“168.am”: Süni zəkanın erməni reallığına girişi Ermənistan dövlətinin “süni variantda quraşdırılması” ilə müşayiət olunur

2026/02/1770874112.jpg
Oxunub: 344     09:29     12 Fevral 2026    
“Front office”də (qəbul şöbəsində) ümumiyyətlə insan olmaya bilər, əvəzində süni zəka və ən müasir avadanlıqlar ola bilər. Həmin “Front office”in əsas funksiyası isə bu avadanlıqlara xidmət göstərmək və sairədən ibarət ola bilər”, - deyə Nikol Paşinyan ötən gün İctimai Televiziyaya verdiyi müsahibədə Ermənistan ərazisindən keçən yollarda sərnişin və yüklərin yoxlanılması barədə danışarkən bildirib .

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Süni zəka, təbii rüsvayçılıq” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, söhbət Ermənistanın suveren ərazisindən keçən yollardan gedir, Paşinyan həmin yolları 99 illik müddətə ABŞ-yə icarəyə verib və eyni zamanda bunu “Ermənistanın suverenliyinin artırılması” kimi təqdim edib.

“Lakin hazırda baş verənlər Paşinyan tərəfindən Azərbaycan-Türkiyə tələblərinin ABŞ tərəfinin “keyfiyyətli xidmət” göstərmək istəyi kimi “çəhrayı” ifadələrlə pərdələnərək icra edilməsidir. Beləliklə, Azərbaycanın tələbinin yerinə yetirilməsi üçün gözəl bir düstur tapılıb: süni zəka.

Xatırladaq ki, Azərbaycan Ermənistanın suveren ərazisindən keçən yolun Ermənistanın nəzarətindən kənarda olmasını tələb edirdi və edir ki, azərbaycanlılar erməni üzü görməsinlər. Başqa sözlə desək, bu, “Ermənistandan keçən, amma ermənilərin olmadığı yol” deməkdir. Paşinyan bu növbəti tələbi yerinə yetirərək, süni zəkaya istinad etməklə bunu tərəqqi kimi qələmə verir”, - deyə müəllif qeyd edib.

KİV vurğualyıb ki, ümumiyyətlə, süni zəka mövzusunun Ermənistanın siyasi gündəminə daxil olmasının müəyyən rəmzi mənası var.

“Xüsusilə son aylarda yenə ABŞ tərəfindən Ermənistanda süni zəka mərkəzlərinin tikilməsi ilə bağlı bəyanatlar səslənib və ABŞ vitse-prezidentinin səfəri zamanı müvafiq razılaşmalar əldə olunub.

Texnoloji baxımdan süni zəkain yaradılması üzrə qlobal prosesdə iştirak etmək, şübhəsiz ki, müsbət haldır. Lakin süni zəkanın erməni reallığına girişi Ermənistan dövlətinin “süni variantda quraşdırılması” ilə müşayiət olunur. Süni zəka sahəsinə investisiyalar haqqında nə qədər çox danışılırsa, Ermənistan dövləti bir o qədər süni, “butaforik” vəziyyətə düşür. Bunun sübutlarından biri də məhz yuxarıda qeyd olunan yollarda nəzarətin süni zəka vasitəsilə həyata keçirilməsi hazırlığıdır.

Süni zəka, inkişafının eksponensial sürətinə baxmayaraq, şüurdan məhrumdur və ya hər halda hələlik məhrumdur. Təxminən indiki Ermənistan kimi: hakimiyyəti və dövlət idarəetmə sistemi ilə zahirən düşünən, təbliğat baxımından rasional, lakin şüurdan və dərketmədən məhrum. Hər bir texniki nailiyyət kimi, süni zəka də istifadəçidən asılıdır.

Cib telefonu möhtəşəm bir alətdir, lakin dövlət rəhbəri vəzifəsində olan birinin əlinə düşdükdə, ölkəni rüsvay etmək vasitəsinə çevrilir. Eyni hal süni zəka ilə bağlı da baş verir. Müstəsna dövlət funksiyalarını süni zəkaya həvalə etmək istəyən elə bir hakimiyyətdir ki, onun rəhbəri cib telefonundan elə həmin dövləti rüsvay etmək üçün istifadə edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Süni-zəka   ABŞ  


Bizi "telegram"da izləyin