İran səfiri TRIPP barədə: “Ermənistan rəhbərliyi bəyan edib ki, İrana qarşı hər hansı addımların atılmasına imkan verməyəcək”

2026/01/1768412314.jpg
Oxunub: 530     09:19     12 Fevral 2026    
“Ermənistanın yüksək vəzifəli rəsmiləri daim bizə Ermənistanın xoş niyyətləri barədə təminat veriblər. Onlar həmişə ümid edirlər ki, regionda təhlükəsizliyi poza biləcək hər hansı vəziyyət yaranmayacaq. Bu, bizim də arzumuzdur ki, Cənubi Qafqazda sülh olsun və sabitlik bərqərar edilsin”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami deyib.

“İran ABŞ ilə danışıqlara tam səmimiyyət və ciddi niyyətlə daxil oldu. Müdafiə imkanlarımız kifayət qədər olsa da, biz diplomatiyaya üstünlük veririk. Hesab edirik ki, sağlam düşüncə qalib gələ bilər. Zənnimcə, cənab Vens İrəvana səfəri zamanı müsahibələrinin birində demişdi: “Diplomatiya effektiv ola bilər”. Ermənistanın yüksək vəzifəli rəsmiləri daim bizə Ermənistanın xoş niyyətləri barədə təminat veriblər. Onlar həmişə ümid edirlər ki, regionda təhlükəsizliyi poza biləcək hər hansı vəziyyət yaranmayacaq. Bu, bizim də istəyimizdir ki, Cənubi Qafqazda sülh və sabitlik təmin olunsun”, - deyə o qeyd edib.

Regionda TRIPP (Zəngəzur dəhlizi-red.) vasitəsilə ABŞ-nin mövcudluğunun genişlənməsini İranın necə qiymətləndirdiyinə dair suala səfir belə cavab verib:

“Ümid edirik ki, Ermənistanın müsbət yanaşdığı bu imkanlar həyata keçiriləcək. Bu gün Ermənistan prezidenti Vahaqn Xaçatryanla görüşüm oldu. Çox səmimi və dostluq şəraitində söhbət etdik. Bildirdim ki, şimal-cənub və şərq-qərb yollarının blokadadan çıxarılması üçün səylərimizi birləşdirməliyik. Həmçinin Culfa-Naxçıvan-Arazdəyən dəmir yolunun işə salınması üzərində çalışmalı olduğumuzu qeyd etdik ki, bununla Fars körfəzi-Qara dəniz bağlantısı yaradılsın. Bu, hamımız üçün böyük imkanlar açacaq.

Ermənistan rəhbərliyi bəyan edib ki, İrana qarşı hər hansı addımların atılmasına imkan verməyəcək. Ola bilsin ki, indi bu barədə danışmaq tezdir, lakin gələcəkdə bunu ciddi şəkildə müzakirə edə bilərik”.

Nikol Paşinyanın gözlənilən səfərinə toxunan səfir deyib: “Nikol Paşinyanın səfəri 2026-cı il üzrə gündəliyimizdədir və il ərzində planlaşdırılmalıdır. Ötən il İran prezidenti Ermənistana səfər etmişdi. Bu il isə Ermənistanın Baş nazirinin səfərinin baş tutmasını planlaşdırırıq. Ümid edirik ki, səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji sənəd imzalanacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin