Erməni vəkil: “Kilsəyə qarşı yönəlmiş bu siyasətin bədəlini bütün xalq olaraq ödəyəcəyik və çox ağır bir qiymət verəcəyik”

2026/01/1769833947.jpg
Oxunub: 380     08:29     31 Yanvar 2026    
“1997-ci il noyabrın 13-də bütün ermənilərin katolikosu I Qaregin və Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan tərəfindən Ermənistan Silahlı Qüvvələrində Erməni Apostol Kilsəsinin Ruhani Xidməti (bundan sonra Ruhani Xidmət) yaradılıb”.

Ordu.az xəbər verir ki, bunu erməni vəkil Ara Zöhrabyan bildirib.

Onun sözlərinə görə, Ermənistan müdafiə nazirinin 19.07.2000-ci il tarixli 728 saylı əmri ilə Ruhani Xidmətin nizamnaməsi qüvvəyə minib, 14.09.2000-ci ildə isə nizamnamə bütün ermənilərin katolikosu və Ermənistanın müdafiə naziri tərəfindən təsdiqlənib.

“Həmin nizamnaməyə əsasən Ruhani Xidmətin məqsədlərindən biri aşağıdakılar olub:

– Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini Erməni Apostol Kilsəsinin etiqadı, kilsə qaydaları və ənənələrinə uyğun olaraq Məsihin İncilinə və xristian inancının prinsiplərinə şərik etmək,

– Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini xristian-əxlaqi prinsiplər və milli-vətənpərvərlik ruhunda tərbiyə etmək.

Ruhani Xidmətin strukturu aşağıdakı kimi olub: Ermənistan Silahlı Qüvvələrinin ruhani xidmətinin rəhbəri, ordu korpusları və hərbi hissələr üzrə ruhani xidmətçilər.

Silahlı Qüvvələrin Ruhani Xidmətində ümumilikdə 42 ruhani iştirak edib, onlardan:

– 8 nəfər müddətli hərbi qulluqçu olaraq diakon statusunda,

– 34 nəfər isə Üçmüədzin kilsəsi tərəfindən təyin olunmuş könüllü ruhanilər, o cümlədən 1 arximandrit, 16 keşiş və 17 diakon olub.

Müdafiə naziri Suren Papikyanın 29.01.2026-cı il tarixli 159 saylı əmri ilə nazirin 19.07.2000-ci il tarixli əmri qüvvədən düşmüş hesab edilib. Bu əmrlə müdafiə nazirliyi faktiki olaraq Silahlı Qüvvələrin Ruhani Xidmətinin fəaliyyətini dayandırıb. 42 ruhanidən yalnız 8 nəfər Silahlı Qüvvələrin Baş Qərargahının mənəvi-psixoloji təminat idarəsinin koordinasiyası ilə müddətli hərbi qulluqçu kimi xidmətini davam etdirəcək, qalan 34 nəfər isə artıq xidmət etməyəcək”, - deyə o qeyd edib.

Erməni vəkil vurğulayıb ki, Ermənistan müdafiə naziri Suren Papikyan “Ermənistan ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında” qanunun 10-cu maddəsinin tələblərini pozub.

“Həmin maddəyə görə, Erməni Apostol Kilsəsinin hərbi hissələrdə daimi ruhani nümayəndə saxlamaq hüququ var.

Müdafiə naziri Suren Papikyan hətta müdafiə nazirinin özü tərəfindən təsdiq edilmiş Ruhani Xidmətin nizamnaməsinin 5.1-ci bəndini də pozub. Həmin bəndə əsasən, ruhani xidmət bütün ermənilərin katolikosunun xeyir-dua məktubu və Ermənistanın müdafiə nazirinin əmri ilə ləğv edilir. Göründüyü kimi, nazir bu xidməti təkbaşına ləğv edə bilməzdi.

Bu prosesin səbəbi ondan ibarət olub ki, ordu keşişləri Müdafiə Nazirliyinin tələbi ilə Nikol Paşinyanın anti-kilsə proqramına qoşulmaqdan imtina ediblər”, - deyə Zöhrabyan vurğulayıb.

O bildirib ki, bu, məsələnin hüquqi tərəfidir.

“Mənəvi-psixoloji tərəfi isə ondan ibarətdir ki, bu hakimiyyət əslində milli kilsəni hədəfə alıb. Əvəzində hər şeyi edərək ordunu bu biabırçı təqiblərdən uzaq tutmalı olduqları halda, tam əksini edirlər.

Ordu rəhbərliyi əsl xristian hərbçilərə sahib olmaq üçün hər şeyi etməli olduğu halda, tam tərsinə davranır və kilsənin daxili işlərinə də müdaxilə edir. Təsəvvür edirsinizmi, bu hakimiyyət xalqımıza nə qədər böyük zərər vurur. İnanın, kilsəyə qarşı yönəlmiş bu siyasətin bədəlini bütün xalq olaraq ödəyəcəyik və çox ağır bir qiymət verəcəyik”, - deyə Zöhrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zöhrabyan  


Bizi "telegram"da izləyin