Ordu.az xəbər verir ki, bunu Ermənistanın “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan deyib.
“Cey Di Vens və Nikol Paşinyanın açıqlamaları ilə bağlı deyə bilərəm ki, mənim üçün yeganə yenilik Ermənistanın ABŞ-dən 11 milyon dollara kəşfiyyat tipli pilotsuz uçuş aparatları alması oldu. Dinc nüvə energetikası sahəsində əməkdaşlıq barədə dəfələrlə danışmışam və demişəm ki, əgər Ermənistan ABŞ ilə birlikdə atom elektrik stansiyası tikmək istəyirsə, kiçik modul atom elektrik stansiyası deyil, əvvəlki gücə malik reaktor tikməlidir. Bilmirəm, modul atom elektrik stansiyası tikiləcək, ya yox, amma bilirəm ki, modul atom elektrik stansiyasının tikintisi adı altında “Metsamor” Atom Elektrik Stansiyası bağlanacaq”, - deyə o bildirib.
Marukyan daha sonra qeyd edib: “Ən yaxşı ssenari ilə baxsaq və təsəvvür etsək ki, modul atom elektrik stansiyası tikilir, halbuki bilirik, modul atom elektrik stansiyaları hələ sınaq mərhələsindədir və ABŞ-nin belə stansiyaların tikintisi üzrə təcrübəsi yoxdur, biz elektrik enerjisi istehsal və ixrac edən ölkədən elektrik enerjisi alan ölkəyə çevriləcəyik. Çünki kiçik modul atom elektrik stansiyası Ermənistan üçün kifayət etməyəcək. Bizə deyəcəklər ki, Türkiyədə tikilən atom elektrik stansiyasından elektrik enerjisi alaq”.
Jurnalistin hökumətin daha əvvəl hansı ölkə ilə birgə modul atom elektrik stansiyası tikiləcəyi barədə yekun qərarın olmadığını bəyan etdiyini, lakin ötən günlərdə imzalanmış sənədlər və açıqlamalar əsasında Ermənistanın məhz ABŞ ilə stansiya tikmək qərarına gəldiyini güman etməyin mümkün olub-olmadığı barədə sualına Marukyan belə cavab verib:
“Biz sənədləri oxumamışıq və onlar dərc olunmayıb. Amma ABŞ-nin vitse-prezidentinin çıxışından başa düşürəm ki, söhbət ABŞ-dən Ermənistana ixracdan gedir. Yəni atom elektrik stansiyasını hansısa başqa ölkə və ya şirkət tikə bilər, amma onun materialları, müvafiq texniki bazası və lazım olan hər şey ABŞ-dən gətirilə bilər”.
Jurnalistin sənədin imzalanmasından sonra keçirilən mətbuat konfransında Ermənistan tərəfinin suallarının “Tramp yolu”na (Zəngəzur dəhlizi-red.) aid olduğu, ABŞ tərəfinin suallarının isə İran ətrafında yaranmış vəziyyət və Ermənistanın mövqeyi ilə bağlı olduğu barədə qeydinə Marukyan belə cavab verib:
“Ekspert rəyləri var idi ki, İran böhranı ilə bağlı Ermənistan və Azərbaycanın yanaşmalarını dəqiqləşdirməyə cəhd ediləcək. Tramp hazırda İranla danışıqlar aparır və onların hara qədər irəliləyəcəyini proqnozlaşdıra bilmərik. Amma ABŞ-nin regionda kifayət qədər hərbi potensial topladığı birmənalıdır. Eyni zamanda ekspert rəyləri var ki, danışıqlar yolu ilə uğur əldə etmək mümkün olmasa, ABŞ tərəfindən zərbələr endirilə bilər. Bizdə həmçinin məlumatlar var ki, İsrail bunun indi baş verməsini o qədər də istəmir, çünki cavab zərbələrinin region ölkələrini çətin vəziyyətə sala biləcəyini anlayır. Ümid edirəm ki, müəyyən razılaşma əldə olunacaq. Ermənistan üçün vacib olan həmişə saxladığımız mövqeni qorumaqdır: biz hesab edirik ki, məsələ sülh yolu ilə həll olunmalıdır və Ermənistan heç vaxt heç bir formada İrana qarşı baş verən hər hansı prosesə cəlb edilməyəcək”.
Alpər Mövludoğlu
Ordu.az