Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərə açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeğoyan bildirib.
O, söhbətin məqbul müddətlərdən getdiyini vurğulayıb.
“Mən indi deyə bilmərəm ki, məsələn, üç ay. Söhbət böyük layihələrdən gedir. İki kilometr dəmir yolunu nə qədər vaxta bərpa etmək olar? Bir aya, iki aya, üç aya, 4-5 aya mümkündür? Deyin, mən bilmirəm”, - deyə Yeğoyan qeyd edib.
Rusiyadan dəmir yolunun bərpası ilə bağlı hələ cavab verilmədiyi barədə qeydə münasibət bildirən Yeğoyan bunun üçün də məqbul müddətin lazım olduğunu deyib: “Burada bizim əsas hədəfimiz həmin iki hissənin bərpasıdır. Dava, mübahisə, polemika etmək deyil, həmin bir tərəfdə iki-üç kilometrlik, digər tərəfdə isə daha qısa hissəni bərpa etməkdir. Bunun üçün lazım olanı edəcəyik. Standart məsələsinə gəlincə, bizim dəmir yolumuz artıq müəyyən standarta malikdir, çünki konkret formada inşa olunub.
Bəli, sürəti artırmaq üçün üsul var, relslərin altındakı taxta dayaqlar betonla əvəz olunur və bunun hesabına sürət arta bilər. Baş nazirin də dediyi kimi, bu modernizasiya təxminən 200-300 milyon dollar həcmində vəsait tələb edir. Bu həyata keçirilməlidir, çünki müasir dünyada bu zəruridir.
Söhbət sadəcə investisiya qoyuluşundan və sənədin sabah imzalanmasından getmir. Məqsəd Arazdəyəndə 2-3 kilometrlik çatışmayan hissənin və Axurikdə daha qısa çatışmayan hissənin bərpası, həmçinin qalan 100-dən artıq kilometrlik hissənin modernizasiyasıdır. Bu isə ümumilikdə təxminən 200-300 milyon dollar təşkil edir”, - deyə o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən və Axurik hissələrində dəmir yolunun təmir edilməli olduğunu və Ermənistan dəmir yolunun idarəçiliyi Rusiya tərəfinə həvalə edildiyi üçün bu işin məhz onlar tərəfindən görülməli olduğunu bəyan etmişdi.
Alpər Mövludoğlu
Ordu.az