20 milyard dollarlıq portfellə kredit “bombası”: Ermənistan əhalisi borc içərisində boğulur

2026/02/1770780875.jpg
Oxunub: 377     15:21     11 Fevral 2026    
Son illərdə Ermənistanda kredit bazarı həddindən artıq yüksək aktivlik nümayiş etdirib. Böyük həcmdə kreditlər verilib və bunun nəticəsində vətəndaşların üzərinə düşən kredit yükü kəskin artıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “20 milyard dollarlıq portfellə kredit “bombası”: Ermənistan əhalisi borc içərisində boğulur” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu gün Ermənistanda kredit yükü olmayan ailə tapmaq çətindir. Vətəndaşlar həm sosial ehtiyaclar səbəbilə, həm də məişət şəraitlərini yaxşılaşdırmaq və digər gözləntilərlə kreditlər götürüblər. Nəticədə kredit yükü həddindən artıq ağırlaşıb.

“Son məlumatlara görə, banklarda Ermənistan rezidentlərinin kredit portfeli 20 milyard dollara çatıb. Bu məbləğin böyük hissəsi vətəndaşların borcudur və son bir neçə ildə dəfələrlə artıb. Artım həm ipoteka, həm istehlak, həm də digər kreditlər hesabına baş verib.

Son bir neçə ildə aktiv kreditləşmədən sonra vətəndaşların ipoteka kreditlərinin həcmi 1,6 trilyon dram həddini keçib. Xarici valyuta ilə ifadədə ev təsərrüfatları bu kreditlər üzrə banklara təxminən 4,4 milyard dollar borc yığıblar. Təkcə ötən il ipoteka kreditləri daha bir neçə yüz milyon dollar artıb. Bununla belə, bu bazarda əvvəlki dövrlə müqayisədə kredit aktivliyi xeyli zəifləyib. Tələb azalmağa başlayıb və bu cür kreditlərin artım tempi əhəmiyyətli dərəcədə ləngiyib”, - deyə məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, 2024-cü ildə 1 milyard dollardan çox ipoteka krediti verilmişdi. Halbuki 2025-ci ilin eyni dövründə bu kreditlər cəmi 509 milyon dollar artıb.

“Artım tempi yarıbayarı zəifləyib. Ötən il əvvəlki illə müqayisədə 540 milyon dollar az ipoteka krediti verilib. Bu, ilk növbədə İrəvanda mənzil alınması zamanı gəlir vergisinin geri qaytarılması proqramının dayandırılması, eləcə də geri qaytarılan məbləğin azaldılması ilə əlaqədardır.

Məlum olduğu kimi, hakimiyyət ipoteka kreditlərinə olan tələbatı böyük ölçüdə təmin etdikdən və öz mənzil problemlərini həll etdikdən sonra ipoteka ilə mənzil alan vətəndaşlara gəlir vergisi çərçivəsində geri qaytarılan məbləği azaltmaq qərarına gəldi. Əvvəlki 1,5 milyon dramlıq rüblük geri ödəmə məbləği 750 min drama endirildi.

İpoteka kreditlərinin aktivliyinə həmçinin yığılmış risklər və “həddindən artıq qızma” hallarını nəzərə alaraq bu kreditlərin verilməsinə tətbiq edilən məhdudiyyət və sərtləşdirmələr də müəyyən təsir göstərdi.

Bu amillər ipoteka kredit bazarında müəyyən “soyuma”ya səbəb oldu. Lakin bazar hələ də kifayət qədər yüksək aktivlik zonasında qalır və nominal artım tempinə görə yalnız istehlak və tikinti sahəsi kreditlərindən geri qalır. Son dövrdə tikinti sektoru bankların kredit vəsaitlərinin əsas yönləndirildiyi sahələrdən birinə çevrilib. Xüsusilə yaşayış tikintisində müşahidə olunan aktivlik əsasən kreditlər hesabına formalaşır”, -deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, göbələk kimi artan binalar əsasən kredit vəsaiti hesabına tikilir.

