Ordu.az xəbər verir ki, 1990-cı illərdə Qarabağ müharibəsinin birinci mərhələsi və müstəqillik hərəkatı dövründə Azərbaycanda fəaliyyətə başlayan ASELSAN bu gün artıq yalnız təchizatçı deyil, eyni zamanda ortaq texnologiyalar hazırlayan və yerli potensialın formalaşmasına dəstək verən strateji tərəfdaş mövqeyində çıxış edir.
Bakı ofisinin yaradılması prosesi
ASELSAN ilk beynəlxalq bölməsini 1995-ci ildə Bakıda açıb. 1998-ci il fevralın 11-də rəsmi qeydiyyatdan keçmiş şirkət kimi fəaliyyətə başlayan “ASELSAN Bakı” Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda fəaliyyət göstərən ilk beynəlxalq şirkətlərdən biri olub.
Müdafiə və mülki sahədə layihələr
Bu gün ASELSAN məhsulları Azərbaycanın təhlükəsizlik qurumlarında və mülki müəssisələrində geniş şəkildə istifadə edilir. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq rabitə, elektro-optik, radar, komanda-idarəetmə və radioelektron mübarizə sahələrində həllər təqdim edən ASELSAN mülki sahədə isə qənaətcil, səmərəli və ekoloji cəhətdən təhlükəsiz tətbiqlər həyata keçirir.
Özgür Kürümün dəyərləndirmələri və hədəflər
“ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm bildirib ki, ASELSAN-ın Azərbaycandakı fəaliyyəti müstəqilliyin ilk illərinə və Qarabağ müharibəsinin birinci mərhələsi dövrünə gedib çıxır.
Kürüm deyib: “Bu gün Azərbaycandakı fəaliyyətin həcmi, layihələrin sayı və müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Həm mülki, həm də hərbi sahələrə xidmət göstəririk”.
O qeyd edib ki, ASELSAN Bakı-da çalışan 42 əməkdaşdan 38-i Azərbaycan vətəndaşıdır: “Onların 20-si mühəndis və texnikdir. Bütün proseslərdə fəal iştirak edir və töhfə verirlər”.
Kürüm bildirib ki, ASELSAN-ın 16 əsas fəaliyyət istiqamətinin 13-ü üzrə Azərbaycanda layihələr icra edilir. Bu layihələr portativ radio sistemlərindən elektro-optik və kəşfiyyat-müşahidə həllərinə, avtomobil yollarında quraşdırılan yüksək sürətli çəkiölçmə sistemlərindən peyk və radiorele sistemlərinə qədər geniş sahəni əhatə edir.
O əlavə edib: “1990-cı illərdə bir nəfərlə başlayan Azərbaycandakı fəaliyyətimiz bu gün sayı 50-yə çatan və 90 faizi azərbaycanlı olan kollektivlə ortaq dəyərə çevrilib. Əsas məqsədimiz Azərbaycanda istehsal təşkil etməkdir. Bu istiqamətdə müsbət yenilikləri yaxın vaxtlarda baş direktor ictimaiyyətlə bölüşəcək”.
Sevinc Əliyeva
Ordu.az