Ermənistan KİV-i: Elə görünür ki, seçən Ermənistan yox, Azərbaycan, Türkiyə, Avropa və ABŞ-dir

2026/02/1770778954.jpg
Oxunub: 403     14:22     11 Fevral 2026    
“Əvvəllər Ermənistana rəsmi səfər olanda insanlar qürur duyurdular. Hiss belə idi: baxın, necə ölkəyik, bizi nəzərə alırlar. Bu da bir amildən qaynaqlanırdı, dövlət möhkəm idi, qələbə hissi var idi, özünə hörmət var idi. Bu gün mənzərə tamamilə başqadır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu gün yüksək vəzifəli şəxs Ermənistana gələndə cəmiyyət sevinc yaşamır.

“Əksinə, insanlar öz alçaldılmasını yenidən və yenidən hiss edirlər. Hiss edirlər ki, bizə tərəfdaş kimi yox, ərazi kimi, alət kimi, məğlub tərəf kimi yanaşırlar.

Məhz buna görə də onlayn platformalar zarafat, sarkazm və qəzəblə doludur, qonağın özünə yox, bizim rəhbərlərin duruşuna, hərəkətinə, davranışına yönəlib. Bu, kin deyil. Bu, özünümüdafiə reaksiyasıdır.

İnsanlar çox yaxşı anlayırlar ki, biz bu gün məğlub ölkəyik və məğlub ölkənin rəhbərini ona görə saxlamırlar ki, xalq istəyir, ona görə saxlayırlar ki, müxtəlif qüvvələr üçün məğlubiyyətin davam etməsi sərfəlidir.

Azərbaycan və ya Türkiyə “Paşinyanı dəstəkləyirik” deyəndə təəccüblənmirik. Avropa eyham vuranda ağrılıdır, amma başadüşüləndir. Amma ABŞ-nin yüksək vəzifəli nümayəndəsi gəlib bu mənzərəni tamamlayaraq, bu rəhbərliklə “sülh” qurulduğunu deyəndə, cəmiyyətdə bu, dəstək kimi yox, son alçaldılma kimi qəbul olunur.

Hiss belədir: bizimlə elə danışırlar ki, guya bu, boş ərazidir, burada xalq yoxdur və ya onun fikri əhəmiyyət daşımır”, - deyə nəşr qeyd edib.

KİV-in yazdığına görə, elə görünür ki, seçən Ermənistan yox, Azərbaycan, Türkiyə, Avropa və ABŞ-dir.

“Bu, demokratiyadırmı? Xalqla danışılmırsa, ondan soruşulmurusa, həlledici amil vətəndaşların iradəsi yox, xarici qüvvələrin “dəstəyi” sayılırsa, bu, demokratiya deyil. O halda sual çox sadə və insani olur: əgər siz Nikol Paşinyanı seçirsinizsə, heç soruşmusunuzmu ki, Ermənistan bunu istəyir?

Çətin deyil. Xərc tələb etmir. Küçədə təsadüfi 20 nəfəri saxlayıb soruşun. Onlayn platformaların rəqəmlərini bir kənara qoyun. İnsanların gözünə baxın. Ermənistan bu gün bir şey istəyir: alçaldılmadan sonra belini düzəltmək. Ermənistanın məğlubiyyətinin simvolu olan Nikol Paşinyandan qurtulmaq.

Sonda isə sual açıq qalır: demokratik dövlətlərin rəhbərləri, belimizi düzəltməyə imkan verəcəksinizmi?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Demokratiya  


Bizi "telegram"da izləyin