Ermənistan Baş naziri: “Metsamor” AES-in bağlanması öhdəliyini Serj Sarkisyan götürüb”

2026/02/1770823924.jpg
Oxunub: 414     19:31     11 Fevral 2026    
“Metsamor” Atom Elektrik Stansiyasının bağlanmalı olması ilə bağlı öhdəlik Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi çərçivəsində Serj Sarkisyan tərəfindən götürülüb”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin modul tipli atom stansiyası barədə danışmaqla “Metsamor” AES-in bağlanmasına zəmin hazırlandığına dair ittihamlarına cavab verərkən bildirib.

“Hazırda biz yeni atom elektrik stansiyasının tikintisi məsələsini bir neçə tərəfdaşla, Rusiya, ABŞ, Fransa, Koreya, Cənubi Koreya və Çinlə müzakirə edirik. ABŞ da artıq açıq şəkildə bir, iki, üç saziş imzalayıb. Aİ investisiyaları çərçivəsində hazırda 900 milyon avroluq proqramlarımız var və yaxın vaxtlarda bu proqramlar artacaq.

Yeri gəlmişkən, Şimal-Cənub avtomobil yolunun Sisian-Qacaran hissəsinin tikintisi üzrə də bu paket çərçivəsində investisiyalar həyata keçiriləcək”, - deyə o bildirib.

Müxalifətin Ermənistanda daha yaxşı pilotsuz uçuş aparatlarının olduğu və ABŞ-dən belə pilotsuz uçuş aparatlarının alınmasına ehtiyac olmadığı barədə iddialarına toxunan Paşinyan deyib: “Gizlətməyəcəyəm, Ermənistanda yaxşı məhsullar var və biz həmin yaxşı məhsulları da alırıq. ABŞ-dən də yenə yaxşı məhsullar alırıq və öz yaxşı məhsullarımızı da ABŞ-yə satmağa hazırıq. Bu, tamamilə normal əməkdaşlıqdır və biz bu ruhda davam etməyə çalışacağıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin