İran səfiri TRIPP və Vens səfərləri barədə: “Ermənistan rəhbərliyi İrana qarşı addımların atılmasına imkan verməyəcəklərini bildirib”

2026/02/dfsd1-1770872103.jpg
Oxunub: 532     09:00     12 Fevral 2026    
“Ermənistanın yüksək vəzifəli rəsmiləri bizi daim Ermənistanın xoş niyyətləri barədə əmin ediblər. Onlar regionda təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər hansı vəziyyətin yaranmamasına ümid edirlər. Bu, həm də bizim istəyimizdir ki, Cənubi Qafqazda sülh olsun”.

Ordu.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami deyib.

Onun sözlərinə görə, İran bütün səmimiyyəti və ciddiliyi ilə ABŞ ilə danışıqlara qoşulub.

“Bizim bütün müdafiə imkanlarımız olsa da, diplomatiyaya üstünlük veririk. Hesab edirik ki, sağlam düşüncə qalib gələ bilər. Düşünürəm ki, cənab Vens İrəvana səfəri zamanı verdiyi müsahibələrdən birində “diplomatiya effektiv ola bilər” demişdi. Ermənistanın yüksək vəzifəli rəsmiləri bizi daim Ermənistanın xoş niyyətləri barədə əmin ediblər. Onlar regionda təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər hansı vəziyyətin yaranmamasına ümid edirlər. Bu, həm də bizim istəyimizdir ki, Cənubi Qafqazda sülh olsun və sülh bərqərar edilsin”, - deyə Şirğolami qeyd edib.

İranın regionda TRIPP (Zəngəzur dəhlizi-red.) vasitəsilə ABŞ-nin mövcudluğunun genişlənməsini necə qiymətləndirdiyi barədə suala səfir belə cavab verib:

“Biz bu imkanlara ümid bəsləyirik və Ermənistanın da onların reallaşmasına müsbət yanaşdığını görürük. Bu gün (fevralın 11-i-red.) mən Ermənistan prezidenti Vahaqn Xaçaturyan ilə görüş keçirdim. Çox səmimi və dostluq şəraitində söhbət etdik. Bildirdim ki, səylərimizi şimal-cənub və şərq-qərb yollarının açılmasına yönəltməliyik. Həmçinin Culfа-Naxçıvan-Arazdəyən dəmir yolunun işə salınması üzərində çalışmalıyıq ki, Fars körfəzi ilə Qara dəniz arasında əlaqə yaradılsın. Bu, hamımız üçün çox böyük imkanlar yaradacaq.

Ermənistan rəhbərliyi bildirib ki, İrana qarşı hər hansı addımların atılmasına imkan verməyəcəklər. Ola bilsin, indi bu barədə danışmaq üçün tezdir, amma gələcəkdə bu mövzu üzərində çox ciddi düşünə bilərik”.

Nikol Paşinyanın gözlənilən səfərinə toxunan səfir deyib: “Nikol Paşinyanın səfəri 2026-cı il üçün gündəliyimizdə yer alır və il ərzində planlaşdırılmalıdır. Keçən il İran prezidenti Ermənistana səfər etmişdi. Bu il də Ermənistanın Baş nazirinin səfərinin baş tutmasını planlaşdırırıq. Ümid edirik ki, səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji sənəd imzalanacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin