Erməni ekspert: “ABŞ Ermənistana investisiya qoymayacaq, o, investisiyalar üçün “yaşıl işıq” yandırır”

2026/02/1770841854.jpg
Oxunub: 301     11:55     12 Fevral 2026    
“Hesab edirəm ki, Vensin səfərini nə kiçiltmək, nə də şişirtmək lazımdır. Sadəcə olaraq siyasətin incəliklərini və ABŞ-nin maraqlarını düzgün anlamaq vacibdir”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Yeri gəlmişkən, Trampın ikinci administrasiyası dövründə ABŞ Cənubi Qafqazda son 30 ildə bütün administrasiyaların nail olmağa çalışdığı hədəfə hər zamankından daha yaxındır. Söhbət Rusiyanı öz təsir zonasından məhrum edərək regionda təsirini möhkəmləndirməkdən gedir. Bu, Corc Buşun kiçik administrasiyasına Gürcüstan faktoru vasitəsilə mümkün olmadı. Amma bu gün bunun Ermənistan və Azərbaycanın köməyi ilə baş tutması ehtimalı var.

Bir neçə mühüm məqam.

ABŞ Ermənistana investisiya qoymayacaq, əksinə, ABŞ şirkətlərinə milyardlarla dollar dəyərində ABŞ texnologiyalarını və məhsullarını Ermənistana satmağa imkan verəcək”, - deyə o qeyd edib.

Sarkisyan bildirib ki, əslində, hazırda məhz Tramp administrasiyası dünyadan investisiyaları ABŞ-yə cəlb edir, ABŞ məhsullarını, silahlarını və texnologiyalarını müxtəlif ölkələrə satır.

“Vens nə Ermənistana, nə də Azərbaycana dəstək verir. O, Mərkəzi Asiyadan Avropaya qədər ABŞ-nin geosiyasi maraqlarını irəli aparır və həmin marşrutun bir hissəsi TRIPP-dən keçir. Bu, normal haldır.

O, həmçinin Paşinyana dəstək vermir, sadəcə ABŞ üçün sərfəli gündəliyə xidmət edəcək tərəfi dəstəkləyir. Bu da real siyasətin normal təzahürüdür.

ABŞ üçün əməkdaşlıq baxımından Ermənistan və Azərbaycan eyni müstəvidədir. Lakin onlarla amil nəzərə alınarsa, Azərbaycanın əhəmiyyəti daha böyükdür.

Qeyd etdiyim kimi, ABŞ hökuməti investisiya etmir, investisiyalar üçün “yaşıl işıq” yandırır və texnologiyaların ixracı üçün müvafiq icazələr verir. Eyni addım həm Ermənistan, həm də Azərbaycan üçün atılıb. Bundan kimin nə qədər yararlana biləcəyi həmin ölkənin hakimiyyətinin bacarığından asılıdır.

Azərbaycana satılan təhlükəsizlik və kəşfiyyat avadanlıqları Ermənistana qarşı deyil, İranla dəniz və quru sərhədinin mühafizəsinə yönəlib.

“Soyqırımı” (qondarma-red.) ilə bağlı tvitin silinməsinə gəlincə, bu, çox qeyri-ciddi addımdır və Vensin komandasının səhvidir”, - deyə o qeyd edib.

Sarkisyan vurğulayıb ki, Vensin Ermənistan seçkilərinə ümumiyyətlə toxunması da səhv idi.

“Axı son on ildə ABŞ-də əsas siyasi mövzulardan biri seçkilərə Rusiya və ya digər dövlətlərin müdaxiləsi və bunun yolverilməzliyi olub”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin