Ordu.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyan deyib.
“Əvvəla, yanacağı başqa yerdən gətirmək bizim üçün artıq problemdir. Qazaxıstan və Rusiya ilə nüvə yanacağının qarşılıqlı təchizatı və dəstəyi barədə müqaviləmiz var ki, bu da bizə bu nüvə üçlüyü ilə işləmək üçün əlverişli şərait yaradır. Rusiya ilə sırf iqtisadi və texniki baxımdan da bir sıra üstünlüklər var. Bizim bütün personalımız həmin texnologiyalar əsasında təhsil alıb, inkişaf edib və peşəkarlaşıb. Yəni bizim məktəbimiz, bütün elmi və istismar sahəmiz məhz bu tip nüvə mütəxəssislərindən ibarətdir.
Təhlükəsizlik baxımından Beynəlxalq Atom Enerjisi Agentliyi bir neçə dəfə gəlib bizim atom elektrik stansiyasını yoxlayıb və bunun nəticəsində 2036-cı ilə qədər təhlükəsiz enerji almaq imkanımız var. Üstəlik, stansiyanın bağlanması ilə bağlı beynəlxalq təzyiqlər Avropadan, ABŞ-dən və Türkiyədən gəlir”, - deyə o bildirib.
Manukyanın sözlərinə görə, Ermənistan mütləq atom enerjisinə malik olmalıdır, sadəcə qərar verilməlidir ki, hansı texnologiyalarla, Fransa, Cənubi Koreya, ABŞ, yoxsa Rusiya texnologiyaları ilə olmalıdır: “Bunların hamısı müzakirə oluna bilər. Amma bu sahədə müzakirə mövzusu olmayan, istisna edilməli variant modul tipli atom elektrik stansiyasıdır. Heç bir ölkədə modul tipli atom elektrik stansiyası yoxdur. Çində bir-iki ədəd var, o da mədənlərdə, eksperimental məqsədlə istifadə edilir. Onlar əhalinin olmadığı ərazilərdədir və hətta riskli olsa belə, sızma baş versə belə, geniş ictimai zərər vurmaz. Ruslarda da Şimal Buzlu okeanında, məsələn, “Lomonosov” gəmisində belə variant var. Modul stansiyaların çevikliyi sivilizasiyadan 5 min kilometr uzaq yerlər üçün nəzərdə tutulub.
Sıx məskunlaşmış Ermənistan kimi ölkədə belə riskli stansiya yerləşdirmək olmaz. Çox sadə səbəbə görə: onlar sınaqdan keçirilməyib, heç bir lisenziyadan keçməyib.
Əgər bu qədər təriflənən bir şeydirsə, əvvəlcə öz ölkənizdə quraşdırın. Ən azı üç il işləsin, yalnız müsbət rəylər olsun, sonra onu başqa yerdə tətbiq etməyə cəhd edin. Ermənistanda bunu yerləşdirmək olmaz”, - deyə o vurğulayıb.
O, Litvanın nümunəsini gətirib. Litva avropalıların və amerikalıların təkidi ilə öz atom elektrik stansiyasını bağlayıb, yeni modul tipli stansiya tikəcəklərinə söz veriblər, lakin tikməyiblər.
“Hazırda Rusiya texnologiyaları ilə atom elektrik stansiyaları Türkiyədə və İranda tikilib, çünki onlar da bunun ən yaxşı texnologiyalar olduğunu bilirlər.
Elan edirlər ki, biz guya Azərbaycanın enerji sisteminə qoşuluruq və bu proqram çərçivəsində atom elektrik stansiyasının bağlanması nəzərdə tutulur. Baxın, biz qaz və nefti Azərbaycandan alacağıq. Bütün bunları siz türklərin və Azərbaycanın istəyi ilə edirsiniz”, - deyə “Erməni Milli Konqresi” partiyasının sədr müavini bildirib.
O, Ermənistan ictimaiyyətini daha çox araşdırma aparmağa və maariflənməyə çağırıb: “Parlaq kağız veriblər, amma içərisində zəhər var və gələcəkdə risklər yaradacaq. Bu səfər diplomatiya baxımından müsbətdir, lakin bu zurnanın səsini biz sonra eşidəcəyik. Sonra görəcəyik ki, amerikalıların, azərbaycanlıların və İranın əməkdaşlığı nəticəsində Ermənistan hansı siyasi itkilərlə üzləşəcək”.
Alpər Mövludoğlu
Ordu.az