Erməni deputat: “Paşinyanın masasına sorğular qoyulub, sarsıntı keçirib”

2026/02/Ekran-1770840071.jpg
Oxunub: 361     12:14     12 Fevral 2026    
“Namizədliyi irəli sürülən şəxslərə təzyiq göstərilir. Yəni əgər sən “Mülki Müqavilə” (KP) partiyasından deyilsənsə, seçki siyahılarına daxil edilmək hüququn yoxdur. Həmin şəxslər və onların yaxınları işdən azad edilir. Başqa repressiya necə olur?”.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib.

“Başqa repressiya necə olur? Bu da az imiş kimi, seçkidən sonrakı proseslərdə artıq anlayırlar ki, xalqın etimadını itiriblər. Məndə olan məlumata görə, son sorğular da Nikol Paşinyanın masasına qoyulub və həmin sorğular onu sarsıdıb. Çünki mənzərə onun üçün çox acınacaqlıdır və müxalif qüvvələrin qarşıdakı seçkilərdə qələbə qazanmaq üçün bütün imkanları var. Buna görə də sarsıntı keçirib və belə proseslərlə digər insanları qorxutmağa, təzyiq göstərməyə, onların fəal iştirakının qarşısını almağa çalışır”, - deyə o bildirib.

Danielyan qeyd edib ki, Ermənistan vətəndaşının seçki proseslərində fəal iştirak etmək, səsini ucaltmaq, mövqeyini bildirmək və qanun çərçivəsində təşviqat aparmaq hüququ var. “İndi isə müxalifəti bütün bu hüquqlardan məhrum etmək istəyirlər. Təşviqat aparmaq hüququ yalnız hakimiyyətə məxsusdur, özü də qanunsuz üsullarla… Hakimiyyətin əlində güc strukturları var və bu güc strukturları siyasi fərqli düşünənləri sıxışdırmaq üçün istifadə olunur.

Artıq 60-dan çox siyasi məhbus var, indi də bir neçə onlarla əlavə etmək istəyirlər. Bu, müəyyən mühit yaratmaq üsuludur. Amma mənim dərin əminliyimə görə, onların planı baş tutmayacaq. Çünki biz və tərəfdarlarımız, müxalif düşərgədə olan hər kəs yaxşı anlayır ki, onlar yenidən hakimiyyətdə qalacaqları təqdirdə nə edəcəklər. İndi belə davranırlarsa, yenidən seçilsələr nə edəcəklərini təsəvvür edin. Yəqin ki, artıq müxalif qüvvələrə səs verən insanların dalınca gedəcəklər ki, niyə filan müxalif qüvvəyə səs vermisən və bunu da cinayət məsuliyyətinə çevirəcəklər.

Artıq qeyri-rəsmi olaraq Ermənistanda müxalif olmaq kriminal hesab olunur. Əgər sən müxalifsənsə, artıq cinayət işi hazırdır”, - deyə o bildirib.

Erməni müxalif deputat beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara, hüquq müdafiə institutlarına və beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistanda baş verən proseslərə diqqət yetirməyə çağırıb: “Bu avtoritar, diktator rejimi daha dəstəkləməyin. Öz ölkələrində belə bir şey baş versə, buna dözərlərmi? Onlar dözərdilərmi ki, məsələn, seçki prosesində iştirak edən qüvvə öz tərəfdarlarını ona səs verməyə çağırdığı üçün həmin qüvvənin nümayəndəsi cəzaçəkmə müəssisəsinə salınsın?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Danielyan  


Bizi "telegram"da izləyin