Erməni vitse-spiker: “Solovyovun bəyanatı müxalifətin xoşuna gəlib”

2022/01/96964-1643105826.jpg
Oxunub: 327     16:19     11 Fevral 2026    
“Əminəm ki, rusiyalı jurnalist Vladimir Solovyovun bəyanatı müxalifətin 100 faiz xoşuna gəlib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin növbəti iclasında “Audiovizual media haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin vitse-spikeri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan deyib.

O, müxalifətin dəyişikliklərlə hakimiyyətin repressiyalara əl atdığına dair ittihamlarına cavab olaraq bildirib: “Kimə qarşı repressiya tətbiq edirik? Ermənistana qarşı hərbi əməliyyatlara çağıran Solovyova qarşı? Zarafat edirsiniz?”.

Rubinyan son beş ildə müxalifətin “təkamülü” ilə bağlı təəccübünü ifadə edib. Onun sözlərinə görə, əvvəllər müxalifət heç olmasa Ermənistanın daxili işlərinə xarici müdaxiləyə qarşı olmadığını gizlədirdi, indi isə bunu da gizlətmir. “Qanunla Televiziya və Radio Komissiyasına Ermənistanı xarici müdaxilədən qorumaq imkanı verməyimiz pisdir? Bu, pisdir? İnsanlar sadəlövh deyil, onlar başa düşürlər ki, siz xarici müdaxilənin birbaşa faydalananlarısınız”, - deyə Rubinyan vurğulayıb.

Onun sözlərinə görə, sərhəddə hər dəfə gərginlik yarananda hakimiyyət həm xarici sərhədlərin qorunması, həm də daxili sabitliyin təmin olunması barədə düşünürdü. Rubinyanın qiymətləndirməsinə görə, müxalifət isə hər dəfə “Tanrının hədiyyəsi kimi” Ermənistanın üzərinə hücumları qəbul edir və dərhal mitinqlərlə daxili sabitsizlik yaratmağa çalışırdı.

“Bu, onlarda alınmırdı. Bundan sonra müxalifət müxtəlif din xadimlərini, sonra onların rəhbərini, daha sonra xaricdəki oliqarxları cəlb etdi. Amma yenə də alınmayacaq”, - deyə Rubinyan bildirib.

O, “Hayastan” fraksiyasının simasında müxalifəti konstitusiya quruluşunun zorla devrilməsinin tərəfdarı adlandırıb, onları hərbi çevrilişə çağırmış yüksək vəzifəli din xadimini və terror təşkil etməkdə ittiham olunan başqa bir yüksək vəzifəli din xadimini açıq şəkildə müdafiə etməkdə günahlandırıb. “Ona görə də sizə konstitusiya quruluşunun devrilməsi barədə danışmamaq daha yaxşı olar”, - deyə erməni vitse-spiker qeyd edib.

Rubinyan əlavə edib ki, indiyədək qanun komissiyanın fəaliyyətini ictimai multipleks vasitəsilə yayımlanan xarici televiziya kanalları ilə bağlı tənzimləyirdi, indi isə bu tənzimləmənin ictimai multipleksdən kənarda yayımlanan xarici televiziya kanallarına da şamil edilməsi nəzərdə tutulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin