Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, onun səfəri günlərində paytaxtda müxtəlif məzmunlu aksiyalar keçirilib ki, bu yolla vətəndaşlar öz sözlərini yüksək səviyyəli qonağa çatdırmağa çalışırdılar.
“Etirazlar mövcud hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı tətbiq etdiyi təzyiqlərə, həmçinin din xadimlərinin və siyasətçilərin həbsi hallarına aid idi.
Hakimiyyət sual vermək imkanlarını məhdudlaşdırdığı və “Baqramyan 26”da (prezident iqamətgahı) təşkil olunmuş qısa mətbuat konfransında yalnız seçilmiş media qurumları iştirak etdiyi üçün, vətəndaşlar öz narahatlıqlarını başqa yollarla dilə gətirməyə məcbur oldular. Belə bir vəziyyətdə ictimaiyyət qeyri-klassik, lakin diqqətçəkən bir addıma əl ataraq, simsiz şəbəkələrdən (Wi-Fi) ünsiyyət vasitəsi kimi istifadə etdi”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, ABŞ vitse-prezidenti İrəvanda “Aleksandr” otelində qalırdı.
“Məhz burada dindarlar və vətəndaş mövqeyi olan sakinlər səslərini ona çatdırmağa çalışıblar. Otelin ərazisində adları konkret etiraz və xahiş xarakteri daşıyan bir sıra simsiz şəbəkələr (Wi-Fi) peyda oldu. Vətəndaşlar bu simsiz şəbəkələr vasitəsilə Vensin və ya onun nümayəndə heyətinin diqqətini Ermənistandakı ciddi problemlərə cəlb etməyə cəhd göstəriblər.
Vətəndaşların bu formatı seçməsi rəsmi platformalarda məsələ qaldırmağın faktiki olaraq qeyri-mümkün olması ilə bağlı idi. Bu səbəbdən simsiz şəbəkələrin adları hakimiyyət tərəfindən nəzarət edilə və ya süzgəcdən keçirilə bilməyən mesajlara çevrilmişdi”, - deyə KİV vurğulayıb.
Nəşr həmçinin qeyd edib ki, vitse-prezidentin səfəri zamanı bir qrup vətəndaş lazer şüaları vasitəsilə otelin divarına yazı yazaraq, “ilk xristian xalqını diktatura təzyiqlərindən qorumağa” çağırıb.
“Bu hərəkət də səfərin ən çox müzakirə olunan qeyri-rəsmi epizodlarından birinə çevrildi.
Maraqlıdır ki, bu dəfəki yüksək səviyyəli səfər zamanı əvvəllər qəbul edilmiş mühüm protokol qaydalarından biri çatışmırdı. İndiyədək bu cür səfərlər zamanı yüksək vəzifəli qonaqlar adətən Üçmüədzin kilsəsini ziyarət edirdilər, lakin bu səfər zamanı həmin dayanacaq proqramdan kənarda qalmışdı. Bu isə bir çoxları tərəfindən təsadüfi olmayan bir qərar kimi qəbul edildi.
Eyni zamanda, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət öz hərəkətlərinin Erməni Apostol Kilsəsinə qarşı yönəlmədiyini iddia etməkdə davam edir. Lakin baş verən hadisələr artıq çoxdan daxili gündəm çərçivəsindən çıxaraq beynəlxalq əks-səda doğurub”, - deyə müəllif bildirib.
Nəşr vurğulayıb ki, Erməni Apostol Kilsəsini müdafiə etmək üçün diaspor icmaları uzun müddətdir dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Fransa, Almaniya və Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirirlər.
“Bu proseslərin kontekstində İrəvanda simsiz şəbəkələr vasitəsilə həyata keçirilən etiraz cəmiyyətin öz problemlərini müxtəlif yollarla dilə gətirməyə çalışdığına dair növbəti siqnal oldu.
İrəvanda baş tutan bu aksiyalar göstərdi ki, rəsmi platformalarda sözün qarşısı kəsiləndə, o, başqa vasitələrlə ötürülə bilər. Bu dəfə həmin vasitə müvəqqəti olaraq etiraz və tələb platformasına çevrilən simsiz şəbəkə, yəni “Wi-Fi” oldu”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az