Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransı zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
“Bizim təklifimiz belədir: sülhü ciddi təminat mexanizmi ilə möhkəmləndirmək lazımdır. Bu, yeganə yoldur, dünyada başqa yol yoxdur. Ukraynada da ən ciddi maneə məhz təminat mexanizmidir. Bu isə ciddi danışıqlar prosesi və real təminatlar tələb edir.
Dünyada elə bir münaqişə yoxdur ki, təminat mexanizmi olmadan dayansın və davamlı atəşkəs və ya sabit sülh bərqərar olsun. Hər yerdə təminat verən tərəflər və təminat sistemi var. Təminat mexanizminin formalaşdırılmasında əsas maraqlı tərəf hazırda daha zəif olan tərəf olmalıdır. Güclü tərəf təminat istəmir, çünki istəyir ki, sənin ondan asılılığın maksimum yüksək səviyyədə qalsın və istədiyini sənə diktə etsin. Hazırda gördüyümüz mənzərə də budur”, - deyə Köçəryan bildirib.
O qeyd edib ki, əgər Nikol Paşinyan hər addımda ona diktə edilməsindən zövq alırsa, geri çəkilirsə, xalq bu zövqü yaşamamalıdır.
“Bu zəifliyi aradan qaldırmaq üçün beş il ərzində heç nə etməyiblər. Nə Ermənistanın daxildə, nə də xaricdə qavranılması dəyişib. Ona sərf edir ki, biz zəif qalaq, müharibə təhlükəsi daim cəmiyyətin üzərində asılı vəziyyətdə olsun. Çünki bunu yenidən seçilmək üçün istifadə edəcək. Bu vəziyyət xalqımıza sərf edirmi? Mənə sərf etmir”, - deyə Köçəryan bildirib.
Bu seçkilərin “ya Ermənistan olacaq, ya da Nikol Paşinyan” seçimi olması ilə bağlı suala cavab verən sabiq erməni prezident deyib: “Ermənistan bütün hallarda olacaq, sadəcə məsələ Ermənistanın məzmununun necə olacağıdır. Ermənistan Zəngəzursuz olacaq, yoxsa Ermənistan Erməni Apostol Kilsəsi olmadan mövcud olacaq? Mənim təəssüratıma görə, bu seçkilər unikal olacaq, çünki Ermənistanın mahiyyəti ilə bağlı olacaq.
Beynəlxalq münasibətlər belə işləmir. Bu halda sən nə dost, nə də dayaq tapacaqsan, geosiyasi dilənçiyə çevriləcəksən. Rembo olub, Qikora çevrilib, indi isə Qikor vəziyyətində “buyurun bura” deyir”.
Hakimiyyətin onun yenidən hakimiyyətə qayıtmasından niyə qorxduğuna dair təhlilinin olub-olmaması sualına Köçəryan istehza ilə cavab verib: “Çox sevirlər”.
Alpər Mövludoğlu
Ordu.az