Rusiyanın Ermənistandakı səfiri: “Cənubi Qafqaz regionu geosiyasi turbulensiyanın təsiri altındadır”

2026/02/1770797337.jpg
Oxunub: 363     12:08     11 Fevral 2026    
“Rusiya tərəfi suveren və güclü Ermənistanın mövcudluğunda maraqlıdır”.

Ordu.az xəbər verir ki, bunu diplomatik işçilər gününə həsr olunmuş qəbul zamanı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

“Rusiya tam şəkildə suveren, güclü və özünə yetərli Ermənistanın tərəfdarıdır. Əminəm ki, ölkənin birgə inteqrasiya birliklərində tamhüquqlu iştirakı buna effektiv şəkildə töhfə verir. Məsələn, AİB-yə üzvlüyün 10 ili ərzində Ermənistanın ÜDM-i 2,5 dəfə artıb”, - deyə Kopırkin qeyd edib.

O bildirib ki, Cənubi Qafqaz regionu geosiyasi turbulensiyanın təsiri altındadır.

“Bu mürəkkəb şəraitdə Rusiya və Ermənistan münasibətləri dəyişən reallıqlara uyğunlaşmanın yeni mərhələsinə qədəm qoyub. Mövcud çağırışların aradan qaldırılması hər iki tərəfdən uzunmüddətli siyasi iradə və strateji müdriklik tələb edir ki, ikitərəfli əməkdaşlığın toplanmış potensialı qorunub artırılsın”, - deyə səfir vurğulayıb.

O ümid etdiyini bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda Moskvaya səfəri bu istiqamətdə hərəkətə əlavə təkan verib.

“Ötən ilin nəticələri göstərdi ki, xarici sarsıntılara baxmayaraq, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi və investisiya tərəfdaşı, ölkənin enerji və ərzaq təhlükəsizliyinin zamanla sınaqdan çıxmış təminatçısı olaraq qalır. Mədəni-humanitar və insanlararası əlaqələr ənənəvi olaraq aktiv olub. Ruslar Ermənistana gələn xarici turistlər arasında ön sıralardadır”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan xalqları arasındakı dostluq “əcdadlardan miras qalıb, əsrlər boyu ortaq qələbələr və birgə yaradıcı fəaliyyətlə möhkəmlənib”. “Biz bu irsi qorumalı və gələcək nəsillərə ötürməliyik”, - deyə Kopırkin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin