Rus KİV-i: Moldova ssenarisi üzrə: Ermənistan hakimiyyəti seçkiləri Aİ və ABŞ “tərəfdaşları”nın köməyi ilə saxtalaşdırmağa hazırlaşır

2026/02/1770780016.jpg
Oxunub: 396     11:06     11 Fevral 2026    
Fevralın 5-də Moskvada Ermənistan səfirliyi qarşısında erməni diasporunun Erməni Apostol Kilsəsinə dəstək mitinqi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanınn “Mk.ru” nəşri “Moldova ssenarisi üzrə: Ermənistan hakimiyyəti seçkiləri Aİ və ABŞ “tərəfdaşları”nın köməyi ilə saxtalaşdırmağa hazırlaşır” başlıqlı məqalədə yazıb.

Nəşrə görə, bu aksiya Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiyaya səfəri ilə eyni vaxta təsadüf edib.

“Moskva erməni qonağa soyuq münasibət göstərərək açıq şəkildə bildirib ki, o, “iki tərəfi eyni vaxtda tuta” bilməz. Rusiya XİN-in saytında dərc olunan məlumata görə, Alen Simonyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar zamanı erməni spikerə “ənənəvi müttəfiqlərlə əməkdaşlıq hesabına Qərblə yaxınlaşmanın təhlükəsi” izah edilib. Lavrov həmçinin xəbərdarlıq edib ki, AİB-yə üzvlük Aİ-yə qoşulmaqla uyğun deyil, lakin “Rusiya Ermənistanın seçiminə hörmət edəcək”. Öz növbəsində Federasiya Şurasının sədri Valentina Matviyenko Simonyanla söhbəti “sərt”, lakin ümumilikdə konstruktiv adlandırıb”, - deyə KİV qeyd edib.

Müəllifin sözlərinə görə, qeyd etmək lazımdır ki, Simonyan Ermənistanın ən tanınmış rusofoblarından biri kimi tanınır.

“Ötən ilin mayında (Qələbə Günü ərəfəsində) o, Rusiyanı Ermənistana qarşı “hibrid müharibə” aparmaqda, ölkə hökumətini dəyişməyə cəhd etməkdə və buna “böyük pullar” xərcləməkdə ittiham etmişdi. Ermənistanın İctimai Televiziyasında o, Rusiyanı Ermənistanın ehtiyac anında onu tərk etməkdə, müdafiə etməməkdə və aldatmaqda günahlandırmışdı: “Bizim dostumuz, müttəfiqimiz var idi ki, bizi müdafiə etməli idi. Böyük qardaş, necə deməyi sevirdilər, bizi vaxtı gələndə müdafiə etmədi”. Onun fikrincə, Moskva Ermənistan ərazisində müharibə başlatmağı və “xilaskar” kimi çıxış edərək “yenidən Ermənistan dövlətçiliyini öz nəzarətinə almağı” planlaşdırırdı. Yekun olaraq demək olar ki, bütün bunlar Qərb təbliğatının anti-Rusiya narrativlərinin tipik toplusudur. Bu da təəccüblü deyil, nəzərə almaq lazımdır ki, Simonyan hələ 2008-ci ildə Avropa Təhsil və Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən “Siyasi texnologiyalar” üzrə ictimaiyyətlə əlaqələr kursunda iştirak etmişdi. Yeri gəlmişkən, erməni mətbuatının yazdığına görə, 2020-ci ilin 44 günlük müharibəsi zamanı o, cəbhədən uzaqda, Moskvada gizlənmişdi və görünür, Qarabağı onun əvəzinə Rusiyanın müdafiə edəcəyinə ümid edirdi. Moskva səfəri ərəfəsində isə o, bir neçə yeni qalmaqallı bəyanatla çıxış etmişdi. Məsələn, Rusiyanın TRIPP layihəsində (həmçinin Zəngəzur dəhlizi kimi tanınır) iştirakını absurd adlandırmışdı”, - deyə nəşr qeyd edib.

Müəllif sual ünvanlayıb ki, beləliklə, Simonyan niyə bu qədər nifrət etdiyi Moskvaya getmişdi?

“Ehtimal etmək olar ki, onun iki əsas məqsədi var idi. Birincisi Ermənistanın AİB-də üzvlüyünün davam etdirilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, İrəvan rəsmi şəkildə Aİ-yə qoşulmaq niyyətini bəyan edib. 2025-ci ildə Ermənistan parlamenti hətta Aİ-nin rəsmi dəvəti olmadan Aİ-yə qoşulmaq barədə qanun layihəsi qəbul edib (bu, sevgilinin razılığı olmadan toy elan etməyə bənzəyir). Lakin AİB-dən qəfil ayrılma Ermənistan üçün həddindən artıq çox iqtisadi problem yaradacaq. Buna görə də İrəvan hələlik AİB-dən çıxmaq istəmir, amma Aİ qəbul etməyə hazır olan kimi dərhal ayrılacaq. Sadəcə aydın deyil ki, Rusiyaya belə tərəfdaş nə üçün lazımdır.

İkinci, heç də az əhəmiyyətli olmayan məqsəd iyunda planlaşdırılan parlament seçkiləri ərəfəsində Moskvanın “yumşaq güc”ünü neytrallaşdırmaqdır. Digər məsələlərlə yanaşı, Rusiyada böyük erməni diasporu yaşayır və o, məsələn, moldovalılardan daha yaxşı təşkil olunub. Onun öz təşkilatları, öz mətbuatı, öz ruhaniləri var. Və görünür, həmin diaspora açıq şəkildə Ermənistanın indiki hakimiyyətinə qarşıdır. Simonyanın məqsədi rus rəsmilərini inandırmaq idi ki, onlar Ermənistanın seçki proseslərinə müdaxilə etməsinlər, halbuki Avropa bu seçkilərə müdaxilə planlarını açıq şəkildə bəyan edib”, - deyə məqalədə vurğulanıb.

Müəllifin sözlərinə görə Avropanın iştirakı təkcə “təsir”lə məhdudlaşmayacaq, həm də hakim partiyanın xeyrinə seçkilərin saxtalaşdırılmasını əhatə edəcək, çünki daha əvvəl Moldovada da məhz bu baş vermişdi.

“Ermənistanda da diaspor Moldovada olduğu kimi həlledici rol oynaya bilər. Maya Sandu rejimi Rusiyada yaşayan moldovalıların səsvermə imkanlarını məhdudlaşdıraraq məqsədinə nail oldu, Avropadakı seçki məntəqələrində isə bülletenlərin doldurulması və saxtakarlıq üçün qeyri-məhdud imkanlar yaradıldı. Paşinyan rejimi də seçkilərdə Rusiyadakı erməni diasporunun səsvermə imkanlarını məhdudlaşdırmağa cəhd edə bilər. Təsadüfi deyil ki, hazırda İrəvanda Ermənistan vətəndaşlarına ikinci, məsələn, Rusiya pasportuna malik olmağa icazə verən qaydanın ləğvi ilə bağlı müzakirələr yenidən başlayıb.

Bundan əlavə, Vaşinqton da Ermənistan seçkilərinə cəlb olunacaq. İrəvanı bəzən “ABŞ-nin regiondakı yeganə strateji tərəfdaşı” adlandırırlar və eyni zamanda TRIPP layihəsinin əhəmiyyətini vurğulayırlar. Əgər bu layihə uğurlu olarsa, Vaşinqton üçün “strateji əhəmiyyətli məsələlərdə Avrasiyanın mərkəzinə rəqabət girişini” aça bilər. Əslində isə ABŞ-yə lazım olan da məhz budur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin