“Past”: ABŞ vitse-prezidentinin səfərinin “atmosferik” çalarları, “Vens ağrısı” və geriləmə

2026/02/1770780601.jpg
Oxunub: 399     13:55     11 Fevral 2026    
Ötən günlərdə rəsmi səfərlə Ermənistana ABŞ vitse-prezidenti Ceyms Devid Vens gəlib, daha sonra isə o, Bakıda İlham Əliyevlə görüş və müzakirələr üçün İrəvandan Azərbaycana yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “ABŞ vitse-prezidentinin səfərinin “atmosferik” çalarları, “Vens ağrısı” və geriləmə” başlıqlı məqaləsində yazıb.

Nərə görə, qeyd etmək lazımdır ki, Vensin səfəri ən azı İrəvanda müəyyən ajiotajlı bir mühit formalaşdırmışdı, halbuki ötən onilliklərdə Ermənistan bir çox böyük dövlətlərin rəhbərlərini uğurla qəbul edib və yola salıb.

“Doğrudur, konkret ABŞ kontekstində vitse-prezident Vens Ermənistana gəlmiş ən yüksək vəzifəli amerikalı rəsmidir, lakin ABŞ vitse-prezidentinin səfəri ilə bağlı “müşayiətedici” məlumat seli həqiqətən də “səs-küylü” idi.

Cey Di Vensin bu səfəri və onun mümkün nəticələri ilə bağlı detallara, şübhəsiz ki, yaxın günlərdə, İrəvan-Bakı üzrə üçgünlük səfərdən sonra yenidən qayıtmaq imkanımız olacaq. Hələlik isə ABŞ-nin gənc vitse-prezidentinin səfərinin özü və bu səfərlə bağlı gözləntilər heç də az maraq doğurmur”, - deyə KİV vurğulayıb.

Müəllif qeyd edib ki, diqqəti dərhal cəlb edən ilk məqam ictimai-siyasi dairələri bürümüş, belə demək mümkündürsə, “Vens ağrısı” idi.

“ABŞ vitse-prezidentinə ünvanlanan müraciətlərin, məktubların, çağırış və xahişlərin silsiləsi, hətta demək olar ki, seli başladı. Əlbəttə, bir tərəfdən bu, müəyyən istehzalı reaksiyalara səbəb ola bilər və belə qavrayışlar yarana bilər. Lakin bu, yalnız səthi yanaşma zamanı mümkündür. Əslində isə bu hadisənin daha ətraflı nəzərdən keçirilməli olan bir sıra çalarları var.

Əvvəla, reallıqda bizim ictimai-siyasi mühitimiz yeni deyil ki, belə hala düşsün. İstər Rusiya, istər Fransa, istərsə də başqa bir ölkə olsun, əvvəllər də hər hansı böyük dövlətin rəhbəri, Ermənistana gələndə müxtəlif dairələr müəyyən məsələlərlə bağlı onlara müraciət etmək təşəbbüsü göstərirdilər. Bu, ümumilikdə normaldır. Lakin bizim reallıqda problem ondadır ki, biz hər şeyi xarici dövlət və ya fövqəldövlət rəsmisi ilə bağlamaqdan əl çəkmirik. Guya indi ona müraciət edəcəyik, o da “okey” deyəcək və hər şey düzələcək. Bu, ümumi mənzərədir”, - deyə məqalədə qeyd edilib.

Nəşrin yazdığına görə, digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, mövcud vəziyyətdə ABŞ vitse-prezidentinə ünvanlanmalı real suallar doğrudan da var.

“Xüsusən də ABŞ Vens və ölkə rəhbəri Donald Tramp timsalında özünü Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi, sülh yaradan, demək olar ki, “sülh göyərçini” kimi təqdim edir. Üstəlik, “Tramp yolu”, Turan dəhlizi məsələsi var ki, burada əsas benefisiar məhz ABŞ-dir və TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsini istismar edən şirkətdə 2/3 paya malikdir.

Qaldırılan suallar isə son dərəcə əhəmiyyətlidir. Nikol Paşinyan bu məsələlərə heç bir formada toxunmursa, təbii ki, “nizamlanma”nın şahidi olan dövlətin, yəni ABŞ-nin rəhbərliyinə müraciət etmək qalır. Vens kimi bir vitse-prezidentin səfərindən daha uyğun fürsət təsəvvür etmək çətindir.

ABŞ vitse-prezidenti Vensə ünvanlanan ikinci qrup sualları isə demək olar ki, utancverici adlandırmaq olar, lakin Paşinyan rejimi başqa seçim də qoymayıb. Söhbət Erməni Apostol Kilsəsinin din xadimlərinə, ümumilikdə kilsəyə qarşı icra hakimiyyəti tərəfindən həyata keçirilən sistemli repressiyalar, təzyiq və təqiblərdən gedir. Buraya yepiskopların əsassız və kütləvi həbsi, yüksək rütbəli din xadimlərinə, o cümlədən katolikosun özünə qarşı cinayət işlərinin başlanması və hərəkət azadlığından məhrum edilməsi, Erməni Apostol Kilsəsinin daxili, muxtar məsələlərinə dövlətin kobud və güc tətbiqi ilə müdaxiləsinin açıq təzahürləri daxildir”, - deyə müəllif bildirib.

Nəşr yazıb ki, üçüncü qrup suallar isə artıq Paşinyan rejiminin hakimiyyəti dövründə, xüsusilə son illərdə Ermənistanda qeydə alınan açıq-aşkar antidemokratik meyillərlə bağlıdır.

“Qərbdə guya Ermənistanda hələ də demokratiya mövcudmuş kimi davranırlar, halbuki Paşinyan və onun siyasi komandası intensiv şəkildə avtoritar yanaşmalarla hərəkət edir, qanunsuz “bespredel”ə qərq olub, müxaliflərə, fərqli düşünənlərə, hakimiyyətə tənqidi və ya etiraz mövqeyi tutan şəxslərə, siyasi qüvvələrə, ictimai dairələrə, bəzən isə sadəcə sıravi vətəndaşlara qarşı total təqiblər aparılır. Əgər bu barədə həmin hakimiyyətlə əməkdaşlıq edən ABŞ vitse-prezidentinin məlumatlandırılması imkanı varsa, fürsətdən istifadə edib ona mövcud reallıq haqqında “alternativ informasiya” təqdim etmək lazımdır.

Aydındır ki, Vens ABŞ vitse-prezidenti kimi Ermənistandakı vəziyyət barədə az-çox obyektiv təsəvvür formalaşdırmaq üçün çoxsaylı digər mənbələrə malikdir. Lakin ictimai və siyasi dairələrin susmaması ən azı əsaslandırılmışdır. Burada xüsusi olaraq qeyd edək ki, söhbət sözünün ünvanına çata biləcəyi əsas aktorlardan gedir, yoxsa demək istəmirik ki, guya demək olar hər üçüncü ermənistanlı “amerikalıların vitse-kralına məktub” yazmaq qərarına gəlmişdi və Vens də bütün bu məktubları oxuyacaqdı.

Və daha bir çalar, bəlkə də ən kədərli və faciəlisi… Bilirsiniz, 10 il əvvəl ABŞ vitse-prezidenti Ermənistana gəlsəydi, ona ünvanlanan əsas suallar və çağırışlar, böyük ehtimalla, “soyqırımı”nın (qondarma-red.) rəsmi tanınması və pislənməsi, Ermənistana müasir silahların verilməsi ilə bağlı olardı. Bu, əgər faciə deyilsə, nədir? Əvvəllər tələb edən idik, indi xahiş edənə çevrilmişik. Bu, sadəcə olaraq, Paşinyan hakimiyyətinin nəticəsində nə dərəcədə gerilədiyimizi və aşağı yuvarlandığımızı anlamaq üçün deyilir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin