Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hakimiyyətin “dəyirmanına su tökməmək” üçün nə etmək olar?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, hakimiyyət seqmentində təbii ki, “Paşinyan meydanında” fəaliyyət göstərən bir neçə kiçik partiya və ya blok da iştirak edəcək. Əvvəlki seçkilər, o cümlədən yerli özünüidarəetmə seçkiləri göstərib ki, onların 5 faiz toplamaq şansı yoxdur.
“Ən yaxşı halda 1-2, maksimum 3 faiz… Seçki mübarizəsində onların hansısa formada prosesə cəlb olunmasının məqsədi səsləri parçalamaqdır və ya ən yaxşı halda müəyyən saxtakarlıqlar, “rəqəm oyunu” vasitəsilə özlərinə yaxın satellitlərdən heç olmasa birini birtəhər parlamentə salmaqdır.
İkinci qütbdə isə, aydın məsələdir ki, real, köklü müxalifət dayanır. Burada ilk növbədə parlament müxalifəti və “Bizim Tərzimizlə” hərəkatı, eləcə də ehtimal ki, blok şəklində çıxış edəcək bir neçə digər partiya nəzərdə tutulur.
Bütün bunlara əlavə olaraq, üçüncü bir tərəf də meydana çıxır ki, istər-istəməz (ümid edək ki, istər-istəməz) Nikol Paşinyanın xeyrinə işləyir. Bu qrupu da şərti olaraq iki hissəyə bölmək olar.
Bir hissə, artıq qeyd etdiyimiz kimi, “hamıya qarşı” kimi qəbulolunmaz tezislə çıxış edənlərdir. Buraya bu tezisi “özünü buraxan partiya” kimi formalaşdırmaq üçün əsas götürən təşəbbüs də daxildir. Aydındır ki, bu da yenə səslərin parçalanması problemini həll edəcək ki, bu da yalnız hakimiyyət üçün sərfəlidir. Niyə sərfəli olduğu əvvəlki yazımızda artıq qeyd olunub”, - deyə nəşr qeyd edib.
KİV-in yazdığına görə, bu silsilənin ikinci şərti qrupuna isə o şəxslər daxildir ki, uzun müddət susduqdan sonra ortaya çıxıb bəyan edirlər: bu və ya digər xadim, qüvvə seçkilərdə iştirak etməməlidir.
“Bu qrupun maraqlı cəhəti ondadır ki, keçid baryerini mütləq aşacaq, hətta demək olar ki, ən azı birgə səylərlə qalib gələcək əsas qüvvə və xadimləri hədəfə alırlar. Ola bilsin ki, başqalarının iştirak etməməsi barədə iddia irəli sürənlərin məqsədi odur ki, hədəf aldıqları xadimlərin seçkilərdə iştirak etməməsi onlara müəyyən faiz toplamaq imkanı versin.
Amma əvvəlcə bu, birbaşa demokratiya prinsiplərinə ziddir.
Digər tərəfdən isə bu, məhz nikolçu mövqedir. Bir sıra ekspertlərin qeyd etdiyi kimi, istisna edilmir ki, Nikol Paşinyan da hansısa vasitələrlə, Qərbin açıq və kinik dəstəyi ilə bu və ya digər qüvvənin qarşıdakı seçkilərdə iştirakını əngəlləmək yolunu tuta bilər.
Ümumiyyətlə isə heç kim deyə və müəyyən edə bilməz ki, kim namizədliyini irəli sürsün, kim sürməsin. Nəzəri baxımdan seçilmək hüququ olan hər kəs namizəd ola bilər. Seçicilər qərar verəcəklər ki, kimi seçirlər. Təbii ki, bu, hakimiyyət tərəfindən gözlənilən seçki saxtakarlıqlarını nəzərə almasaq. Amma bu, başqa məsələdir və onun qarşısını da yenə birgə almaq lazımdır. İndi isə, hər bir halda, düşünürük ki, latent hakimiyyət yanaşmalarına güzəştə getməyə dəyməz”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az