İnvestisiya ilğımları, Ermənistan ABŞ nüvə sınaq meydanı kimi: Vensin vədlərinin arxasında nə gizlənir?

2026/02/1770791662.jpg
Oxunub: 442     17:58     11 Fevral 2026    
ABŞ vitse-prezidentinin Ermənistana səfəri çərçivəsində belə bir təəssürat yarandı ki, nüvə əməkdaşlığı çərçivəsində ABŞ Ermənistana milyardlarla dollar investisiya qoymağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İnvestisiya ilğımları, Ermənistan ABŞ nüvə sınaq meydanı kimi: Vensin vədlərinin arxasında nə gizlənir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Cey Di Vensin investisiyalarla bağlı səsləndirdiyi bəyanat hakimiyyətə yaxın təbliğatçılar arasında “coşqulu” həyəcan yaradıb. Halbuki reallıqda söhbət investisiya ilğımlarından gedir.

KİV bildirib ki, hətta bu plan gerçəkləşsə belə, çoxlarının düşündüyü kimi Ermənistan iqtisadiyyatına birbaşa yatırımlardan söhbət getmir.

“Biz ilkin olaraq təxminən 5 milyard dollar investisiyadan danışırıq, sonrakı ikinci mərhələdə isə əlavə 4 milyard dollar olacaq. Bu, həm Ermənistan, həm də mənim ölkəm üçün enerji təhlükəsizliyi və enerji dayanıqlığı baxımından qarşılıqlı faydalı vəziyyətdir. Həm ABŞ-də, həm də Ermənistanda çoxlu iş yerləri yaradacaq.

Bu, kiçik modul reaktorlar deməkdir, yəni ABŞ texnologiyaları bu ölkəyə gələcək”, - deyə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanda bildirib.

Müəllifin sözlərinə görə, bu açıqlama bir çoxlarında ABŞ-nin Ermənistanda böyük investisiyalar həyata keçirməyə hazırlaşdığı barədə təəssürat yaradıb.

“Lakin əslində söhbət maliyyə deyil, texnoloji investisiyadan gedir və bu, Ermənistanda ABŞ modeli üzrə modul nüvə reaktorunun tikintisi halında mümkündür.

ABŞ-nin Ermənistan iqtisadiyyatına birbaşa investisiya qoymaq marağı heç vaxt yüksək olmayıb. Vaxtilə ABŞ-nin Ermənistandakı səfiri Riçard Mills də enerji sektoruna 8 milyard dollarlıq ABŞ investisiyalarından danışmışdı. Lakin həmin investisiyalar baş tutmadı. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra da baş tutmadı.

Ümumilikdə Ermənistan iqtisadiyyatında ABŞ investisiyalarının payı çox kiçikdir. Müstəqillik dövründə Ermənistana daxil olan birbaşa xarici investisiyaların ümumi həcmi təxminən 15 milyard dollara çatır ki, bunun cəmi 300-400 milyon dolları ABŞ-nin payına düşür. Bu rəqəmlər göstərir ki, ABŞ Ermənistan iqtisadiyyatına investisiya yatırmaq perspektivində maraqlı deyil”, - deyə məqalədə qeyd edilib.

Müəllif bildirib ki, Vensin danışdığı isə əslində Ermənistan deyil, ABŞ iqtisadiyyatına investisiyadır.

“Bu, ilkin olaraq 5 milyard dollara qədər ABŞ ixracı, üstəlik yanacaq və servis müqavilələri vasitəsilə əlavə 4 milyard dollarlıq uzunmüddətli dəstək deməkdir”, - deyə ABŞ vitse-prezidenti qeyd edib.

Müəllif yazıb ki, bu, əslində “Metsamor” Atom Elektrik Stansiyasını əvəz edəcək güc kimi ABŞ-nin Ermənistanda kiçik modul reaktor quraşdırmaq niyyətinin elanıdır.

“Həmin 5 milyard dollar ABŞ-də istehsal olunacaq və Ermənistanda quraşdırılacaq reaktor və ya reaktorların dəyəridir.

Qalan 4 milyard isə uzunmüddətli perspektivdə servis və nüvə yanacağı ilə təminat xərcləridir. Söhbət onilliklərdən gedə bilər.

Bu vəsait də Ermənistan iqtisadiyyatına birbaşa investisiya olmayacaq. O, reaktor üçün nüvə yanacağının alınmasına, eləcə də reaktorun servisi üçün amerikalı mütəxəssislərə ödəniləcək.

ABŞ vitse-prezidentinin bəyan etdiyi məhz budur: Ermənistanda ABŞ modul reaktorunun quraşdırılması. Problem ondadır ki, 1-2 sınaq nümunəsi istisna olmaqla, bu tip reaktorlar dünyada, o cümlədən ABŞ-də geniş istismarda deyil. Onların effektivliyi də tam sübuta yetirilməyib, çünki bunun üçün uzunmüddətli istismar təcrübəsi lazımdır.

Mövcud 1-2 stansiyadan heç biri hələ effektivliyini sübut edəcək qədər istismar müddətini keçməyib. Üstəlik, hazırda istismarda olan modul reaktorlar ABŞ istehsalı deyil. ABŞ-də belə reaktorlar yoxdur, lakin artıq onları Ermənistanda quraşdırmaq istəyirlər”, - deyə KİV vurğulayıb.

Nəşr qeyd edib ki, bununla Ermənistan faktiki olaraq bütün ağır nəticələri ilə birlikdə sınaq meydanına çevrilir.

“Ermənistanın hazırkı rəhbərliyinin bu “Ermənistan-ABŞ əməkdaşlığı” adı altında atmaq istədiyi addım avantüradır. Ölkəni belə risk altına qoymaq yolverilməzdir.

Hələ bir kənara qoyaq ki, bunun pulunu kim ödəyəcək? ABŞ vitse-prezidentinin dediyinə görə, söhbət milyardlarla dollardan gedir. İki variant var. Birinci variant: bu, kredit kimi rəsmiləşdirilir və Ermənistanın və erməni xalqının üzərinə növbəti böyük borc asılır. Həmin kredit çərçivəsində həm avadanlığın daşınması, həm də Ermənistanda quraşdırma və istismar işləri həyata keçirilir.

İkinci variant ABŞ şirkətləri vasitəsilə investisiya modelidir. Lakin bu investisiyalar Ermənistan deyil, ABŞ iqtisadiyyatına, Ermənistanda quraşdırılacaq modul reaktor avadanlığının istehsalına yönələcək.

Hər iki halda Ermənistan son dərəcə yüksək qiymət ödəyəcək, birində borclar şəklində, digərində isə investisiyaların geri qaytarılması formasında olacaq.

Borclar məsələsində hər şey aydındır, onlar qaytarılmalıdır. Amma elə deyil ki, nüvə reaktorunun quraşdırılması üçün edilən investisiyaları biz qaytarmayacağıq. Onları istehsal olunan elektrik enerjisinin tarifləri vasitəsilə qaytaracağıq və bu tariflər “Metsamor” AES-də istehsal olunan indiki elektrik enerjisinin qiymətindən dəfələrlə yüksək olacaq.

Hər halda yeni atom elektrik stansiyasının tikintisi xərclərini biz ödəyəcəyik. Lakin burada bir mühüm məsələ var, modul reaktorların, xüsusilə də ABŞ modelinin effektivliyi indiyədək praktik olaraq sübuta yetirilməyib. Bu, təkcə ciddi təhlükəsizlik riskləri daşımır, həm də müəyyən mərhələdə özünü doğrultmadığı, daha baha və daha xərcli olduğu üzə çıxa bilər.

O halda bu qiyməti kim ödəyəcək? Şübhəsiz ki, bugünkü hakimiyyət yox. Məhz buna görə də seçkilər ərəfəsində xalqı aldatmaq və növbəti “investisiya bumu” ilə bəsləmək üçün belə avantüraya arxayın şəkildə gedirlər.

İndiyədək hansı “investisiya bumu” yaratdıqlarını görmüşük. Elə vəziyyət yaradıblar ki, investorlar Ermənistandan gedirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnvestisiya   Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin