“Hamımız öz səhvlərimizi və onların nəticələrini qəbul etməliyik” - Paşinyan

2026/01/1769689851.jpg
Oxunub: 452     16:28     29 Yanvar 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində səhiyyə məsələləri üzrə parlamentin daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hripsime Hunanyanın istefasını və deputat Hayk Sarkisyanın hakim partiyanın seçki siyahısına salınmaması faktını şərh edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bundan əvvəl Hunanyan parlamentin daimi komissiyasının sədri vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayıb. Buna səbəb Ermənistan parlamentində səsləndirdiyi bəzi fikirlərin tənqid olunması və cəmiyyətdə sərt reaksiya doğurması olub. O, həmçinin qarşıdan gələn parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının proporsional siyahısından çıxmaq qərarı verib.

“Hunanyana bu cəsarətli addımına görə təşəkkür etmək istərdim. Siyasi fəaliyyətlə məşğul olan hər bir şəxs cəmiyyətlə ünsiyyətdə olmalıdır. Hamımız öz səhvlərimizi və onların nəticələrini qəbul etməliyik. Bununla belə, o, komandamızın üzvü olaraq qalacaq”, - deyə Paşinyan bildirib.

Hayk Sarkisyanla bağlı vəziyyətdən danışan Paşinyan qeyd edib: “Bu məsələ bir neçə dəfə “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti çərçivəsində müzakirə olunub. Mən hesab etmirəm ki, bu müzakirənin açıq müstəviyə çıxarılması onun maraqlarına uyğundur. Bir neçə ay əvvəl konkret səbəbə görə ona ciddi töhmət verilib. “Vətəndaş Müqaviləsi” partiyası korrupsiyanın istənilən təzahürünə, o cümlədən öz üzvləri tərəfindən yol verilməsinə dözməyəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin