Ordu.az xəbər verir ki, bu barədə bu gün İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.
Səfir çıxışında əvvəlcə qeyd edib ki, İran bu 47 il ərzində müəyyən düşmənçilik hərəkətlərinə və maneələrə baxmayaraq, iqtisadiyyat, infrastruktur, elm, texnologiyalar, mədəniyyət və incəsənət, eləcə də müdafiə sahələrində mühüm nailiyyətlər əldə edib və bu, ölkəni bəzi istiqamətlər üzrə dünyanın qabaqcıl dövlətləri sırasına çıxarıb.
“Düşmənçilik, sanksiyalar və müharibələrin qızışdırılması da daxil olmaqla heç nə İran xalqının inkişaf yolunu davam etdirməsinə mane ola bilməyib.
Ölkəmiz son dövrlərdə çətin günlər yaşadı, xalqın haqlı və qanuni etiraz aksiyaları təşkilatlanmış qüvvələr tərəfindən təhrif edilərək zorakılığa çevrildi, xarici müdaxilə üçün bəhanə yaradıldı və ölkəni xaosa sürükləmək cəhdləri oldu. Lakin güclü və tarix yaradan sivilizasiyanın varisi olan uca İran xalqı bir daha göstərdi ki, heç vaxt başqalarının onun təhlükəsizliyini və kimliyini təhlükə altına qoymasına imkan verməyəcək”, - deyə İran səfiri qeyd edib.
O, Ermənistanla əlaqələrə də toxunaraq bildirib: “Bu il Ermənistanın müstəqilliyinin 35-ci ildönümü qeyd olunur. İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Əlbəttə, İran və Ermənistan xalqları arasında dostluq və əlaqələr minilliklərə söykənir və bu gün gördüklərimiz həmin tarixi, mədəni və sivilizasiya bağlarının davamının təzahürüdür. İranda yaşayan 150 minlik erməni icması və ölkədə mövcud olan onlarla mühüm erməni dini-mədəni abidəsi bu ayrılmaz əlaqənin sübutudur. İran ilə Ermənistan arasında münasibətlərin tarixində səmərəli və nailiyyətlərlə zəngin bir il qeydə almışıq.
2025-ci ildə iki ölkə arasında tarixi, qardaşlıq və strateji münasibətlər müsbət hadisələrlə zəngin olub. İki ölkənin rəsmi şəxsləri arasında mühüm qarşılıqlı səfərlər həyata keçirilib, onların zirvə nöqtəsi isə 2025-ci ilin avqustunda İran prezidenti doktor Məsud Pezeşkianın İrəvana səfəri olub. Bundan əlavə, iqtisadi, siyasi, təhlükəsizlik və müdafiə sahələrində çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub”.
Səfir, xüsusilə, İranın Ermənistanla əməkdaşlıq çərçivəsində əldə etdiyi nəticələrdən bəhs edib: “Son bir il ərzində mühüm nailiyyətlər qeydə alınıb. Bunlara İran prezidentinin İrəvana səfəri zamanı əməkdaşlığa dair 12 memorandumun imzalanması, görüşlərin və siyasi məsləhətləşmələrin keçirilməsi, müdafiə əlaqələrinin yüksək səviyyədə inkişafı, beynəlxalq təşkilatlarda və platformalarda qarşılıqlı dəstək, təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni anlaşma memorandumu sənədinin hazırlanması, Birgə Konsulluq Komissiyasının 13-cü iclasının keçirilməsi, İran şirkətinin Qacaran böyük tunel layihəsi üzrə tenderdə qalib elan edilməsi, 70 nəfərlik erməni biznes nümayəndə heyətinin “İran Expo 2025” sərgisində iştirakı, həmçinin İran ilə Ermənistan arasında strateji əməkdaşlığa dair hərtərəfli sənədin hazırlanması daxildir. Ümid edirik ki, bu sənəd 2026-cı ildə Ermənistanın Baş naziri cənab Paşinyanın Tehrana edəcəyi səfər zamanı imzalanacaq.
2025-ci ilin ilk 11 ayı ərzində müdafiə sahəsi istisna olmaqla, İran ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 698 milyon dollara çatıb və iki ölkə rəhbərləri tərəfindən müəyyən edilmiş 3 milyard dollarlıq hədəf hələ qarşıdadır”.
Şirğolaminin sözlərinə görə, bu gün İran ilə Ermənistan arasındakı münasibətlər inkişaf mərhələsinə daxil olub və iki ölkə rəhbərləri arasındakı qarşılıqlı etimad bu münasibətlərin və strateji tərəfdaşlığın əsas kapitalıdır:
“Biz münasibətləri hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində institusionallaşdırmağı planlaşdırırıq ki, əməli yol xəritəsi əsasında əməkdaşlığın həm miqyası, həm də dərinliyi ciddi şəkildə genişlənsin.
İran Cənubi Qafqazda sülh prosesini alqışlayır və əmindir ki, regionun hərtərəfli inkişafı və əlaqələrin dərinləşməsi üçün əsas şərt region xalqları arasında sülh və dostluqdur”.
O qeyd edib ki, İran regionun bütün ölkələrinin nəqliyyat və tranzit imkanlarından istifadə çərçivəsində kommunikasiyaların inkişafına və açılmasına böyük əhəmiyyət verir: “Cənubi Qafqaz regionunda qarşılıqlı etimada əsaslanan əməkdaşlıq və sinerjinin region xalqlarının inkişafına və rifahına xidmət edə biləcəyi böyük iqtisadi potensial mövcuddur.
İran öz strategiyasında güclü, inkişaf etmiş və firavan Ermənistan görmək istəyir. Uzunmüddətli ənənələrə, tarixi, sivilizasiya və mədəni bağlara əsaslanan İran və Ermənistan xalqları arasındakı dostluğun böyümə, inkişaf, tərəqqi, daha sıx qarşılıqlı əlaqə və tərəfdaşlıq üçün aydın yolu var. İrəvandakı İran səfirliyi dövlət qurumları ilə sıx əlaqə və əməkdaşlıq yolu ilə bu ümidverici baxışın həyata keçirilməsinə töhfə verməyə çalışacaq”.
Alpər Mövludoğlu
Ordu.az