İRİA: Azərbaycanda beynəlxalq texnoloji şirkətlərin fəaliyyəti genişlənir

2026/02/dfgdf-1770794399.jpg
Oxunub: 339     11:11     11 Fevral 2026    
Azərbaycanda beynəlxalq texnoloji şirkətlərin fəaliyyəti genişlənir, texnopark rezidentlərinin sayı isə artmaqda davam edir.

Ordu.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş direktoru Salar İmaməliyev "Azərbaycan-Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" forumunda deyib.

O bildirib ki, forum iki ölkə arasında texnologiya və innovasiya sahəsində əməkdaşlığın praktiki mərhələyə keçməsi baxımından mühüm platformadır və real biznes əlaqələrinin qurulmasına xidmət edir: "İnnovasiyalara dəstək göstərən qurum kimi əsas prioritetlərdən biri beynəlxalq texnoloji şirkətlərin Azərbaycana cəlb edilməsi, onların yerli bazara adaptasiyası və dayanıqlı fəaliyyətinin təmin edilməsidir. Bu istiqamətdə investorlar, dövlət qurumları və assosiasiyalarla texnoloji tərəfdaşlıqlar qururuq".

Onun sözlərinə görə, mühüm addımlardan biri rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan "PricewaterhouseCoopers" (PwC) şirkəti ilə əməkdaşlığın başlanmasıdır: "Şirkətin Bakıda nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Bu nümayəndəlik yalnız əməliyyat funksiyalarını yerinə yetirməyəcək, eyni zamanda innovasiya mərkəzi kimi çalışacaq, elmi-tədqiqat və inkişaf təhlilini həyata keçirəcək. Əməkdaşlıq çərçivəsində süni intellekt istiqamətinə xüsusi diqqət ayrılacaq".

S.İmaməliyev əlavə edib ki, Türkiyə şirkəti olan "Sistem Global" da Azərbaycanda uğurlu fəaliyyət göstərir və digər türk şirkətləri üçün nümunəvi model formalaşdırır. O həmçinin bildirib ki, "Anderson Lab" şirkətinin Azərbaycanda rəsmi mərkəzi açılıb.

"19-dan artıq ölkədə fəaliyyət göstərən şirkət Azərbaycanda texnopark rezidenti statusu ilə fəaliyyət göstərir və "IT Skill Bridge" təcrübə proqramını həyata keçirir. Hazırda Texnoparkda 165 şirkət fəaliyyət göstərir. Onların 155-i yerli, 10-u isə xarici şirkətdir".

S.İmaməliyev Türkiyə şirkətlərini də texnoparka qoşulmağa dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İRİA   Azərbaycan  


Bizi "telegram"da izləyin