“Pinaka”dan “Gripen”ə qədər: Ermənistan kartlarını açır, Azərbaycan isə 6,5 milyardlıq qırıcılar alır

2026/02/1770794281.jpg
Oxunub: 2092     11:10     11 Fevral 2026    
2026-cı il yanvarın 18-də Hindistan KİV-ləri xəbər vermişdi ki, Hindistanın Naqpür şəhərində yerləşən “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan “Pinaka” yaylım atəşli reaktiv sistemləri üçün nəzərdə tutulmuş raketlərin ilk partiyasının Ermənistana göndərilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Mərasimdə Hindistanın müdafiə naziri Racnat Sinqh də iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri ““Pinaka”dan “Gripen”ə qədər: Ermənistan kartlarını açır, Azərbaycan isə 6,5 milyardlıq qırıcılar alır” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, artıq fevralın 1-də Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərlə Ermənistana gəlib və bir neçə gün ərzində mühüm hərbi görüşlər keçirib.

“Əvvəlcə Anil Çauhan Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Rəsmi məlumatdan aydın olur ki, müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlıq proqramları planlı şəkildə həyata keçirilir.

Bundan əlavə, general Çauhan mövcud istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinə deyil, həm də qarşılıqlı maraq doğuran yeni sahələr üzrə əməkdaşlığın başlanmasına hazır olduğunu bildirib.

Hindistan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşündə hətta Ermənistan və Hindistanda birgə erməni-hind təlim və manevrlərinin keçirilməsi planları da müzakirə olunub”, - deyə KİV vurğulayıb.

Nəşr qeyd edib ki, səfər çərçivəsində general Anil Çauhanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyanla da görüşərək, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib.

“Qeyd edək ki, Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisinin Ermənistana səfəri zamanı ona Ermənistan və Hindistan istehsalı olan silah nümunələri də təqdim olunub. Bu nümunələr indiyədək gizli saxlanılır və yalnız qapalı formatda nümayiş etdirilirdi.

Xüsusilə, general Anil Çauhana Ermənistan tərəfindən alınmış hind silah nümunələri təqdim edilib. Bunlara “Akash-1S” zenit-raket kompleksi, “Pinaka” yaylım atəşli reaktiv sistemi, 4×4 avtomobil şassisi üzərində “MarG” 155-BR/39 155 mm/39 özüyeriyən haubitsa, eləcə də Hindistanın L&T şirkəti tərəfindən “KNDS France” lisenziyası əsasında istehsal edilən və xüsusi olaraq Ermənistan üçün nəzərdə tutulmuş “Trajan” 155 mm yedəkdə daşınan haubitsalar daxildir. Ermənistan bu sistemlərin ilk xarici istismarçısı olub.

Həmçinin qeyd edək ki, səfər zamanı Ermənistan istehsalı olan müxtəlif pilotsuz uçuş aparatları da nümayiş etdirilib və təkcə bunlarla məhdudlaşmayıb.

Hindistan və Ermənistan istehsalı olan silah nümunələrinin ictimailəşdirilməsi hakim dairələr tərəfindən dərhal siyasi təbliğat alətinə çevrildi ki, bunu əvvəlcədən proqnozlaşdırmışdıq.

Xüsusilə, bizə daxil olan məlumata görə, istisna olunmur ki, məhz mayın 28-də Nikol Paşinyan seçki maraqları kontekstində yeni alınmış silahların nümayişi və hərbi parad təşkil etsin.

Digər tərəfdən, hind silah nümunələrinin hakim dairələr tərəfindən ictimailəşdirilməsi anti-Rusiya məntiqində istifadə olundu. Halbuki Rusiya-Ukrayna müharibəsindən Rusiya yeni keyfiyyətli ordu, yeni hərbi-sənaye proqramları ilə çıxır, hələ Ukraynanın rəsmi etiraflarını demirik ki, Qərb istehsalı olan zenit-raket sistemləri rus pilotsuz uçuş aparatlarını və raketlərini necə tuta bilmir. Xatırladaq ki, Ermənistan arsenalında Rusiya silahları mövcuddur. Üstəlik, yaxın vaxtlarda Nikol Paşinyan 1960-cı illərin silahı hesab edilən D-30 haubitsalarından imtina etmədiklərini, sadəcə zavod istehsalı olanlarını aldıqlarını bəyan edib. Hər nə isə”, - deyə məqalədə bildirilib.

Nəşrə görə, burada əsas məqam ondan ibarətdir ki, orduya və silahlanmaya aid həssas məsələləri diletantlıq, siyasi simpatiya və ya antipatiya məntiqi ilə müzakirə etmək olmaz.

“Daha da artıq, sağlam tənqidi düşmənçilik kimi qəbul etmək düzgün deyil.

Bu kontekstdə qeyd etmək lazımdır ki, Ermənistanın aldığı hind silahları barədə hətta peşəkar rəylər də birmənalı deyil, mənfi qiymətləndirmələr də olub. Bizə hətta belə məlumatlar da daxil olmuşdu ki, “Hərbi-texniki elmi-tədqiqat institutu” dövlət qeyri-kommersiya təşkilatı da məhz bu səbəbdən ləğv edilib, çünki müdafiə qurumunun rəhbərliyini institut mütəxəssislərinin hind silahları ilə bağlı verdiyi rəy qane etməyib. Halbuki orada təcrübəli hərbçilər, generallar çalışırdı. Detallara varmadan, çünki kifayət qədər sübut tələb olunur, bir fakt isə dəyişməzdir: istənilən hərbi texnikanın yaxşı və ya pis, effektiv və ya qeyri-effektiv olmasının ən yaxşı göstəricisi döyüş şəraitinə yaxınlaşdırılmış təlimlər və ya müharibədir. Əlbəttə, qoy Ermənistanın aldığı silahlar heç vaxt müharibə sınağından keçməsin, lakin bu, sadə bir həqiqətdir. Bununla belə, qeyd edək ki, Hindistan-Pakistan hərbi toqquşması zamanı Hindistan, məsələn, Ermənistana satdığı “Akash-1S” zenit-raket sistemindən istifadə edib.

