Erməni siyasi xadim: “TRIPP qapalı, hasarlanmış yol olacaq, bir başdan daxil olub o biri başdan çıxacaq, ermənilər istifadə etməyəcək”

2026/02/Ekran-1770840969.jpg
Oxunub: 368     11:31     12 Fevral 2026    
“Amerikalılar gizlətmirlər ki, məqsədləri Rusiyanı bu regiondan həm iqtisadi, həm də siyasi baxımdan sıxışdırıb çıxarmaq, İranı zəiflətmək, onun ətrafındakı halqanı daraltmaq və Mərkəzi Asiyanın, eləcə də Ermənistanın faydalı qazıntılarını ABŞ-yə çatdırmaqdır”.

Ordu.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyan deyib.

“Xatırlayırsınızsa, Mərkəzi Asiyanın beş ölkəsinin rəhbərləri ABŞ-də idi və məhz eyni məsələni, enerji, neft-qaz və xammal resurslarının bu TRIPP (Zəngəzur dəhlizi-red.) yolu ilə ABŞ-yə daşınmasını müzakirə edirdilər. Ermənistan burada heç nə qazanmır, çünki məsələ Türkiyə-Azərbaycan layihələrinin həyata keçirilməsidir. Heç kim deyə bilmir ki, Ermənistan bu yoldan faydalanacaq. Dəfələrlə sual vermişəm: erməni sərnişin həmin dəmir yolundan istifadə edə biləcəkmi? Biz suveren ərazimizdən keçəcək elektrik şəbəkələrinin, qaz kəmərlərinin, neft kəmərlərinin təmirində və ya istismarında iştirak edə biləcəyikmi? Nəticə etibarilə ermənilər həmin insanları ümumiyyətlə görməyəcək. Bu, tranzitdir, dəhlizdir və bizim ərazimizdən keçən, amma bizimlə əlaqəsi olmayan bir yoldur.

Baxın, Ermənistanın nə qədər suveren ərazisi bu layihəyə veriləcək və biz onun üzərində nəzarətə malik olmayacağıq. Təkcə dəmir yolu deyil, qaz və neft dəhlizləri də olacaq və onların hər biri yenə 100 metr enində olacaq. Eyni şəkildə yüksək gərginlikli elektrik xətləri, magistral yollar da olacaq. Yəni Ermənistanın cənub hissəsinin kifayət qədər böyük bir sahəsi bu quruma veriləcək. Biz suveren ərazimizi başqasının istifadəsinə veririk, amma özümüzün ondan istifadə hüququmuz olmayacaq. Bu, qapalı, yəqin ki, hasarlanmış yol olacaq, bir başdan daxil olacaq, o biri başdan çıxacaq”, - deyə o qeyd edib.

Manukyanın sözlərinə görə, Rusiyanın buna reaksiya verməməsi qəribədir və nəticədə region KTMT-nin təsir zonasından çıxaraq Azərbaycan təsir zonasına keçir.

“Bütün bunlar Azərbaycan və ABŞ-nin təsiri altında olacaq. Burada İsrail çox mühüm rol oynayır. Bu layihələr İsraildə yazılır, ABŞ-yə ötürülür və bu regionda həyata keçirilir. Bu prosesdə siyasi komponent iqtisadi komponentdən qat-qat üstündür”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manukyan   Ermənistan  


Bizi "telegram"da izləyin