Erməni hərbi ekspert: “Azərbaycan o dağı nəzarətə götürə, ora artilleriya yerləşdirə və Zəngəzur yolunu rahatlıqla kəsə bilər”

2021/09/77433-1632983775.jpg
Oxunub: 861     13:17     31 Yanvar 2026    
“Son illərdə çox böyük həcmdə müasir silah-sursat və hərbi texnika alınıb. Elə keyfiyyət və parametrlərə malikdir ki, ordumuzda indiyədək heç vaxt olmayıb. Bunun üçün böyük maliyyə vəsaitləri xərclənib, çünki alınan texnika həm bahalıdır, həm də say baxımından kifayət qədərdir. Amma çox vacib bir suala da cavab verilməlidir: bəs niyə eyni şeylər 2018, 2019, 2020, 2021 və 2022-ci illərdə edilmədi?”, - deyə Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik müraciətində yazıb və özü də sualına cavab verib:

“Silah və hərbi texnika satmaq potensialına malik olan beynəlxalq tərəfdaşlarımızın demək olar ki, hamısı iki əsas səbəb göstərərək Ermənistana silah satmaqdan nəzakətlə imtina edirdilər:

1. Həmin silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər.

2. Bu silahların məxfi parametrlərinin Ermənistanın üzv olduğu KTMT üçün əlçatan olmayacağına əmin deyildilər ki, bu üzvlük də belə sazişlərin bağlanmasına mane olurdu.

KTMT üzrə tərəfdaşlarımız isə 2022-ci ilin sentyabrına qədər Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etməyə dair üzərimizə götürdükləri müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar, həmçinin, Ermənistanın artıq ödənişini etdiyi yüz milyonlarla dollar dəyərində silah və texnikanı tədarük etməkdən də imtina etdilər. Bu, Ermənistan üçün ekzistensial təhlükə idi və açıq-aşkar dövlətçiliyimizi ləğv etmək, suverenliyimizi sıfırlamaq barədə qərar qəbul edilmişdi.

Bu ölümcül təhlükə iki həlledici hadisə nəticəsində aradan qaldırıldı: 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli formatda əldə olunan siyasi razılaşma (buna əsasən Ermənistan Respublikası və Azərbaycan Respublikası 1991-ci il Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır) və Ermənistanın KTMT-də üzvlüyünün dondurulması”.

Ordu.az xəbər verir ki, erməni hərbi ekspert Karen Vrtanesyan Paşinyanın bəyanatını şərh edib.

“Mən o adamın qəribə, bəzən absurda çatan bəyanatlarını mənasız hesab edirəm. O, hakimiyyətdə olduğu müddətdə bu cür açıqlamalar verməyə davam edəcək. Bunların bir hissəsi yarımhəqiqət, bir hissəsi kontekstdən qoparılmış, bir hissəsi isə açıq-aşkar uydurmadır. Məsələn, 11 min fərari, yaxud “İskəndər”in on faiz partlaması haqqında danışırdılar, ya da guya 80-ci illərin silahlarının “utancverici səhifəsi”ni bağlamışıq. Halbuki 80-ci illərin silahına malik olmaq heç də utancverici deyil: dünyanın böyük bir hissəsində 80-ci, hətta 70-ci illərin silahları istifadə olunur, Ukraynada isə hətta 1930-cu illərin top və pulemyotlarından istifadə edilir. Bu şəxsin açıqlamaları əsasən epataj xarakterlidir, reallığa yaxın deyil və təhrif olunub”, - deyə o qeyd edib.

Vrtanesyan bildirib ki, əvvəla, silah almaq özlüyündə məqsəd deyil.

“Silah konkret problemləri həll etmək üçün alınmalıdır. Məsələn, Paşinyan böyük səs-küy salaraq “Su-30” qırıcıları aldı, amma onlar müharibə zamanı heç cür işlədilmədi, indi də görürük ki, istifadə olunmur. Sual yaranır: əgər Ermənistanın hava hücumundan müdafiə sistemini inkişaf etdirmək niyyətində deyildilərsə, niyə bu cür xərclərə girdik? Aydın olur ki, bütün bunlar reklam üçündür və ya bəlkə də hansısa Rusiya tərəfdaşlarına yaxşılıq etmək məqsədi daşıyır, amma Ermənistanın təhlükəsizliyi üçün deyil. Bu texnika heç bir formada Ermənistanın müdafiəsi üçün istifadə olunmadı. Şübhəli bəyanatlar verirlər, bu və ya digər “ən müasir” silahların alınmasından danışırlar. Yaxşı, yenə geri çəkilmə əmri veriləcəksə, bu silahların real döyüş şəraitində tətbiqinə icazə verilməyəcəksə, bu silahların mənası nədir? Çoxlu incə məqamlar var: şəxsi heyətin hazırlanması, döyüş sursatının tədarükü və s. Müharibə şəraitində raketlər “gözəl şəkildə” tükənir. Bəs onları il boyu qarlı olan o dağa necə çatdıracaqlar? Azərbaycan o dağı nəzarətə götürə, ora artilleriya yerləşdirə və Zəngəzur yolunu rahatlıqla kəsə bilər. Sual yaranır: əgər yeganə əlaqə yolu İrandırsa, Hindistan istehsalı artilleriya mərmilərini Ermənistana necə çatdıracaqlar?”, - deyə o vurğulayıb.

Vrtanesyan deyib ki, burada təkcə yol problemi deyil, İranın daxili vəziyyəti məsələsi də var:

“Yoxsa hamı gəlib lovğalana bilər, amma etibar haradadır? 2020-ci ildən bu yana genişmiqyaslı bir dənə də olsun hərbi təlim keçirilməyib. Əgər müharibə təhlükəsi olduğunu bilirsənsə, niyə normal təlimlər keçirmirsən? Heç nə edilmirsə, silah almaqdan danışmağın mənası yoxdur. Bir məsələni də deyim: Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyada ciddi silah qıtlığı var, həm sovet dövründən qalan ehtiyatlar tükənir, həm də yeni silahlar çatışmır. Geosiyasi vəziyyət gərgin və qeyri-sabitdir, bir çox ölkələr silahlanmağa çalışır. Ermənistanın itkilərini bərpa etmək imkanı olduğu vaxtda, söhbət məhz 2020-2021-ci illərdən gedir, heç nə edilmədi. İndi nə demək istəyirlər, hansı “muzey nümunələri”dir bunlar, hansı sistemlərlə işləyə biləcəyi bəlli olmayan bu silahlar kimə lazımdır?”.

O qeyd edib ki, silah alınması çox mürəkkəb və uzun illər davam edən prosesdir: “Silah “iPhone” deyil ki, istədiyin vaxt gedib alasan. Hətta “iPhone” yeni çıxanda belə onu dərhal almaq olmur. Silah tədarükü üçün müqavilələr bağlanır və ya bağlanmır, proses belə gedir. KTMT üzvlüyü bəlkə də Qərb silahlarının alınmasına mane olurdu, amma indi Qərbin özündə də silah qıtlığı var, ABŞ belə tələbatı ödəməyə çatmır. Ona görə də gəlin Nikol Paşinyanın demaqoji sayıqlamalarını ciddi qəbul etməyək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vrtanesyan   Ermənistan  


Bizi "telegram"da izləyin