“Biz 2018-ci ildən etibarən heç bir seçkini saxtalaşdırmamışıq, seçki saxtakarlığından danışanlar isə minlərlə bülleten “yeyiblər” - Paşinyan

2026/02/1770823592.jpg
Oxunub: 409     19:25     11 Fevral 2026    
“Təəssüf ki, bizə normal müxalifət qismət olmadı. Mediaya, siyasi diskursa baxırsan, tamamilə qıcolmalar, isteriya… Amma bu gün, parlament-hökumət sual-cavabında Baş nazirə sual vermək imkanı olduğu halda, müxalifət yoxdur”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lilit Minasyan deyib.

Minasyan qeyd edib ki, o qıcolmalar ABŞ-nin vitse-prezidentinin səfəri ilə bağlı idi.

“Deyirlər ki, Vensin Bakıya səfəri Ermənistana səfərindən daha ciddi olub, hətta belə bir fikir var ki, o, Bakıya gedərkən sadəcə İrəvanda dayanıb. İkincisi, deyirlər ki, ABŞ Nikol Paşinyana “kart-blanş” verib və seçkilərdə onu dəstəklədiyi üçün ona istənilən qanunsuzluğa icazə verəcək, hətta seçkilərin saxtalaşdırılmasına da kömək edəcək.

Sonra deyirlər ki, guya hökumətin xüsusi tərcüməçisi qəsdən səhv tərcümə edib ki, söhbətin dövlət borcu hesabına tikiləcək atom elektrik stansiyasından getdiyini başa düşməyək və həmin borcu vətəndaşlar ödəyəcək. Daha sonra deyirlər ki, Aİ 2,6 milyard avro investisiya barədə bəyanat verir və yenə də iddia edirlər ki, bu da eyni ritorikadır və heç nə baş verməyəcək.

Həmçinin yalan məlumat yayırlar ki, guya heç bir vəzifəli şəxs Vensi müşayiət etməyib”, - deyə o bildirib.

Minasyan Ermənistan Baş naziri Nikol Paşinyandan bu ittihamlara münasibət bildirməsini xahiş edib.

Cavabında Paşinyan deyib: “ABŞ-nin vitse-prezidentinin səfərindən daha zəngin gündəmi təsəvvür etmək çətindir. Belə zəngin gündəmlə səfərlər çox olmur. Gündəliyə TRIPP (Zəngəzur dəhlizi-red.) daxil idi, avqustun 8-də Vaşinqtonda imzalanmış üç niyyət memorandumu daxil idi. TRIPP çərçivəsində mümkün elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolu məsələləri müzakirə olunub.

Üstəlik, rəsmi səfər zamanı Ermənistana ən müasir kəşfiyyat texnikasının təqdim olunması nadir haldır. Bu, Ermənistan ilə ABŞ arasında hərbi-texniki əməkdaşlıq yolunun açıldığını göstərir. Pilotsuz uçuş aparatının nümayiş etdirilməsinin mənası da bu idi”.

Seçkilərin saxtalaşdırılması ehtimalına toxunan Paşinyan fikrini təkrar edib: “Biz əllərimizi kəsərik, amma seçkiləri saxtalaşdırmarıq. 2018-ci ildən sonra Ermənistanda neçə seçki saxtalaşdırılıb? İrəvan şəhərində seçkilərin nəticələri 70 və ya 120 bülletenlə həll olunub. Bunu deyənlər o 120 bülleteni sadəcə yeyərdilər. Bizə seçkiləri saxtalaşdıra biləcəyimizi deyənlər nəinki yeyərdilər, hətta minlərlə belə bülleten “yeyiblər”. İndi isə həmin adamlar gəlib mənə seçki saxtakarlığından danışırlar?”.

Paşinyan qeyd edib ki, “Tsitsernakaberd”ə səfər zamanı Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri ABŞ-nin vitse-prezidentini müşayiət edib və bu, həm Ermənistanda, həm də ABŞ-də qəbul olunmuş protokollara uyğun şəkildə həyata keçirilib. “Orada başqa heç nə baş verməyib”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin