Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, ehtimal olunur ki, de-fakto liderin Samvel Karapetyan olduğu açıqlanacaq.
“O, qanunvericiliyə əsasən baş nazirliyə namizəd ola bilməz, çünki ikili vətəndaşlığı var. De-yure namizəd isə onun qardaşı oğlu Narek Karapetyan olacaq.
Məsələ ondadır ki, “Bizim Tərzimizlə” hərəkatında anlayırlar: bu hərəkat Samvel Karapetyanın şəxsi ətrafında formalaşıb, əsas fiqur da odur və cəmiyyət hakimiyyət dəyişikliyində onun birbaşa iştirakını gözləyir. Lakin bu mərhələdə onun namizədliyinin irəli sürülməsi mümkün deyilsə, hərəkatın qələbəsindən və qanunvericilik dəyişikliklərindən sonra bu mümkün ola bilər”, - deyə KİV qeyd edib.
Nəşr bildirib ki, ötən gün partiyanın təsis qurultayı keçirilib, sədr vəzifəsinə Samvel Karapetyan seçilib və baş nazirliyə namizədin də Samvel Karapetyan olacağı barədə məlumatlar yayılıb.
“Bu gün isə İdman-Konsert Kompleksində keçiriləcək partiya təqdimatı zamanı baş nazirliyə namizədlərinin adı açıqlanacaq.
Ehtimal olunur ki, seçkilərdə qələbədən sonra ilk addım parlament üzvlərinin üçdə iki hissəsinin təşəbbüsü ilə konstitusiyanın 148-ci maddəsinin dəyişdirilməsi olacaq. Həmin maddə hökumət üzvlərinə deputatlar üçün müəyyən edilmiş tələblərin tətbiq olunduğunu nəzərdə tutur. 202-ci maddədə isə 148-ci maddənin referendum yolu ilə dəyişdirilə biləcəyi qeyd olunmur, yəni onu parlament də dəyişə bilər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az