Ermənistan KİV-i: Vensin Ermənistan və Azərbaycana səfəri hansı məqsədi güdür?

2026/02/1770779595.jpg
Oxunub: 425     15:49     11 Fevral 2026    
Qeyd etmək lazımdır ki, bu səfər çoxdan planlaşdırılmışdı və məqsədi ötən ilin avqustun 8-də Vaşinqtonda Tramp, Paşinyan və İlham Əliyev tərəfindən əldə olunmuş razılaşmalara real məzmun vermək idi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Nəşrə görə, əslində bu, imzalama deyil, gələcək sülh müqaviləsi üçün ilkin imzalama idi.

“Həmin sənədin əsas məğzi isə Naxçıvanla Azərbaycanın əlaqəsi məsələsinin həlli idi.

Məsələ ondadır ki, türklər uzun müddət amerikalıları inandırmağa çalışırdılar ki, Azərbaycan Naxçıvanla və onun vasitəsilə Türkiyə ilə birbaşa əlaqə əldə edə bilsə, ABŞ üçün ciddi rol oynaya bilər.

Türk analitiklərin fikrincə, bu addımla Azərbaycan İran və Rusiyanın təsirindən qurtularaq daha müstəqil siyasət yürüdə bilər”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, Qarabağ münaqişəsinə qədər Azərbaycanın belə imkanı yox idi.

“Qarabağ müharibəsi başa çatdıqdan və 10 noyabr razılaşması imzalandıqdan sonra Azərbaycan ümid etdi ki, bu əlaqəni əldə edəcək və İrandan asılılıqdan qurtulacaq.

Lakin bu, ABŞ və Aİ üçün sərfəli deyildi. Onlara lazım idi ki, Azərbaycan nə İrandan, nə də Rusiyadan asılı olsun.

Amma buna 10 noyabr razılaşması mane olurdu”, - deyə müəllif vurğulayıb.

Nəşr yazıb ki, məhz buna görə də Paşinyan vasitəsilə 2020-ci il müharibəsindən sonra “Qarabağ”dan (ləğv edilmiş qondarma qurum-red.) qalanları faktiki olaraq ləğv ediblər, daha sonra isə yenə Paşinyan vasitəsilə Azərbaycana Naxçıvanla əlaqə yaratmaq üçün arzuladığı imkanı veriblər.

“Ermənistana isə siyasi rüşvət kimi dinc enerji sahəsində müəyyən investisiyalar vəd olunur. Lakin burada da məqsəd Rusiyanı sıxışdırıb çıxarmaq, faktiki olaraq yeni (modul) atom elektrik stansiyasının tikintisini amerikalılara həvalə etməkdir.

Vensin səfərinin əsas və başlıca hissəsi Azərbaycanda olacaq. ABŞ həmin ölkə ilə hərbi sahədə çox ciddi müqavilələr bağlamağa hazırlaşır.

Faktiki olaraq ABŞ 907-ci düzəlişi aradan qaldırıb və məqsədi Azərbaycanı regionda əsas strateji tərəfdaşına çevirməkdir”, - deyə müəllif bildirib.

Nəşr qeyd edib ki, bu baxımdan Azərbaycanın əsas müttəfiqi olan Türkiyənin rolu da dayaq nöqtəsi kimi nəzərdə tutulur.

“Amerikalıların fikrincə, Türkiyə və Azərbaycan birlikdə regionun geosiyasi balansını dəyişə bilərlər.

Gürcüstana gəldikdə isə, bu ölkə Ermənistandan fərqli olaraq regional “əlaltı” olmağı rədd etdi. Buna görə də amerikalılar Tbilisiyə münasibətdə daha ehtiyatlı siyasət yürütməyə çalışacaqlar.

Ermənistanın roluna gəldikdə isə, bu konfiqurasiyada o, artıq halqaya çevrilir və onun aradan qaldırılması zaman məsələsinə çevrilə bilər.

Əlbəttə, o vaxta qədər erməni xırda burjuaziyasını vaxtilə Paşinyanın Xankəndidəki meydanda ermənilərə vəd etdiyi kimi, gözəl proqramlarla (9 milyard, 18 milyard) “yemləyəcəklər”.

Yüz il əvvəl də eyni amerikalılar Ermənistana Türkiyəyə qarşı müharibədə dəstək vəd etmişdilər, şərt isə o idi ki, İrəvan bolşevik Rusiyası ilə əməkdaşlıq etməsin.

Ermənilər o vaxt razılaşdılar və sonda “sınıq təknə” qarşısında qaldılar, çünki məlum oldu ki, amerikalılar türk müdaxiləsinin qarşısını ala bilmədilər.

Daha sonra ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Lozannada Atatürklə razılığa gəldi və nəticədə Ermənistan (işğal etdiyi-red.) Naxçıvanı, Qarabağı və Qarsı itirdi. Hətta ruslar vaxtında Ermənistana daxil olmasaydılar, demək olar ki, bütün Ermənistanı itirəcəkdi.

Nəticədə o zaman yuxarıda qeyd olunan əraziləri itirdik, lakin yüz il keçməsinə baxmayaraq heç bir nəticə çıxarmadıq.

Çünki erməni xırda burjuaziyasının təhlükəsini hiss etmədik və anlamadıq ki, ictimai dəyərləri monetizasiya etməklə heç nəyə nail olmayacağıq.

Amma bu gün eyni səhvi təkrarlamaq hüququmuz yoxdur. Çünki XXI əsrdə artıq heç kim bizim yeni səhvimizə görə yeni “hədiyyə” verməyəcək”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, amerikalıların maraqlarına gəldikdə isə, onların öz maraqlarını irəli aparması məntiqlidir.

“Xüsusən bu dünyada tək olmadığımız halda, biz də öz növbəmizdə maraqlarımızı irəli sürməliyik. Lakin bunun üçün ilk növbədə bu hakimiyyəti dəyişməliyik ki, yenidən əsas mərkəzlərin hesablaşacağı amilə çevrilə bilək. Reallıq budur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vens   ABŞ  


Bizi "telegram"da izləyin