Ordu.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən "Azərbaycan-Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" forumunda deyib.
Onun sözlərinə görə, yerli innovativ məhsulların və texnoloji həllərin beynəlxalq bazarlara ixracı qurumun əsas fəaliyyət istiqamətlərindən biridir: "Azərbaycanın rəqəmsal transformasiya sahəsində topladığı praktik təcrübəni beynəlxalq müstəviyə təqdim etmək artıq real nəticələr verən strateji istiqamətə çevrilib".
S.İmaməliyev qeyd edib ki, indiyədək Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə təqdimat sessiyaları təşkil olunub: "Bu görüşlərdə Azərbaycanın qabaqcıl rəqəmsal həlləri – "mygov", "mygov ID", rəqəmsal sənəd dövriyyəsi sistemləri və "Digital Bridge" platforması təqdim edilib".
Baş direktor söyləyib ki, bu həllər Afrika ölkələri tərəfindən böyük maraqla qarşılanıb və hazırda 18-dən çox ölkə ilə platformaların adaptasiyası və pilot layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar davam edir.
O vurğulayıb ki, Türkiyə şirkətləri ilə qurulan əməkdaşlıqlar Azərbaycanın rəqəmsal məhsullarının regional və qlobal bazarlarda mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır: "Forum çərçivəsində keçirilən B2B və B2G görüşlər yeni biznes təşəbbüslərinin, birgə layihələrin və konkret əməkdaşlığın əsasını qoyacaq. Əminik ki, bu platforma uzunmüddətli və strateji tərəfdaşlıqların başlanğıcı olacaq".
Ordu.az