Erməni Mətbuatı Etiraf Edir: Prezidentlərin Mesajı Kağız Üzərində Qalmadı, Azərbaycan–Slovakiya Hərbi Müqaviləsi Reallığa Çevrildi

2026/02/1770791249.jpg
Oxunub: 902     17:27     12 Fevral 2026    
“168.am” Azərbaycan mənbələrinə istinadən yazmışdı ki, Azərbaycan İsveç istehsalı olan JAS 39 “Gripen E/F” çoxfunksiyalı qırıcılarını (48 ədəd) əldə etmək istəyir. Müqavilənin dəyəri təxminən 6,5 milyard dollar qiymətləndirilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Azərbaycan və Slovakiya prezidentlərinin hərbi bəyanatları praktiki qüvvə qazanır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, daha sonra Slovakiya ilə Azərbaycanın iri müqavilə imzaladığı barədə məlumat yayılıb. Bu sazişə əsasən CAM-120 avtomatik minaatanları tədarük ediləcək.


“Slovakiyanın müdafiə naziri Robert Kalinyak bildirib ki, 96 minaatanı əhatə edən ilk tədarük partiyası razılaşdırılıb.

Xatırladaq ki, biz hələ 2025-ci ilin dekabrında yazmışdıq ki, Bakı Slovakiyadan artilleriya avtomatik sistemləri almaq niyyətindədir.

Bundan əlavə, məlumat vermişdik ki, Azərbaycan və Slovakiya özüyeriyən artilleriya qurğuları və sursat istehsalı sahəsində slovak texnologiyası və Azərbaycan maliyyəsi modeli əsasında əməkdaşlığa başlamağı müzakirə edirlər. Bu məlumatı ötən ilin dekabrında Bratislavaya səfəri zamanı şəxsən İlham Əliyev təsdiqləmişdi.

Azərbaycan rəhbəri mətbuat konfransında vurğulamışdı: “Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.

Görüşdə iştirak edən Slovakiya prezidenti Peter Pelleqrini isə əlavə etmişdi: “Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik.

Mən şadam ki, bizim Baş nazirin müavini və müdafiə naziri cənab Kalinakın səfəri zamanı da Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlanıb və artıq niyyətini bildirib. Əminəm ki, bu silah növləri də Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcəkdir”.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin 5-ci ildönümünə həsr olunmuş Bakıdakı hərbi paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri iştirak ediblər”, - deyə nəşr bildirib.

KİV xatırladıb ki, 2019-cu ildə Slovakiyanın o zamankı xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Ermənistana səfəri zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında onun diqqəti Slovakiya silahlarının Azərbaycana birbaşa deyil, vasitəçilər və üçüncü ölkələr, xüsusilə İsrail vasitəsilə çatdırılması məsələsinə yönəldilmişdi.

“Layçak bildirmişdi: “Slovakiya ilə İsrail arasında ayrıca saziş və sənədlər olub və orada son istifadəçinin İsrail olduğu təsbit edilib. Bu məsələni bir neçə dəfə nazir Zöhrab Mnatsakanyanla da müzakirə etmişik. Düşünürəm ki, məsələ bağlanıb. Biz hər şeyi bir-birimizə ətraflı izah etdik, bir-birimizi anladıq. Hesab edirəm ki, bu müzakirə dayandırılıb və davam etdirilməyəcək, müqavilə də ləğv olunub”.

Bunun praktikada nə dərəcədə baş verdiyini isə yalnız ehtimal etmək olar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Slovakiya  


Bizi "telegram"da izləyin