Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin növbəti iclasında “Audiovizual media haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan bildirib.
O qeyd edib ki, ictimai multipleks üçün nəzərdə tutulan hüquqi normalar şəbəkə operatorlarına da şamil ediləcək.
Erməni nazir layihənin şəbəkə operatorlarının lisenziyalarının dayandırılması və ləğvi üçün hüquqi əsasları, meyarları və mexanizmləri dəqiqləşdirdiyini bildirib.
Onun sözlərinə görə, cərimələrlə bağlı bölmədə də dəyişikliklər edilib və şəbəkə operatorunun lisenziyasının dayandırılması və ləğvi qaydasını tənzimləyən yeni maddə əlavə olunub.
Hayrapetyan qeyd edib ki, təklif olunan dəyişikliklər audiovizual media sahəsində nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinə, qanunun tətbiq imkanlarının və praktiki effektivliyinin artırılmasına xidmət edəcək. “Qəbul olunacağı təqdirdə dəyişikliklər ikimənalı şərhlərin qarşısını almağa və bu sahədə fəaliyyət göstərən subyektlər üçün proqnozlaşdırıla bilən hüquqi mühit formalaşdırmağa imkan verəcək. Ədalətli rəqabəti təmin edən bərabər rəqabət şəraiti yaradılacaq, inhisarçı mövqedən sui-istifadə halları istisna ediləcək və bazarda qeyri-bərabər şərtlərin yaranması riskləri azaldılacaq”, - deyə Hayrapetyan vurğulayıb.
Erməni rəsmi şəxs xatırladıb ki, hökumətin hər hansı televiziya proqramına qiymət vermək səlahiyyəti yoxdur, çünki bunun üçün müvafiq qurum, Ermənistan Televiziya və Radio Komissiyası mövcuddur. “Biz bu gün arzuolunmaz məzmunla bağlı təsir rıçaqları olmayan tənzimləyici üçün hüquqi çərçivə yaradacağıq. Qiymətləndirməni məhz komissiyanın üzvləri verəcəklər. Dəyişikliklər tənzimləyiciyə müxtəlif informasiya hücumlarına reaksiya verməyə imkan yaradacaq”, - deyə o bildirib.
“Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan isə təklif olunan dəyişikliklərdə hüquqi müəyyənliyin olmadığını qeyd edib. Fraksiyanın katibi Artsvik Minasyan “daxili siyasi işlərə müdaxilə” ifadəsinin çıxarılmasını, konkret meyarların müzakirə edilərək qanuna daxil edilməsini təklif edib və layihənin qəbul edilməsini “mövcud siyasi rejimin tələbinin yerinə yetirilməsi istəyi” adlandırıb.
Hayrapetyan cavabında bildirib ki, həmin müddəanın çıxarılması onun üçün qəbuledilməzdir. O, dəyişikliklərin seçki prosesləri ilə bağlı olmadığını, Ermənistan vətəndaşları üçün informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini vurğulayıb.
“Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan qeyd edib ki, hansı hərəkətlərin daxili siyasi işlərə müdaxilə hesab olunacağı dəqiqləşdirilməyib, halbuki pozuntuya görə minimum əməkhaqqının 500 misli həcmində cərimə nəzərdə tutulur. Onun sözlərinə görə, məzmuna qiyməti hakimiyyət kvotası ilə seçilmiş komissiya verəcək və bu qurum arzuolunan obyektivlik və neytrallıq səviyyəsinə malik deyil. Erməni deputatın fikrincə, qanunda növbəti repressiv mexanizm təsbit edilir və müxaliflərin təqibi üçün geniş imkanlar yaradılır.
“Hayastan” fraksiyasının deputatı Geğam Manukyan isə qanunun konkret ölkələrin konkret televiziya kanallarını diqqət mərkəzində saxlamaq və onların yayımını dayandırmaq məqsədi daşıdığına dair şübhə ifadə edib.
Xatırladaq ki, Ermənistanın milli tezliklərində, yəni ictimai multipleksdə hazırda yalnız üç Rusiya dövlət televiziya kanalı yayımlanır.
Alpər Mövludoğlu
Ordu.az