Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin növbəti iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişiklik və əlavələr edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
Onun sözlərinə görə, “Vətənin müdafiəçisi” proqramının iştirakçıları buraxılış imtahanlarının nəticələrinə əsasən, lazımi hazırlıq keçdikdən və Silahlı Qüvvələrin müxtəlif bölmələrində müvafiq vəzifələrə təyin olunduqdan sonra attestasiya keçmiş hesab ediləcəklər.
Erməni nazir qeyd edib ki, müxtəlif hərbi təhsil müəssisələrini bitirmiş zabitlər də buraxılış imtahanlarının nəticələrinə əsasən attestasiya olunmuş sayılacaqlar. “Hər iki halda əməkhaqqına əlavələr vəzifəyə təyinat anından hesablanacaq”, - deyə Papikyan aydınlaşdırıb.
Erməni nazir həmçinin bildirib ki, hazırda “Vətənin müdafiəçisi” proqramının təxminən 4 min iştirakçısı müqaviləli hərbi qulluqçuya çevrilib və bu proses artım tendensiyası göstərir.
“Vətənin müdafiəçisi” proqramının iştirakçıları 5 illik müqaviləli xidməti başa vurduqdan sonra yeni müqavilə bağlayarkən əlavə birdəfəlik ödəniş ala biləcəklər: 2 il üçün 1,5 milyon dram, 5 il üçün isə 5 milyon dram”, - deyə Papikyan qeyd edib.
O vurğulayıb ki, təklif olunan təşəbbüslər əsasən 24-25 yaşlı hərbi qulluqçular üçün əlavə motivasiya yaratmağa yönəlib. “Bu, 30 yaşına çatdıqda həmin kateqoriyadan olan hərbi qulluqçuların Silahlı Qüvvələrdə xidmətini davam etdirməsinə imkan verəcək”, - deyə Papikyan bildirib.
Erməni nazir təsdiqləyib ki, “əla” qiymət almış zabitlərin maaşı 620 min dramdan 750 min drama qədər, bəzi hallarda isə 820 min drama qədər dəyişə bilər.
Alpər Mövludoğlu
Ordu.az