Zaxarova KTMT-yə ünvanlanan ittihamları şərh edərkən Paşinyanın Şuşadakı rəqsini xatırladıb

2025/02/1739533772.jpg
Oxunub: 508     19:20     30 Yanvar 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın 2022-ci ilin sentyabrında KTMT tərəfdaşlarının İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatlarına təəccüb etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT-yə üzv ölkələr Ermənistanın təhlükəsizliyinə zəmanət verməkdən, eləcə də Ermənistan tərəfinin artıq ödəniş etdiyi yüz milyonlarla dollar dəyərində silah və hərbi texnika tədarük etməkdən imtina ediblər. Ermənistanın Baş nazirinin sözlərinə görə, bu cür addımlar ölkə üçün “mövcudluq təhlükəsi” yaradıb və Ermənistan dövlətçiliyinin məhv edilməsi, onun suverenliyinin ləğvi ilə bağlı qəbul edilmiş qərardan xəbər verib.

Bu fikirləri həftəlik brifinq zamanı şərh edən Mariya Zaxarova bildirib ki, hansı qərardan və ya kimin hərəkətlərindən söhbət getdiyini anlamır. Onun sözlərinə görə, bu cür bəyanatlar əlaqəsiz iddialar toplusuna bənzəyir və izah tələb edir.

“O, Ermənistan dövlətçiliyinin məhvində KTMT-ni ittiham edir? Bunu eşitmək mənə qəribə gəlir. Ola bilsin, sitat səhvdir, gəlin bunu dəqiqləşdirək”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Zaxarova vurğulayıb ki, kontekstdən göründüyü kimi, Paşinyanın bəyanatları Qarabağ ətrafında yaranmış vəziyyətə aiddir. Lakin o qeyd edib ki, bu ərazinin Ermənistanın tərkib hissəsi kimi tanınması ilə bağlı hər hansı hüquqi qərarı xatırlamır və ya bu barədə məlumatı yoxdur.

“Xatırladığım odur ki, Nikol Paşinyan ora gedib rəqs edirdi. Mənim xatırladığım budur. Amma bu ərazinin Ermənistanın tərkibində hüquqi tanınması və ya daxil edilməsi barədə heç nə bilmirəm”, - deyə o bildirib.

Bu kontekstdə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, ittihamların məzmunu və predmeti aydın başa düşülmədən mənalı şərh vermək mümkün deyil. “Mən KTMT tərəfindən Ermənistan dövlətçiliyinə qarşı hansı təhlükələrdən danışıldığını başa düşmürəm. Ola bilsin, başqa bir məqam nəzərdə tutulur”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, ifadələr və faktlar dəqiqləşdirildikdən sonra Rusiya tərəfi izahat və şərhlər verməyə hazır olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Paşinyan  


Bizi "telegram"da izləyin