Ordu.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, erməni general-leytenant Tiran Xaçatryan 2020-ci il müharibəsi ilə bağlı bu və digər məsələlərlə bağlı açıqlama verib.
“Cinayət işi məhkəmə baxışı mərhələsindədir, şahidlər dindirilir”, - deyə o qeyd edib.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini “Bəs, məsələn, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan artıq dindirilibmi?” sualına belə cavab verib: “Xeyr”.
O, “44 günlük müharibə ilə bağlı hesabat parlamentin plenar iclasında təqdim olunmadı və parlamentin birinci şöbəsinə göndərildi. Cənab general, sizcə, hakimiyyətin müəyyən qorxuları var idimi, var və konkret olaraq nə ilə bağlıdır?” sualına cavab olaraq deyib:
“Açığı, İstintaq Komissiyasının işi və fəaliyyət müddəti ilə bağlı verilən əsaslandırma, deyək ki, qanun çərçivəsindədir. Amma bu əsaslandırmaları təqdim etməzdən əvvəl həmin İstintaq Komissiyasının fəaliyyətini dayandıra, ümumiyyətlə hesabat hazırlamaya və təqdim edib-etməmək məsələsi ortaya çıxmaya bilərdi, bu barədə heç kim danışmır. Əgər müddət pozuntusu olubsa, o zaman bu komissiya nə üçün fəaliyyətini davam etdirib və sonda hesabat yazıb?
Sizin qeyd etdiyiniz qorxulara gəlincə, düzünü desəm, nə təqdim edildiyini bilmirəm. Təsəvvür edə biləcəyim ən ehtimallı variant odur ki, yəqin öz maraqlarına uyğun olmayan və ya onları qoruyan məqamlar var idi, baxmayaraq ki, bunu az ehtimallı sayıram. Həmin komissiya öz mahiyyəti və yanaşmaları ilə qərəzsiz mövqe sərgiləyə bilməzdi, amma bununla yanaşı, yəqin ki, özləri üçün tam xoş olan nəticəni də əldə edə bilməyiblər. Bu birincisi. İkincisi isə, son nəticədə zərbələri və ya oxları yayındırmaq üçün hakimiyyət bəraətlər tapıb”.
O bildirib ki, obyektiv qiymətləndirmə olmalıdır: “Bütün detallar peşəkar baxımdan düzgün şəxslər tərəfindən öyrənilməli, buna uyğun nəticələr çıxarılmalı və bütün bunlar kompleks şəkildə təqdim olunmalıdır. Amma bu gün vəziyyət belədir: İstintaq Komissiyası işini gördü, lakin onun nəticələri davam tapmadı və ümumiyyətlə mövzu bağlandı.
İndi ayrı-ayrı epizodlarla bağlı iddialar, cinayət işləri, şikayətlər var, nəsə edilir, amma bu, ümumiləşdirilmiş təhlil və yekun nəticə üçün material ola bilməz. Yəni, sadəcə konkret halların qiymətləndirilməsi ola bilər, o da sual altındadır ki, nə dərəcədə qərəzsiz və əsaslıdır. Deyirsiniz ki, biz ordunun və siyasi rəhbərliyin məsuliyyət dərəcəsini, məğlubiyyətin real səbəblərini bilməliyik. Əvvəlcə “biz” deyəndə kimi nəzərdə tutduğumuza baxmaq lazımdır, hakimiyyəti? Mənim təhlil və qiymətləndirmələrimə görə, bu məsələ onlara ümumiyyətlə maraqlı deyil.
Əgər “biz” deyəndə cəmiyyəti nəzərdə tutursunuzsa, bəli, cəmiyyət üçün bu maraqlıdır. Amma, qeyd etdiyim kimi, hakimiyyətin marağında deyil ki, real mənzərə cəmiyyətə təqdim edilsin, hərbi və siyasi rəhbərliyin məğlubiyyətdə məsuliyyət payı nə qədərdir, məğlubiyyətin dərin səbəbləri nələrdir. Cəmiyyət üçün isə bu həmişə maraqlı olub və gələcəkdə də olacaq. Marağın motivləri fərqli ola bilər, amma 44 günlük müharibə və məğlubiyyətin səbəbləri ilə bağlı ictimai maraq ölməyəcək, yox olmayacaq”.
Xaçatryan “Bəs siz özünüz üçün ordunun və ölkənin siyasi rəhbərliyinin müharibədə məğlubiyyətə görə məsuliyyət dərəcəsini müəyyən etmisinizmi?” sualına cavab verərək deyib:
“Bilirsiniz, mənim ilkin təhlilim çox kobuddur və bunun əsasında dəqiq nəticələr çıxarmaq olmaz. Yəni, bəli, özüm üçün müəyyən nəticələrə gəlmişəm, amma bu, birmənalı şəkildə “bu belədir, o isə elədir” demək səviyyəsində deyil. Yuxarıda qeyd etdim ki, dəqiq qiymətləndirmə olmalıdır, amma eyni zamanda anlayırıq ki, kifayət qədər vaxt keçib və daha da keçəcək. Yaddaş, hadisələr, müvafiq şəxslərin dediklərini tutuşdurmaq, müzakirələr təşkil etmək baxımından vaxt itirmişik və vaxt keçdikcə bəzi məqamlar daha da problemli olacaq.
Təkrar edirəm, nəyin necə baş verdiyi barədə çox kobud bir təsəvvür var, çox kobuddur, amma bu elə bir məsələ deyil ki, kobud yanaşma ilə nəticə çıxarılsın”.
O, “44 günlük müharibədən sonra orduya, generallara münasibət cəmiyyətdə dəyişdi və sonrakı illərdə ölkə ətrafında təhlükəsizlik çağırışları hər dəfə kəskinləşəndə, hakimiyyətin yeritdiyi siyasət nəticəsində ərazi itkiləri yaşananda, siyasi, ekspert və ictimai çevrələr hərbçilərdən, keçmiş hərbi rəhbərlərdən, generallardan tələb ediblər ki, niyə danışmırlar?” sualına cavab olaraq bildirib:
“Yaxşı, generallar nə haqqında danışmalıdırlar? Mən bu suallara müxtəlif vaxtlarda cavab vermişəm. Amma hansı sualdır ki, generallar danışmalıdır və danışmırlar?”.
Erməni general deyib ki, doğrudanmı, məsələn, 10 nəfər və ya bir qədər çox insan cəmiyyətin tələbini təmsil edir?
“Sonra da insanlar qulaqlarına xoş gələn şeyi eşitməyi, xoşlarına gələn mənzərəni görməyi sevirlər. İndi nə desək də, necə desək də, kimin xoşuna gəlməsə, yenə deyəcək ki, niyə həqiqəti demirlər. O qədər danışacaqlar ki, nəhayət, özlərinə xoş gələn bir şey eşitsinlər. Mən dedim ki, mütəxəssislər dinlənilməli, müvafiq təhlil aparılmalı, buna uyğun olaraq müharibə ilə bağlı qiymət verilməli və deyilməli idi: “budur”. Bu sizə xoşdur, ya yox, fərqi yoxdur. Əgər bu edilməyibsə, indi kim nə istəyir desin, hara istəyir getsin, bunun nə mənası var?”, - deyə o qeyd edib.
Xaçatryan “Gəlin, Silahlı Qüvvələrin indiki vəziyyətindən danışaq. Hakimiyyət iddia edir ki, peşəkar ordu ideyasından imtina etməyiblər və məcburi hərbi xidmət müddətini müqaviləlilərin hesabına 1,5 ilə endiriblər. Doğrudanmı, hakimiyyətin dediyi kimi, bununla bağlı heç bir problem yoxdur?” sualına belə cavab verib:
“Mən xidmət müddətinin azaldılması ilə bağlı əsaslandırmaları eşitmişəm və onların heç biri əsaslandırma deyil. Çünki məsələ yalnız müqaviləlilərin hesabına kifayət qədər hərbçi toplamaq deyil. Dərin problem ondadır ki, çağırışçı hərbi qulluqçunun hazırlandığı proqram elə olmalıdır ki, o, onu mənimsəsin və zərurət yarandıqda, istər döyüş əməliyyatı olsun, istərsə də onun hazırlığı, yenidən hazırlıq keçərək qarşısına qoyulan tapşırığı yerinə yetirə bilsin. İndi əgər biz bu proqramı dəyişmiriksə və ya 1,5 il ərzində əsgər hazırlamağa imkan verən yeni proqram ortaya qoymuruqsa, bu müddəti nəyin hesabına azaldırıq?
Əsgərin hazırlandığı proqram eyni qalıb, hətta onu da azaldıblar. Çünki nəzərə alsaq ki, ilk 6 ay bölmələrin uzlaşdırılması, bölmə tərkibində fəaliyyət və tapşırıqların icrası ilə bağlı tam peşəkar hazırlıqdır, bu 6 ay da ixtisar olunur.
Yəni, 2 ilə planlaşdırılanı 1,5 ilə edirik və yaxşı nəticə gözləyirik. Mənim üçün əsas məsələ budur. Üstəlik, say baxımından da təminat mümkün olmayacaq, çünki müqaviləlilərin hesabına yaranan çatışmazlığı doldurmaq mümkün deyil. Heç bir ciddi say hesablaması yoxdur, çağırış və tərxislə bağlı əsaslandırılmış rəqəmlər təqdim edilmir. Belə bir şey yoxdur. O 25 günlük təlim toplanışlarına cəlb olunanlar yalnız çatışmayan sayın müvəqqəti doldurulmasıdır. Amma yenə deyirəm, problem əsgərin hazırlığıdır. Hansı keyfiyyətdə hazırlanır? Əgər keyfiyyətli hazırlıq varsa, lazım olan anda bir həftəyə də xatırlatmaq olar. Amma hazırlıqsız insanları sadəcə say kimi gətirirsənsə, hansı peşəkar ordudan söhbət gedə bilər?”.
O sual verib ki, müharibə nə vaxt başlayır və ya onunla bağlı təhlükə nə vaxt artır?
“Bu, o zaman baş verir ki, siyasi yollarla və ya başqa təzyiq mexanizmləri ilə münaqişə tərəflərindən biri öz məqsədlərinə çata bilmir. Yəni, hərbi yola əl atmadan əvvəl tərəflərdən biri məqsədinə iqtisadi, informasiya, siyasi, sosial təsir vasitələri ilə çatmağa çalışır. Əgər bütün bu mexanizmlər işləmirsə, onda silahlı qüvvələr vasitəsilə hərbi yola əl atırlar.
Əgər qonşularımızın bizə qarşı artıq heç bir tələbi yoxdursa, o zaman müharibə də olmaya bilər. Əgər tələblər var və bu məsələlər hərbi güc tətbiq olunmadan həll edilirsə, yenə də müharibə olmayacaq. İndi bu iki variantdan hansını istəsəniz seçin: ya onların gözləntiləri və tələbləri var və onlar yerinə yetirilir, bu halda Azərbaycan müharibəyə başlamaz, ya da həll olunmalı tələbləri yoxdur. Bəs qonşularımızın Ermənistana qarşı tələbləri yoxdurmu? Əlbəttə ki, var”, - deyə erməni general vurğulayıb.
Xaçatryan deyib ki, əgər tələblər varsa, deməli, onlar bu tələblərin yerinə yetirilməsinə doğru gedəcəklər: “Əgər bu məsələlər hərbi güc tətbiq olunmadan həll edilərsə, müharibə olmayacaq. Həll edilməsə, bu tələblər yerinə yetirilməsə, müharibə olacaq”.
Alpər Mövludoğlu
Ordu.az