Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan atom elektrik stansiyasının nə vaxt və hansı şərtlərlə bağlanacağı, həmin vaxta qədər yeni AES-in tikilib-tikilməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Beləliklə, 2036 və 2046-cı illərdən söhbət gedir. Bu müddət ərzində biz qərarlar qəbul etməliyik. Yeni atom reaktorunun əldə olunması məsələsini Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə edirik və bütün tərəfdaşlarımıza bu barədə şəffaf şəkildə məlumat veririk. Bu, taleyüklü, strateji əhəmiyyətli qərardır və qərar qəbul edərkən əmin olmalıyıq ki, hansı təklif Ermənistanın maraqlarına maksimum dərəcədə uyğundur.
Yeri gəlmişkən, uzunmüddətli perspektivdə nüvə energetikası bazarını düzgün və hərtərəfli öyrənmək kimi bir problemimiz var”, - deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, qiymətləndirmələr var ki, hazırda məlum olan nüvə yanacağı ehtiyatları 70 illikdir.
“Bu isə o deməkdir ki, 40 ildən sonra bir kilovat-saat nüvə enerjisinin qiymətinin nə qədər olacağı hesablanmalıdır. Çünki burada iqtisadi məqsədəuyğunluq və investisiyanın geri qaytarılması məsələsi də var. Hazırda istifadə olunmuş nüvə yanacağının yenidən istifadəsi də ciddi şəkildə müzakirə olunur və artıq bu sahədə təcrübə mövcuddur. Daha perspektivli variantlar da var, çünki uran və ya plutonium böyük həcmdə istifadə olunmur, hətta gələcəkdə onların kosmosdan əldə olunması texnologiyasının yaranacağı ehtimalı da var.
Burada ən vacib məsələ qiymətdir, bunun dəyəri nə olacaq? Atom elektrik stansiyası tikildikdə, onun altına elə bir iqtisadi və maliyyə mexanizmi qoyulmalıdır ki, yatırılan vəsait geri qayıtsın. Hazırda bəzi tərəfdaşlar bizi tələsdirir və deyirlər ki, qərar qəbul etmək lazımdır. Bütün hörmətlə, biz bu nüansların hamısını anlamalıyıq. Çünki fərz edək ki, 5 milyard, 4 milyard və ya 6 milyard dollar investisiya etdik, AES tikdik və uranın qiyməti 4-5 dəfə, hətta 10 dəfə artdı, bu, layihənin iqtisadi geri dönüşünə və səmərəliliyinə necə təsir edəcək? Bunlar çox ciddi suallardır və bütün ciddi məsələləri biz ən xırda detallarına qədər müzakirə etməliyik”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az