Yeri gəlmişkən, Ermənistan sayəsində Hindistan silahların qlobal bazarındakı mövqelərini də gücləndirdi. Hələ 2023-cü ildə, Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığının ilkin mərhələsində, Azərbaycanın rəsmi narazılıqlarına cavab olaraq Hindistan açıq şəkildə belə demişdi: “Şəxsi heç nə yoxdur, bu, sadəcə biznesdir”.

Əlbəttə, bu gün Ermənistan-Hindistan müdafiə münasibətləri yalnız kommersiya maraqlarına əsaslanmır, lakin bu cür hallarda biznes maraqlarını da heç kim ləğv etməyib. Fransa ilə münasibətlərdə də müxtəlif xarakterli maraqlar mövcuddur və siyasi baxımdan uyğun məqamda Ermənistan hakimiyyəti, şübhəsiz ki, Fransa tərəfindən tədarük edilən silah nümunələrini də ictimailəşdirəcək”, - deyə müəllif vurğulayıb.

Müəllifin sözlərinə görə, təbii ki, əsas məsələ ordunun imkanlarının inkişafıdır və mahiyyət etibarilə bunun hansı ölkə vasitəsilə həyata keçirilməsinin ciddi fərqi yoxdur, yetər ki, texniki problemlər həll olunsun.

“Məsələn, Fransa hərbi texnikası kifayət qədər keyfiyyətlidir, lakin mütəxəssislərin fikrincə, onların xidmət və texniki baxımı ilə bağlı müəyyən çətinliklər yarana bilər. Orduya, təhlükəsizliyə və silahlanmaya dair məsələlərdə siyasi təmkin həm silah alınmazdan əvvəl, həm də sonra son dərəcə vacibdir. Yəni görülən işlər barədə məqbul çərçivədə danışılmalıdır. Siyasi təbliğatın sərhədləri olmalı, ordunun imkanlarının gücləndirilməsi ayrı-ayrı şəxslərin və ya hakim qüvvənin reytinqinin artırılmasına qurban verilməməlidir.

Hər nə isə. Ermənistan ərazisində Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhanın başçılıq etdiyi nümayəndə heyəti müxtəlif səviyyəli görüşlər keçirdiyi vaxtda, Azərbaycan Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri ilə görüşərək hərbi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib. Eyni zamanda Bakı BƏƏ ilə hərbi-texniki əməkdaşlığa yeni keyfiyyət qazandırılması məsələlərini də müzakirə edib. BƏƏ müdafiə və hərbi-sənaye sahəsində kifayət qədər inkişaf etmiş texnoloji sektor kimi qəbul olunur, Azərbaycan isə öz hərbi-sənaye potensialını inkişaf etdirməyə çalışır və burada əməkdaşlıq üçün şübhəsiz ki, ortaq maraqlar mövcuddur.

Bundan əlavə, bu gün Azərbaycan mənbələri məlumat yayıb ki, Azərbaycan İsveç istehsalı olan JAS 39 “Gripen E/F” çoxməqsədli qırıcılarını (48 ədəd) almaq niyyətindədir. Sövdələşmə təxminən 6,5 milyard dollar dəyərində qiymətləndirilir.

Əgər qırıcıların tədarükü ilə bağlı müqavilə imzalanarsa, tədarüklər 2029-cu ildən başlayacaq və sövdələşməyə xidmətlərin geniş paketi, təlim, maddi-texniki təminat, ehtiyat hissələri, sursat daxil olacaq. Bu müddətədək isə Bakı Pakistandan sifariş etdiyi 40 ədəd JF-17C “Block-III” qırıcısını alır.

“168.am” yazmışdı ki, İlham Əliyev ölkəsinin hərbi büdcəsini mərhələli şəkildə azaltmaq niyyətindədir və məsələn, 2030-cu ildə, elan edildiyi kimi, bu göstərici 7,969 milyard manata (mövcud məzənnə ilə 4,69 milyard dollar) çata bilər”, - deyə KİV qeyd edib.

Nəşr bildirib ki, azərbaycanlı ekspertlərin fikrincə, qarşıdakı 4 ildə müdafiə xərclərinin mərhələli şəkildə azaldılması hərbi potensialın azalması demək deyil.

“Bu, sadəcə modernləşmə dövrünün başa çatdığını göstərir və silahlanma və yenilənmənin yeni mərhələsinin başlanması da istisna edilmir. Bütün bunlar onu deməyə əsas verir ki, regionda sülhün tam bərqərar olmasından danışmaq hələ tezdir və ya hərbi ssenariləri birmənalı şəkildə istisna etmək olmaz.

Yeri gəlmişkən, maraqlıdır ki, Azərbaycan Hindistan və Ermənistan istehsalı olan silah nümunələrinin ictimailəşdirilməsini kifayət qədər sakit qarşıladı, halbuki Azərbaycan Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin silahlanma səviyyəsində təhlükə görmüşdü. Maraqlı məqamdır”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pinaka   Gripen   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin