AAEM: 2002-2019-cu illər ərzində təxminən 5 100 azərbaycanlı hərbçi ABŞ-də təhsil və ya hazırlıq keçib

2026/02/1770878930.jpg
Oxunub: 643     10:48     12 Fevral 2026    
Soyuq müharibənin başa çatması və SSRİ-nin dağılmasından sonra beynəlxalq sistemdə ciddi dəyişiklik baş verib və ABŞ yeganə supergüc rolunu üzərinə götürüb.

Ordu.az xəbər verir ki, bu barədə Amerika Araşdırmaları Erməni Mərkəzi öz məqaləsində bildirib.

Mərkəzə görə, dünyada mövqelərini möhkəmləndirmək və qorumaq prosesində ABŞ bir sıra çağırışlarla üzləşib ki, bunların ən əsaslarından biri SSRİ-nin süqutu nəticəsində 15 yeni müstəqil dövlətin meydana çıxması idi.

“Sovet İttifaqı mövcud olduğu dövrdə ABŞ istənilən xarici siyasət məsələsini birbaşa Moskva ilə həll edirdisə, yeni mərhələdə bu ölkələrlə ayrıca diplomatik münasibətlər qurmaq və məsələləri onlarla birbaşa müzakirə edib həll etmək imkanı qazandı. Bu kontekstdə ABŞ-nin maraqları həmin ölkələrdə avtoritarizmin qarşısını almaq, demokratik idarəetmə modelinin tətbiqini və liberallaşdırılmış iqtisadiyyatın formalaşmasını təşviq etmək idi. Bu məqsədlə ABŞ Senatı 1992-ci ilin iyulunda, Nümayəndələr Palatası isə həmin ilin avqustunda “Azadlığa Dəstək Aktı”nı qəbul etdi. Sənəd 1992-ci il oktyabrın 24-də ABŞ prezidenti Corc Buş tərəfindən imzalanaraq qanun qüvvəsi aldı.

Bu akt xüsusilə Ermənistan üçün mühüm əhəmiyyət daşıyırdı, çünki sənəddə “907-ci düzəliş” adlanan müddəa yer alırdı. Həmin düzəliş faktiki olaraq Azərbaycana istənilən növ yardımın göstərilməsini qadağan edirdi. 907-ci düzəlişin qəbulu ABŞ-də erməni lobbiçilərinin və erməni icmasının ən böyük uğurlarından biri hesab olunur. Bu düzəliş nəticəsində təxminən 10 il ərzində Azərbaycan 15 yeni müstəqil dövlət arasında ABŞ-dən yardım ala bilməyən yeganə ölkə olub”, - deyə müəllif qeyd edib.

Mərkəz bildirib ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror aktları Vaşinqtonun xarici siyasət prioritetlərini dəyişib.

“ABŞ prezidenti Corc U. Buş qlobal terrorizmə qarşı mübarizə elan etdi və ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstana daxil oldu. Antiterror səylərinə dəstək məqsədilə ABŞ Əfqanıstana yaxın və qonşu ölkələrə, o cümlədən Azərbaycana ayrıca yardım göstərməyə başladı. 907-ci düzəliş bu yardıma mane olduğuna görə onun yan keçilməsi ilə bağlı qərar qəbul edildi. 2001-ci il oktyabrın 24-də Senat “2002-ci il üçün Xarici Ayırmalar Aktı”nı qəbul etdi və bununla ABŞ prezidentinə hər büdcə ili üçün 907-ci düzəlişi yan keçərək, milli təhlükəsizliyə birbaşa təhlükə əsası ilə Azərbaycana hərbi yardım göstərmək səlahiyyəti verildi. Bu, aşağıdakı şərtlərlə əsaslandırılırdı:

1. beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ səylərinə dəstək vermək zərurəti
2. ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı əməliyyat hazırlığını dəstəkləmək ehtiyacı
3. Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsinin vacibliyi
4. bu yardımın Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqlarına zərər vurmaması və Ermənistan əleyhinə hücum məqsədləri üçün istifadə edilməməsi


907-ci düzəliş ilk dəfə 2002-ci il yanvarın 25-də ABŞ prezidenti Corc Buşun qərarı ilə yan keçildi və bununla ABŞ hökumətinin Azərbaycan hökumətinə yardım göstərməsinə qoyulan qadağa aradan qaldırıldı.

ABŞ-nin Azərbaycana göstərdiyi hərbi yardım və onun Ermənistan əleyhinə mümkün istifadəsi

907-ci düzəlişin yan keçilməsi ABŞ-yə Azərbaycana maneəsiz şəkildə yardım göstərmək imkanı verdi. 2002-ci ildən etibarən Azərbaycan ABŞ-dən təhlükəsizlik sahəsində 395 milyon ABŞ dollarından çox yardım alıb”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, bu məbləğ eyni dövrdə Ermənistana ayrılmış təhlükəsizlik yardımından demək olar ki, iki dəfə çoxdur və Ermənistan üçün bu rəqəm təxminən 218 milyon ABŞ dolları təşkil edir.

“Ümumilikdə ABŞ-nin Azərbaycana göstərdiyi təhlükəsizlik yardımı üç əsas məqsədə xidmət edir. Birincisi, ABŞ təxminən 20 il ərzində Əfqanıstanda iştirak edib ki, bu da ABŞ tarixində ən uzunmüddətli müharibə sayılır. Bu prosesdə Azərbaycan ABŞ üçün Əfqanıstana silah, sursat və digər təchizatın daşınmasında strateji tranzit mərkəzi rolunu oynayıb. İkincisi, ABŞ İrana sərhədi olan ölkə kimi Azərbaycana təhlükəsizlik yardımı göstərir və bu yardım əsasən Azərbaycan-İran sərhədinin möhkəmləndirilməsinə yönəlib. Üçüncüsü isə ABŞ-nin Azərbaycana ayırdığı təhlükəsizlik yardımı Xəzər dənizindəki enerji infrastrukturunun qorunmasına xidmət edir.

ABŞ-nin Azərbaycana təhlükəsizlik sahəsində göstərdiyi yardım xüsusilə 2018-2019-cu illərdə Ermənistanda ciddi narahatlıq doğurub. Yalnız bu iki il ərzində Azərbaycan 100 milyon ABŞ dollarından artıq yardım alıb. Müqayisə üçün, həmin dövrdə Ermənistanın aldığı təhlükəsizlik yardımı cəmi 8 milyon ABŞ dolları olub. 2018-2019-cu illərdə Azərbaycana ayrılan təhlükəsizlik yardımının 98 faizi “333 saylı Qərar – tərəfdaş ölkənin potensialının inkişafı” proqramına yönəldilib. Bu proqram antiterror, dəniz və sərhəd təhlükəsizliyi, hərbi kəşfiyyat əməliyyatları və qlobal koalisiya əməliyyatlarına dəstək məqsədi daşıyır. Proqram çərçivəsində Azərbaycan ABŞ-dən 59 mühərrikli qayıq və digər dəniz avadanlıqları, 60 kvadrosikl və digər nəqliyyat vasitələri, 401 videomüşahidə, radiolokasiya və digər qurğular, həmçinin 450 516 ədəd zirehli gödəkçə və fərdi təchizat alıb”, - deyə mərkəz qeyd edib.

Amerika Araşdırmaları Erməni Mərkəzi yazıb ki, bununla belə, ABŞ tərəfindən Azərbaycana göstərilən təhlükəsizlik yardımı Ermənistan əleyhinə istifadə üçün nəzərdə tutulmur.

“Bu, 907-ci düzəlişin yan keçilməsini tənzimləyən sənəddə də açıq şəkildə qeyd olunur. Yardım əsasən yuxarıda sadalanan məqsədlərə yönəlib. Bunu ABŞ-nin Ermənistandakı səfiri Lin Treysi də təsdiqləyib. O qeyd edib: “Azərbaycana göstərilən yardım hərbi yardım deyil, antiterror xarakterli yardımdır və məqsədi Azərbaycanın İranla sərhədinin təhlükəsizliyinə dəstək vermək, eləcə də ABŞ və Azərbaycanın ortaq narahatlıq doğuran antiterror problemlərini həll etməkdir”. Bundan əlavə, Azərbaycana ayrılan yardımın böyük hissəsi Azərbaycanın hərbi-dəniz qüvvələrinə və Xəzər dənizindəki enerji infrastrukturunun qorunmasına yönəldilir ki, bu da yardımın Ermənistan əleyhinə istifadə olunması riskini azaldır, çünki Ermənistanın dənizə çıxışı yoxdur.

Eyni zamanda müşahidə olunur ki, 2020-ci ildən sonra Azərbaycana ayrılan təhlükəsizlik yardımının həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu hal, ehtimal ki, ABŞ-nin Əfqanıstandan qoşunlarını çıxarması ilə bağlıdır və nəticədə Azərbaycanın ABŞ üçün regional əhəmiyyəti də azalıb.

Buna baxmayaraq, yardımın verilməsinin əsas şərtlərindən biri onun “Ermənistan əleyhinə hücum məqsədləri üçün istifadə edilməməsi” olsa da, bəzi hallarda bu yardım dolayı yolla Ermənistana zərər verib. Söhbət ABŞ-də azərbaycanlı hərbi mütəxəssislərin hazırlıq və təhsil almasına imkan verən proqramlardan gedir. Ən iri proqramlar “Beynəlxalq hərbi təhsil və hazırlıq proqramı” və “Terrorla mübarizə üzrə təqaüd proqramı”dır. 2002-2019-cu illər ərzində təxminən 5 100 azərbaycanlı hərbçi ABŞ-də təhsil və ya hazırlıq keçib. Eyni dövrdə ABŞ-də hazırlıq keçmiş erməni hərbçilərin sayı təxminən 2 680 nəfər olub ki, bu da azərbaycanlı hərbçilərlə müqayisədə xeyli azdır”, - deyə müəllif qeyd edib.

Məqaləyə görə, problemin mahiyyəti ondan ibarətdir ki, ABŞ-də hazırlıq keçmiş azərbaycanlı hərbçilər sonradan Ermənistan əleyhinə hərbi əməliyyatlarda iştirak edib.

“Bununla bağlı konkret sübutlar 2016-cı ilin Aprel döyüşləri zamanı ortaya çıxıb. Həmin vaxt Talış istiqamətində hücumda həlak (şəhid-red.) olan Azərbaycan Ordusunun iki yüksək rütbəli zabitinin ABŞ-də təhsil aldığı məlum olub. Onlardan biri Texas ştatının San-Antonio şəhərindəki hərbi dil institutunda və Virciniya hərbi-dəniz qüvvələrinin xüsusi zabit kurslarında təhsil alan polkovnik-leytenant Murad Mirzəyev, digəri isə Arizona ştatındakı hərbi kəşfiyyat mərkəzində təhsil alan polkovnik-leytenant Vuqar Yusifov olub.

ABŞ-nin Hökumət Hesabatlılığı Ofisi 2022-ci il hesabatında 907-ci düzəlişin yan keçilməsi ilə bağlı pozuntulara diqqət yetirib. Hesabata əsasən, 2014-2021-ci maliyyə illəri ərzində Konqresə təqdim edilən hesabatlarda Dövlət Departamenti çox mühüm bir məsələni, təklif olunan hərbi yardımın Azərbaycan və Ermənistan arasında hərbi balansa təsirini kifayət qədər dəyərləndirməyib. 907-ci düzəlişin yan keçilməsi zamanı tələb olunan şərtlərin necə yerinə yetirildiyi sənədlərdə əksini tapmayıb. Məsələn, agentliklər yardım proqramlarının Ermənistan əleyhinə istifadə olunmayacağını necə müəyyən etdiklərini qeyd etməyiblər. Bu hesabat faktiki olaraq göstərir ki, ABŞ-nin Azərbaycana təhlükəsizlik yardımı ilə bağlı qərarları hər zaman 907-ci düzəlişin yan keçilməsini tənzimləyən sənədə uyğun icra olunmur. Nəticədə Konqres Azərbaycana ayrılan yardımı təsdiqləyərkən hər zaman tam məlumata malik olmur.

Beləliklə, ABŞ Azərbaycana təhlükəsizlik sahəsində yardımı üç əsas məqsədlə göstərir ki, bunlar Vaşinqtonun xarici siyasət və təhlükəsizlik prioritetləri hesab olunur. Bunlar Azərbaycan-İran sərhədinin möhkəmləndirilməsi, Xəzər dənizində enerji daşıyıcılarının infrastruktur təhlükəsizliyinin təmin edilməsi və ABŞ üçün Əfqanıstan müharibəsində tranzit mərkəzi rolunun icrası idi. Lakin sonuncu istiqamət artıq ABŞ üçün aktual deyil. Qeyd etmək lazımdır ki, 907-ci düzəlişə və onu yan keçən sənədə əsasən ABŞ-nin Azərbaycana göstərdiyi yardım Ermənistan əleyhinə istifadə edilməməlidir”, - deyə mərkəz bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin