Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr Qrupu”nun həmtəsisçisi Vahe Hovhannisyan “Facebook” səhifəsində yazıb.
O sual verib ki, “qərbyönlü cəmiyyət” indi Avropaya gedir, yoxsa ABŞ-yə?
“Nikol onları hara aparır? Mövcud dünyada bunlar tamamilə fərqli anlayışlardır. Bu iki mərkəz fərqli qısamüddətli və strateji məqsədlərlə demək olar ki, soyuq müharibə vəziyyətindədir. Biz hara gedirik? Əgər hakimiyyətə qarşı olan qüvvələr bu sualı düzgün və israrla qoysalar, cəmiyyət anlayacaq ki, bu hakimiyyət bizi yalnız bir yerə, Türkiyənin ucqar vilayətinə aparır.
ABŞ-də demokratlar hakimiyyətə gəlsələr, “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) aqibəti nə olacaq? Böyük ehtimalla amerikalılar qısa müddətdə geri çəkiləcək və paylarını yeganə alıcıya, türklərə və azərbaycanlılara satacaqlar”, - deyə Hovhannisyan qeyd edib.
Hovhannisyanın qiymətləndirməsinə görə, aydındır ki, dövlət aparatına və “Vətəndaş Müqaviləsi” partiyasının fəallarına hər yerdə 9 milyardlıq investisiyadan danışmaq tapşırılıb.
“Amma bu yalanın ömrü 24 saat belə çəkmədi. İndi Artsrun Hovhannisyan da yoxdur ki, günahı onun üzərinə atıb deyəsiniz: “Noyabrın 8-nə qədər bizi aldadıb, qalib gəldiyimizi düşünürdük...”. Müstəqil düşünmək pis deyil.
“Tsitsernakaberd” ziyarəti ilə bağlı paylaşımı silmək və Bakıda “Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığı tolerant mühit hökm sürür” deyə bəyan etmək... İnsan heyvandan həm də ləyaqət anlayışı ilə fərqlənir. Erməni kilsələri fonunda belə sözləri eşitmək və Vensi alqışlamaq təhqiredicidir”, - deyə o qeyd edib.
Hovhannisyan yazıb ki, heç bir qarşılıqlılığın olmadığı məlum olub.
“Heç bir. Türk və azərbaycanlı sürücülər həmin yolda sərbəst hərəkət edəcəklər. Amma Azərbaycanın ərazisindən Rusiyaya doğru avtomobil sürəcək bir erməni sürücü olmayacaq. Yenə xatırladıram: bu prosesdə “Artsrun” yoxdur, sonra deməyin ki, başa düşmürdük, bizi aldatdılar.
Vens uzaq ABŞ-yə qayıtdı. Tərəflərin hər biri öz payını aldı. Biz nə aldıq?
Ermənistan Azərbaycanın ən sərt şərtini, Azərbaycanın iki hissəsi arasında maneəsiz dəhliz verilməsi tələbini qeyd-şərtsiz yerinə yetirməklə nə qazandı? Əvəzində nə aldı? İrəvandan Qafana normal gedə bilmirsən”, - deyə o qeyd edib.
Hovhannisyanın sözlərinə görə, eyni dəhliz şərti 2020-ci ildə Qarabağın ermənilərin nəzarəti altında saxlanılması müqabilində irəli sürülmüşdü və eyni hakimiyyət o vaxt qışqırırdı ki, dəhliz olmayacaq.
“İndi dəhlizi verirlər, Qarabağ yoxdur, bizə deyirlər: sevinin və alqışlayın. Qarabağı itirmiş, sarsılmış xalqın bir hissəsi isə baş verəni və baş verəcək olanı anlamadan alqışlayır.
Bütün daxili sahələri iflasa uğratmış bir hakimiyyət xarici nağıllarla aldatmağa çalışır. Amma nağıl çox kədərlidir, Vensin səfəri buna şahiddir. Zəngəzur Azərbaycan yolunun, mədənlərin regionuna çevrilir və amansız şəkildə istismar olunacaq. ABŞ vasitəçiliyindən real fayda əldə edə bilməmək ayrıca bir “istedad”tələb edir.
Bununla belə, hətta indiki vəziyyətdə də, razılaşmalar hələ xam olduğu müddətdə danışıqlar aparmaq və prosesi daha müsbət istiqamətdə idarə etmək mümkündür. Növbəti hakimiyyətlər bu andan etibarən seçki proqramlarında bu məsələnin həlli yollarını əks etdirməlidirlər”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az