Ordu.az xəbər verir ki, bunu “Apri Armenia” (APRI Armenia) analitik mərkəzinin aparıcı elmi əməkdaşı, tarix elmləri namizədi Beniamin Poğosyan deyib.
Onun sözlərinə görə, birincisi, Trampın da dediyi kimi, Cənubi Qafqazda sülhə yönəlmiş səyləri, xüsusən də Trampın yol xəritəsini irəli aparmaqdır.
“İkincisi, Azərbaycanda silah satışı ilə bağlı müzakirələrin aparılacağı qeyd olunur. Üçüncüsü isə, Ermənistanda ABŞ mülki nüvə texnologiyalarının ixracına imkan verən bir sazişin imzalanacağı ehtimal edilir. ABŞ bu səfərlə həm də göstərir ki, regiona marağı aktual olaraq qalır.
İranla bağlı iki ssenari görürəm. Birinci ssenari belədir ki, ABŞ tərəfindən siyasi və hərbi rəhbərliyə və ya hərbi hədəflərə dəqiq zərbələr, yaxud birləşdirilmiş zərbələr ola bilər. İkinci ssenari budur ki, ölkənin daxili vəziyyətini sabitsizləşdirəcək uzunmüddətli zərbələr mümkündür. Biz bilirik ki, İranın daxili əhalisi arasında etnik azlıqlar böyük pay təşkil edir. Birinci ssenari zamanı rejim dəyişikliyi olmayacaq. İkinci ssenari zamanı dəyişiklik baş verə bilər və Pakistanda olduğu kimi, Britaniya kraliçası statusunda olacaq yeni dini lider ortaya çıxa bilər. Amma ekspertlər deyirlər ki, İran Venesuela deyil və İranın siyasi-hərbi rəhbərliyi ABŞ ilə sövdələşməyə getməyəcək. Hər halda, yaxın vaxtlarda İrana zərbə endirilməsi ehtimalı çox böyükdür: 60 faiz və daha çox”, - deyə Poğosyan qeyd edib.
O bildirib ki, adətən iranlı diplomatlar ehtiyatlı danışırlar, amma bu dəfə İranın Ermənistandakı səfirinin sözləri çox konkret idi.
“Bir məsələdə səfirlə razıyam. Mənim qiymətləndirməmə görə, hazırda İranda qavrayış doğrudan da dəyişir və Ermənistan tədricən problemlərin yarana biləcəyi bir dövlət kimi qəbul olunur. Yəni Ermənistan-İran sərhədi, İran-Azərbaycan sərhədindən fərqli olaraq, əvvəlki kimi təhlükəsiz deyil. Bu isə TRIPP (Zəngəzur dəhlizi-red.) çərçivəsində sərhəddə ABŞ mövcudluğu ilə bağlıdır”, - deyə Poğosyan vurğulayıb.
Erməni ekspert qeyd edib ki, hazırda İran ciddi problemlərlə üz-üzədir.
“Hazırda İran elə ciddi problemlərlə üz-üzədir ki, Ermənistan-İran sərhədində ABŞ mövcudluğundan nə qədər narazı olsa da, Ermənistan istiqamətində addımlar atmaq imkanını düşünə bilməz. Bu, onun üçün indi yüzüncü dərəcəli məsələdir”, - deyə o bildirib.
Poğosyanın qiymətləndirməsinə görə, bir şey dəqiqdir ki, TRIPP yalnız iqtisadi komponentdən ibarət deyil, bu həm də geosiyasi layihədir: “Burada əsas prioritet Mərkəzi Asiya-Türkiyə əlaqəsidir. İkinci komponent İran məsələsidir. Üçüncü komponent isə Rusiya məsələsidir. Cənubi Qafqaz həmişə Rusiyanın təsir zonası kimi qəbul olunub və indi bu təsirin azaldılması məsələsi gündəmdədir”.
Alpər Mövludoğlu
Ordu.az