“Bir tərəfdən tikinti şirkətləri binalar inşa etmək üçün kredit götürür, digər tərəfdən isə vətəndaşlar həmin binalardan mənzil almaq üçün kredit götürürlər.

Beləliklə, bəzən “tikinti bumu” adlandırılan bütün bu proses əsasən kredit vəsaitləri hesabına həyata keçirilir ki, bu da hansı seqmentdə baş verməsindən asılı olmayaraq sistemli çökmə risklərini artırır. İpoteka və tikinti kreditlərinin bu templə artması ciddi risklər yaradır. Xüsusilə də nəzərə alsaq ki, bu kreditlərin və alınmış mənzillərin əsas benefisiarları kimlərdir, risklər müxtəlif hallarda özünü göstərə bilər.

Xatırladaq ki, iri benefisiarlardan biri də hakimiyyət və onların ətrafıdır. Sabah onlar hakimiyyəti itirəndə, imtiyazlı şərtlərlə ipoteka götürməyə, mənzil almağa və dövlət büdcəsindən milyonlarla dram kompensasiya əldə etməyə imkan verən yüksək gəlirlərdən məhrum olanda vəziyyət kəskinləşəcək”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, bu gün zahirən sakit görünən ipoteka və tikinti kredit bazarları yüksək risk zonasındadır.

“Hətta bu qədər yüksək risklər fonunda belə banklar həmin bazarları fəal şəkildə maliyyələşdirməyə və kredit təzyiqini artırmağa davam edirlər.

Kredit təzyiqi yalnız bu bazarlardan qaynaqlanmır. İstehlak kreditlərinin həcmi də sürətlə artır. Son məlumatlara görə, bu göstərici 1,8 trilyon dramı keçərək 4,7 milyard dollara bərabər olub.

Təkcə 2025-ci ildə vətəndaşların istehlak kreditləri təxminən 1,1 milyard dollar artıb.

Bu, kredit bazarının ən sürətlə böyüyən seqmentinə çevrilib. Əvvəlki illərdə də aktiv idi, lakin son bir ildə artım xüsusilə sürətlənib. Əgər 2024-cü ildə istehlak kreditləri təxminən 306 milyard dram artmışdısa, 2025-ci ildə artım 413 milyard dram, yəni 107 milyard dram və ya 280 milyon dollar daha çox olub. Bu məbləğlər ailə büdcələrinin üzərinə əlavə yük kimi düşüb. Buna görə də bir çoxları hər ay gəlirlərinin əhəmiyyətli hissəsini kredit öhdəliklərinin icrasına yönəltməyə məcbur qalırlar.

Hakimiyyət maaşların artması ilə fəxr edərkən, xərclərin dayanmadan artan yükü ödənildikdən sonra vətəndaşların əlində real olaraq nə qaldığına diqqət yetirmir. Sirr deyil ki, bir çox vətəndaşlar götürdükləri kreditləri ödəmək imkanı olmadığından tez-tez əvvəlki borcları bağlamaq üçün yeni kreditlər götürməyə məcbur olurlar. Bütün bunlar kredit bazarının daimi şəkildə “qızmasına” gətirib çıxarıb.

Bu, xüsusilə son 1-2 ildə aktivləşən restrukturizasiya və ya borcun yenidən maliyyələşdirilməsi kreditlərinin yükünün artması ilə də özünü göstərir. Bu kreditlərin portfeli yalnız ipoteka, istehlak və tikinti kreditlərindən geri qalır. Hətta sənaye kreditlərini, kənd təsərrüfatı kreditlərini isə ikiqat üstələyir.

Bank kreditləşməsinin həcminə görə 9 əsas kredit bazarında sənaye beşinci, kənd təsərrüfatı isə sondan əvvəlki yerdədir. Məhz burada görünür ki, bank kapitalı Ermənistan iqtisadiyyatının və onun real sektorunun inkişafına nə dərəcədə xidmət edir. Real sektorun inkişafına dəstək vermək əvəzinə, bank kapitalı ev təsərrüfatları və vətəndaşlar üzərində kredit təzyiqinin artırılmasına yönəlib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin