağılması və Qarabağ müharibəsi səbəbindən Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələr kəsilmişdi. Həmin dövrdə Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitini qadağan etmişdi. Buna baxmayaraq, ölkə qonşu Gürcüstan vasitəsilə Avropaya gedən neft və qaz kəmərlərini inşa edirdi.
Ermənistanda da Azərbaycanla ticarət qadağan edilmişdi. 2017-ci ildə mağaza rəflərində Azərbaycan mənşəli almalar aşkar edildikdə bu, ictimai etiraza və cinayət araşdırmasına səbəb olmuşdu.
Ötən ilin sonunda isə Azərbaycan ilk dəfə Ermənistana yanacaq satmağa başlayıb və öz ərazisindən malların tranzitinə icazə verib”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az